Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dünyada hökm sürən gərgin siyasi, iqtisadi, hətta hərbi atmosfer fonunda Azərbaycan qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin ən yüksək səviyyədə keçirildiyi stabil ölkə kimi öz nüfuzunu və beynəlxalq imicini durmadan artırmaqdadır. 176 ölkədən 5700-dən çox iştirakçının, yüksək səviyyəli dövlət rəsmilərinin, beynəlxalq qurum rəhbərlərinin qatıldığı WUF13 Ümumdünya Şəhərsalma Forumu bunun növbəti əyani sübutu oldu.
Bundan öncə okəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını(COP-29) uğurla təşkil edərək, xüsusilə də iqlim dəyişmələri, ekoloji problemlər, bərpa edilən enerji və s. bu kimi sahələrlə bağlı beynəlxalq əməkdaşlıq platformasında mühüm yerə malik olduğunu göstərdi.
Elə WUF13 çərçivəsində də ölkəmiz bu əməkdaşlığa sadiq qaldığını nümayiş etdirdi. Azərbaycan müasir şəhərsalma zamanı zəngin və qədim arxitektura ənənələri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən artıq kəndin yenidən inşa edilməsilə, eləcə də bərpa və quruculuq işlərinin aparılması zamanı ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilməsi, dayanıqlı infrastrukturun qurulması, “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyaları ilə özünün unikal təcrübəsini paylaşdı.
Üstəlik, Azərbaycan COP29-da olduğu kimi, bu tədbirdə də özünəməxsus təşəbbüslərlə çıxış etməklə, qlobal problemlərə fokuslanan forumlar keçirməklə vacib problemlərin həlli ideyalarına öz töhfəsini verdi və COP-29 kimi, WUF13-ün də qalıcı irsini yaratdı.\
Hər zaman olduğu kimi, Heydər Əliyev Fondu bu prosesdə olduqca aktiv şəkildə təmsil olundu. Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksək səviyyəli forum təşkil olundu.

Tədbirin yekununda qəbul edilmiş “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı kommünikedə təmiz hava məsələsinin Ümumdünya Şəhərsalma Forumunun gələcək sessiyalarının gündəliyində daimi mövzu kimi təsbit olunmasına çağırış edildi. Çünki şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası qlobal miqyasda həlli vacib olan, xüsusi yanaşma və səylər tələb edən mövzudur.
Azərbaycan istər böyük şəhərlərində, istərsə də işğaldan azad edilmiş və yenidən tikilən yaşayış məntəqələrində bu sahədə önəmli addımlar atır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən forumun kommünikesində qeyd edilən “Nəfəs alan şəhərlər” kriteriyasına həm iri şəhərlərimizin uyğun olması üçün görülən işlər, həm də yeni tikilən ərazilərimizdə ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilməsi gələcəyə ümidlə baxmağa əsas verir. Çünki bu yanaşmanın davamlı olması xüsusilə də vaxtilə xarabalığa çevrilmiş, indi isə quruculuq işləri aparılan işğalan azad edilən ərazilərimizdəki yaşayış məntəqlərimizin ekoloji baxımdan nümunəvi zonalar olmasına, eləcə də bu bölgəmizdə turizmin inkişafına şərait yaradır.

Hazırda Qarabağda gedən tikintilərlə paralel olaraq aparılan yaşıllaşdırma işləri ekoloji təmiz və “ağıllı şəhər” konsepsiyasına uyğun landşaft layihələri əsasında aparılır. Bu proses Ağdamda parklar salınmasından Xankəndi və ətraf ərazilərdə ekoloji və abadlıq layihələrinin həyata keçirilməsinə, Şuşada yaşıllaşdırma layihələrinin icrasına qədər bütün işğaladan azad edilən torpaqlarımızı əhatə edir.
Heydər Əliyev Fondu isə ümumilikdə ölkəmizdə ekoloji və yaşıllaşdırma layihələrilə təkcə torpaqlarımızın işğaldan azad edilməsindən sonra deyil, xeyli daha əvvəllərdən də məşğuldur. Hələ 2000-ci illərdə Heydər Əliyev Fondu tərəfindən geniş ağacəkmə kampaniyaları təşkil edilib. Bu kampaniyalar və xüsusilə Fondun “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində milyonlarla ağac, o cümlədən həmişəyaşıl ağaclar və dekorativ bitkilər əkilib.
Fondun həyata keçirdiyi ekoloji layihələr həmçinin, şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına, iqlim dəyişikliklərinin şəhərlərimizə mənfi təsirinin mümkün qədər azaldılmasına, ətraf mühitin qorunmasına töhfə verib.
Bu cür layihələrin gələcəkdə də icra olunacağı nəzərə alınsa, Heydər Əliyev Fondunun bundan sonra da ölkəmizdə ekoloji durumun yaxşılaşması, yaşıllaşdırma səviyyəsinin artırılması kimi mühüm sahələrə öz vacib töhfələrini verəcəyi heç bir şübhə doğurmur.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.