RU

ADY-dən ilk bilet alan sərnişin qurumun öz əməkdaşıdır? - AÇIQLAMA

ADY-dən ilk bilet alan sərnişin qurumun öz əməkdaşıdır? - AÇIQLAMA

Azərbaycan Dəmir Yollarının (ADY) kassalarından Bakı-Tbilisi sürət qatarına ilk bilet alan xanım vətəndaşın görüntüləri media və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddia olunub ki, həman xanım əslində ADY-nin öz əməkdaşıdır və görüntülər "ucuz piar" məqsədilə yayılıb.

Bununla yanaşı, ADY-nin sözügedən reysdə icazə verilən əl baqajının həcmi ilə bağlı paylaşdığı məlumat fotoşəkli də tənqid hədəfinə çevrilib. Sosial şəbəkə istifadəçiləri və jurnalistlər fotodakı gənc oğlanın da ADY əməkdaşı olduğunu bildirərək, bunu işçilərin istismarı və qeyri-peşəkar təbliğat kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı AFN.az-ın sorğusunu cavablandıran ADY-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev bilet alan xanımın qurumun əməkdaşı olması barədə yayılan iddiaları qəti şəkildə təkzib edib:

"Azərbaycan Dəmir Yolları kifayət qədər ciddi qurumdur. Onun belə ucuz piara qətiyyən ehtiyacı yoxdur. Orada olan hansısa əməkdaş xanımın emosiyalarını telefonla çəkib. Belə yalan məlumatla xanımı da narahat edirlər. Bu cür xəbərləri dəqiqləşdirmək lazımdır. Mənim telefonum daim açıqdır, istənilən məlumatı dəqiqləşdirə bilərlər. Həmkarlarımız gərək maraqlanaydı".

Reklam xarakterli baqaj fotosuna gəlincə, B. Hacıyev fotodakı şəxsin həqiqətən də ADY əməkdaşı olduğunu təsdiqləyib və bunun qanunauyğun bir proses olduğunu vurğulayıb:

"O, fotostokdur. O şəkil Bakı-Tbilisi qatarı açılmamışdan əvvəl çəkilib, ADY-nin simasıdır, başqa reklam çarxlarında da çəkilən əməkdaşlarımızdan biridir. Bu, çox təbii bir prosesdir. Bilet alan şəxsin ADY-nin əməkdaşı olması ilə bağlı yalan məlumatla, bu məlumat arasında böyük fərq var. Bizim öz əməkdaşımızın öz reklamlarımızda çəkilməsi adi haldır".

Избранный
49
afn.az

1Источники