BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yaxın Şərqdə diplomatik təmaslar intensivləşməkdə davam edir. İran və Misir arasında keçirilən son yüksək səviyyəli danışıqda regional gərginlik, davam edən diplomatik proseslər və mümkün həll yolları əsas müzakirə mövzularından biri olub.
TurkicWorld xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Misirin xarici işlər naziri Bədr Əbdülati ilə telefon danışığı keçirərək Pakistanın vasitəçiliyi ilə aparılan son danışıqları müzakirə edib.
Məlumata görə, İranın yarı-rəsmi xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, Abbas Əraqçi bundan əvvəl Qatarın baş naziri və Oman xarici işlər naziri ilə də telefon danışığı aparıb. Bu təmaslar Pakistan ordusunun rəhbəri Asim Munirlə Tehranda keçirilmiş görüşlərdən sonra baş tutub.
Mənbələrə əsasən, ABŞ və İran arasında aparılan danışıqlarda əsas diqqət Hörmüz boğazında vəziyyət, İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqlar və sanksiyaların yumşaldılması məsələlərinə yönəlib.
Müşahidəçilər hesab edirlər ki, son diplomatik təmaslar regionda gərginliyin azaldılması və mümkün siyasi həll mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addımlar kimi qiymətləndirilə bilər.