RU

İqlim dəyişikliyinin əsas səbəbi budur Ekoloq

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son aylar ərzində Azərbaycanda, xüsusilə Bakı və Abşeron yarımadasında müşahidə olunan intensiv yağışlar ciddi fəsadlara səbəb olub. Güclü yağıntılar nəticəsində küçə və prospektlərdə su basmaları yaranıb, nəqliyyatın hərəkəti çətinləşib, bir sıra ərazilərdə infrastruktur zərər görüb.

Rəsmi məlumatlara görə, Bakıda və Abşeron yarımadasında sutka ərzində düşən yağıntının miqdarı 116 mm qeydə alınıb ki, bu da aylıq normanın 589%-ni təşkil edib. Meteoroloqlar belə anomal hava hadisələrinin son illərdə daha tez-tez müşahidə olunduğunu və bunun iqlim dəyişiklikləri ilə əlaqəli ola biləcəyini bildirirlər. Mütəxəssislər hesab edir ki, intensiv yağıntılar şəhər infrastrukturunun ekstremal hava şəraitinə davamlılığı məsələsini yenidən gündəmə gətirib. Baş verənlər həm ekoloji, həm də urbanizasiya problemlərinin daha dərindən araşdırılmasını zəruri edir.

Sözügedən mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Axar.az-a açıqlamasında bildirib ki, iqlimdə artıq ciddi dəyişikliklər baş verir və illik orta qlobal temperatur 1,5 dərəcə həddini keçib və 2 dərəcəyə doğru yaxınlaşır:

“Bu, dünya üzrə orta temperatur göstəricisidir və ciddi narahatlıq doğurur. İqlim dəyişiklikləri ilə bağlı keçirilən beynəlxalq görüşlərin, COP sammitlərinin, o cümlədən 2024-cü ildə keçirilən COP29-un əsas məqsədi iqlimdə baş verən dəyişikliklərin təsirini azaltmaqdır.

Artıq sənaye və texnologiyanın inkişafı elə səviyyəyə çatıb ki, 10 il əvvəl gündə 80-85 milyon barrel neft istehlak olunurdusa, hazırda bu rəqəm 105 milyon barrelə çatıb və artım davam edir. Ətrafımızda baş verən müharibələrin əsas səbəblərindən biri də neft amilinə nəzarət məsələsidir.

Xüsusilə İranla ABŞ arasında yaşanan gərginliklər və digər proseslər də əsasən neft üzərində qurulub. Bu isə onu göstərir ki, gələcəkdə də neft istehlakı artmaqda davam edəcək. Nəticədə atmosferə atılan karbon qazının miqdarı da artır. Gündəlik 105 milyon barrel neft istehlakı böyük həcmdə karbon qazının yaranmasına səbəb olur. Hər litr yanan neft orta hesabla 2,5 kiloqrama qədər karbon qazını atmosferə buraxır.

Bununla yanaşı, azot oksidləri və digər zərərli qazlar da ətraf mühitə atılır. Bütün bu proseslər temperatur artımının davam edəcəyini göstərir. İnkişaf etmiş ölkələr texnoloji inkişafı dayandırmaq və ya istehsalı azaltmaq niyyətində deyillər”.

Ekoloqun sözlərinə görə, bu proseslərin nəticələrini isə artıq son illərdə müşahidə edirik:

“Xüsusilə intensiv yağışların artması, hava şəraitindəki kəskin dəyişikliklər bunun göstəricisidir. Məsələn, may ayında temperaturun qısa müddətdə 30 dərəcəyə qalxması qeyri-adi və ciddi hadisə hesab olunur. Temperaturun artması buxarlanmanın həcmini artırır. Xüsusilə may ayında havanın bu qədər isinməsi, temperaturun 30 dərəcəni keçməsi normal hal deyil. Çünki may ayı üçün xarakterik orta temperatur 20-25 dərəcə arasında olur.

Yəni biz hələ yaya tam keçməmişik, yazın son aylarını yaşayırıq və hava adətən mülayim keçir. Daha sonra iyul və avqust aylarında yay istiləri gəlir. İqlimin normal formalaşması da bu cür olur. İndi isə temperaturun qəfil artması buxarlanmanı sürətləndirir. Buxarlanmanın artması isə intensiv yağışların yaranmasına şərait yaradır. Sürətli buxarlanma nəticəsində güclü və qısamüddətli yağışlar müşahidə olunur. Son günlər regionlarda da - Gəncədə, Naxçıvanda, Zaqatala, Balakən, Şəki və digər rayonlarda həddindən artıq güclü yağışlar yağıb. Bu isə artıq iqlim normalarının dəyişdiyini göstərən göstəricilərdir.

Artıq biz bu iqlim şəraitinə uyğunlaşmalıyıq. Rütubətlilik artıb. Bunun müsbət tərəfi isə odur ki, çaylarda suyun səviyyəsi yüksəlib. Çünki son illərdə baş verən quraqlıqlar səbəbindən su ehtiyatlarımız demək olar ki, tükənmək üzrə idi. Azərbaycan Qafqaz regionunda su ehtiyatları ən az olan ölkələrdən biridir və buna görə də, su ehtiyatlarının azalması ciddi problem yaradırdı. Lakin bu il yağıntıların artması nəticəsində su anbarları dolub, çaylarda su səviyyəsi yüksəlib".

Sadiq Həsənov Kür çayında normal su sərfinin adətən saniyədə 410-430 metr olduğunu, lakin hazırda isə bu göstəricinin 740-800 metr saniyəyə çatdığını deyir:

“Bu isə təxminən 50 faizə qədər artım deməkdir və kifayət qədər yüksək göstəricidir. Düşünürəm ki, yay aylarında su problemi yaşanmayacaq. Eyni zamanda bu cür temperatur artımı yayda isti hava dalğalarının müddətinin uzanacağını göstərir. İsti havalar daha uzun davam edə bilər və bunun nəticəsində payız mövsümündə yenidən intensiv yağışlar müşahidə oluna bilər.

İqlimdə baş verən dəyişikliklərin əsas səbəblərindən biri də atmosferə normadan artıq karbon qazının buraxılmasıdır. BMT-nin son hesabatına görə, karbon dioksid emissiyası artıq 37 milyard tona çatıb. Halbuki 1900-cü illərdə bu göstərici təxminən 3-4 milyard ton idi. Əslində, karbon dioksid bitkilərin və torpağın inkişafı üçün vacib qazdır. Lakin normadan artıq olması “istixana effekti” yaradır. Günəşdən gələn enerjinin Yer səthindən geri əks olunmasının qarşısını aldığı üçün bu da qlobal istiləşməyə səbəb olur”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
axar.az

1Источники