RU

"Gələn il bizim üçün daha rahat olacaq" - Rəşad Sadıqov

style='margin-bottom:10px;'>

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 33-cü turunda "Araz-Naxçıvan"a məğlub olduqları matç (2:3) haqda danışıb.

QOL.az "sportal.az"a istinadən xəbər verir ki, baş məşqçi futbolçularının meydandakı əzmkarlığını xüsusi vurğulayıb:

"Mövsümün son oyunu idi və həqiqətən də avrokuboklara şansımız qalmadığı üçün bu matça köklənmək çox çətin oldu. Buna baxmayaraq futbolçularımız əzmkar oyun nümayiş etdirdilər. Bugünkü matç iddia qalmasa belə, olduqca maraqlı keçdi. Bu gün qələbə də qazana bilərdik, lakin sadə səhvlərdən qollar buraxdıq. Mövsümü artıq bitirdik, indi yalnız gələcəyi düşünmək lazımdır. Üç cəbhədə sona qədər mübarizə aparsaq da, təəssüf ki, hər birində son anda nəticəni əldən verdik. Əsas olan odur ki, futbolçular əzmkar oynadılar. Alınmayan məqamlardan isə mütləq düzgün nəticə çıxarmalıyıq. Bütün kollektivimizə, azarkeşlərimizə və rəhbərliyimizə dərin minnətdarlığımı bildirirəm".

Çempionatı necə dəyərləndirərdiniz?

- Mükafatçıları və hamını təbrik edirəm. Avrokuboklarda iştirak edəcək komandalara uğurlar arzu edirəm, onların hər biri buna tam layiq idi. Çempionatla bağlı bəzi məyus edən tərəflər də var idi. Məyus edən məqamlar meydançalar, oyunların fərqli-fərqli stadionlarda olması, bir komandanın ev stadionu kimi 3-4 arenadan istifadə etməsidir. Hazırda biz məğlub olan tərəfik. Bu mövzuda daha ətraflı danışmağı planlaşdırırdım. İstədiyimiz nəticəni əldə etmədiyimizə görə danışmayacam. Fərqli anlaşılmasını istəmirəm.

- İlk iki qolla bağlı fikriniz necədir?

- Aydın Bayramov özü də çox yaxşı başa düşür ki, ilk qol onun məsuliyyətidir. Amma onu da qeyd edim ki, Patrik Andrade çox ağıllı zərbə vurdu. İkinci qoldan isə ümumiyyətlə baş açmadım. VAR baş hakimi çağırdı, amma o, öz qərarında qaldı. Sonuncu dəfə bizdə belə bir hal yaşananda uzun müddət müzakirə mövzusu olmuşdu və hakim cəzalanmışdı. Görək bugünkü epizodla bağlı şərhlər və izah necə olacaq. Bu oyunda və "Sumqayıt"la matçda qaçırdığımız epizodlar və buraxdığımız qollar bütün mövsümün göstəricisidir. Bir çox qarşılaşmalarda keçən ilkindən daha yaxşı oynayırdıq. Amma bunu nəticəyə çevirə bilmirdik. Bizdə nəticəyə baxılır. Eyni oyunu oynayırsan. Nəticə varsa, hər şey əladır, olmayanda isə pisdir. Buna görə də oyunu dərindən təhlil etmək istəmirəm.

- Bir açıqlamanızda demişdiniz ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan 4 komandadan üçündə əcnəbi baş məşqçi var, yalnız siz yerli məşqçisiniz. Avrokuboklara gedən klubların üçünü əcnəbi mütəxəssis çalışdırır. Çempionata baxanda əcnəbi baş məşqçi amilinin nə dərəcədə rol oynadığını düşünürsünüz?

- Bu məşqçilərin gəldiyi klublar ambisiyalı klublardır. İstər "Sabah" olsun, istər "Neftçi". Hər ikisində də klub rəhbərliyi böyük işlər görüb. "Turan Tovuz"a gəldikdə, Kurban Berdiyevdən öncə Ayxan Abbasov orada çox ciddi işlər görmüşdü. Orada uğurlu olan məqam odur ki, hər iki məşqçinin oyun sistemi, fəlsəfəsi oxşardır. Kurban Berdiyev də öz təcrübəsini qataraq, yeni transferlər edərək komandanı yeni səviyyəyə çıxardı. Amma deyə bilmərik ki, legioner məşqçilər gələndən sonra daha fərqli şeylər oldu. Klub rəhbərləri çox ciddi işlər görür. Təbii ki, məşqçinin rolu var. Amma klubun gördüyü işləri də danmaq olmaz. Hər klub çox ciddi seleksiya aparır. Xüsusilə də iddialı klublar. "Sumqayıt"da, "Araz-Naxçıvan"da, "Turan Tovuz"da, "Sabah"da, "Neftçi"də, "Qarabağ"da ciddi seleksiya gedib. Bunu edən, vəsait ayıran, məşqçilərə şəraiti yaradan klub rəhbərləridir. Əvvəlki illərə baxsaq, görərik ki, seleksiyaya o qədər də pul ayrılmırdı. Bu gün klubunun rəqabətə tap gətirməsi üçün hamı əlindən gələni edir. İnanıram ki, bu il ən azı üç klubumuz pley-off oynayacaq.

- Bir klub prezidenti demişdi ki, avrokuboklarda maliyyə əsas rol oynayır. 25-30 milyonluq üç klubumuz var. Onlarla rəqabətdə avrokuboklara vəsiqə qazanmaq çətinləşmir?

-  Çətin olmasına çətindir. Ən vacib olan yay fasiləsində seleksiyada uduzmamaqdır. Başa düşürük ki, "Sumqayıt" və "Araz-Naxçıvan" yenə iddialı olacaq. Gələn il bizi daha da rəqabətli çempionat gözləyir. Biz də əlimizdən gələni edəcəyik ki, bu rəqabətə tab gətirək və avrokuboklara vəsiqə qazanan. Uzun illərdir ki, Azərbaycan çempionatda əsas hədəf avrokuboklara qatılmaqdır. Son iki ildə ikinci olmuşuq, Konfrans Liqasında pley-offa gədər getmişdik. Bu da rəqiblərdə bizə qarşı məsuliyyəti artırırdı. Bu, normal haldır. Düşünürəm ki, bəlkə də gələn il bizim üçün daha rahat olacaq.

- Klub rəhbərliyi bu gün oyunu stadiondan canlı izləyirdi. Sizcə, növbəti mövsümdə də bu dəstək davamlı olacaq?

- Orxan Məmmədov futbolu çox sevir. Bu klub 12 ildir fəaliyyət göstərir və son 6 ildə mən də buradayam. Orxan müəllim, nəticələr pis olanda da komandanı tənqid etməyib, müzakirələrimiz olub, amma kiminsə üzərinə həddindən artıq getməyib. Kubokun finalında məğlub olanda da meydana düşüb futbolçuları təbrik etdi. O, daim komandanın yanındadır. Orxan müəllimdə böyük futbol təfəkkürü var. Onlara təşəkkür edirəm, biz əlimizdən gələni etdik, sadəcə bəzi məqamlar çatmadı ki, istədiyimizə nail olaq.

Избранный
5
5
teleqraf.com

8Источники