RU

Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi?

Dünən Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirildi.

Bu mötəbər beynəlxalq tədbir bir həftə ərzində şəhərsalma sahəsində qlobal müzakirələrə ev sahibliyi etdi və dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirdi.

Bəs ölkəmizdə baş tutan WUF13-də hansı mesajlar verildi? 

Milli Məclisin deputatı Tural Gəncəliyev "Cebheinfo.az"-a biıdirib ki, Azərbaycanda beynəlxalq şəhərsalma forumu uğurla keçirildi və başa çatdı: 

“Bu, ölkəmizin tarixində baş tutmuş ən önəmli və əhəmiyyətli tədbirlərdən biridir. Nəzərə alsaq ki, bu, BMT-nin - dünyanın ən böyük beynəlxalq təşkilatının nəzdində keçirilən forum və sessiya idi, onun həm Azərbaycan, həm də dünya üçün əhəmiyyəti olduqca böyükdür.

Azərbaycanda keçirilən forum onunla yadda qaldı ki, sessiyanın əsas mövzusu bütün dünyada evsizlikdən və mənzil şəraitinin ağır olmasından əziyyət çəkən insanlar üçün “Hamı üçün ev və mənzil, təhlükəsiz şəhərlər” məsələsi idi.

Bu gün şəhərlərin yalnız gözəl, böyük, estetik və gözoxşayan şəkildə tikilməsi kifayət deyil. Şəhərlər, eyni zamanda təhlükəsiz olmalı, böhranlara davamlılıq nümayiş etdirməli, su qıtlığı problemi yaşamamalı və enerji təhlükəsizliyi təmin edilməlidir".

Deputat əlavə edib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi layihələrlə bütün dünyaya sübut edib ki, yüksək şəhərsalma mədəniyyətinə, potensialına və qabiliyyətinə malikdir:

"Təkcə Şuşa, Laçın və Zəngilanda həyata keçirilən “Ağıllı kənd” və “Ağıllı qəsəbə” prinsiplərinə əsaslanan layihələr, eləcə də Kəlbəcərin yenidən qurulan şəhər mərkəzi buna bariz nümunədir.

Kəlbəcərin mənzərəsi sanki İsveçrənin və Avropanın Alp dağlarında yerləşən gözəl şəhərləri xatırladır. Müharibə nəticəsində şəhər və qəsəbələrimizin ciddi dağıntılara məruz qalmasına baxmayaraq, onların yenidən böyük həvəslə, ruh yüksəkliyi və əzmlə bərpa olunmasının şahidiyik". 

O qeyd edib ki, məhz Azərbaycanın dünyaya verdiyi önəmli mesajlardan biri təhlükəsiz şəhər konsepsiyası ilə bağlı idi:

"Bu gün elə meqapolislər var ki, böyük və inkişaf etmiş şəhərlər olsalar da, orada cinayətkarlıq və kriminal vəziyyət təhlükəli həddə çatıb. Əhalinin sayının durmadan artması isə iri şəhərlərdə həm mənzil problemi, həm su qıtlığı, həm də təhlükəsizlik məsələlərinin daha da kəskinləşməsinə səbəb olur.

WUF13 sessiyası həm də Azərbaycanın beynəlxalq tədbirlər silsiləsinin növbəti uğurlu davamı oldu. Çünki ölkəmiz artıq belə böyük tədbirlərin və beynəlxalq konfransların təşkili və keçirilməsi sahəsində ciddi təcrübəyə malikdir".

Onun sözlərinə görə, BMT-nin bu cür böyük tədbirinin Azərbaycanda keçirilməsi artıq bir neçə dəfə baş verib:

"Adətən belə beynəlxalq tədbirlər Qərb ölkələrində, böyük şəhərlərdə və inkişaf etmiş Asiya ölkələrində təşkil olunurdu. Artıq COP29, Şəhərsalma Forumu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, 2014–2015-ci illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi kimi faktlar ölkəmizin artan nüfuzunun göstəricisidir. Buna görə də bu hadisələri mən diplomatik və geosiyasi uğur kimi dəyərləndirirəm".

O bildirib ki, indiyədək keçirilən WUF sessiyalarında şəhərsalmanın bu qədər strateji təhlükəsizlik aspektlərinə toxunulmayıb:

“Bir daha qeyd etmək istəyirəm ki, təhlükəsiz şəhər anlayışı yalnız gözəl və eleqant binaların tikilməsi ilə məhdudlaşmır. Biz Yaxın Şərqdə, sonuncu İran–İsrail müharibəsi fonunda bunun şahidi olduq.

Gözoxşayan, kristal və şüşə fasadlı binalarla inşa edilmiş şəhərlərə baxmayaraq, müharibə şəraitində aydın oldu ki, su təhlükəsizliyi və elektrik şəbəkəsi kimi kritik infrastruktur obyektləri kiçik raket və ya dron hücumları ilə sıradan çıxarıldıqda, böyük şəhərlərə qoyulan trilyonlarla dollarlıq investisiyalar ciddi risk altına düşür.

Bu baxımdan, müasir şəhərsalmada infrastruktur təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycanda keçirilən forum da məhz təsadüfi deyil ki, bu mövzuları əsas müzakirə başlığı kimi seçib. Bu, yeni bir yanaşma və yeni bir istiqamətdir".

Deputat əlavə edib ki, bu forum həm şəhərsalma mədəniyyətində, həm də texnoloji yanaşmalarda Azərbaycanın beynəlxalq diqqət mərkəzində olduğunu bir daha göstərdi:

"Hesab edirəm ki, Azərbaycanda təşkil olunan bu forum bir daha göstərdi ki, şəhərsalma yalnız binaların tikilməsi deyil, eyni zamanda onların dayanıqlılığı, təhlükəsizliyi və funksional davamlılığı üzərində düşünməyi də tələb edir. Bu yanaşma müasir dövrdə getdikcə daha da aktual olacaq.

Bakıda keçirilən forum həm də yeni kreativ metodların və texnologiyaların şəhərsalmaya tətbiq olunduğunu nümayiş etdirdi. İştirakçıların çoxluğu və tədbirin Azərbaycanın Olimpiya Stadionu kimi böyük bir arenada keçirilməsi də sübut etdi ki, Azərbaycan artıq dünya şəhərsalma müzakirələrinin mərkəzlərindən birinə çevrilir". 

Избранный
16
1
cebheinfo.az

2Источники