BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanda davam edən hərbi gərginlik fonunda insan itkiləri artmaqda davam edir. Son rəsmi məlumatlar ölkədə ölən və yaralananların sayında ciddi artımın qeydə alındığını göstərir.
TurkicWorld xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin gündəlik hesabatına əsasən, martın 2-dən etibarən İsrailin həyata keçirdiyi hücumlar nəticəsində azı 3 123 nəfər həyatını itirib.
Məlumatda qeyd olunur ki, hücumlar nəticəsində 9 506-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bildirilir ki, ölən və yaralananların sayının artması davam edən hərbi əməliyyatlarla əlaqədar dəyişə bilər.
Müşahidəçilər bildirirlər ki, bölgədə davam edən hücumlar humanitar vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə yaşayış məntəqələri, infrastruktur və mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır.
Son həftələr Livanın müxtəlif bölgələrində hava hücumlarının intensivliyinin artdığı və bəzi yaşayış məntəqələri üçün təxliyə xəbərdarlıqlarının verildiyi qeyd olunur.