RU

WUF13 Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması baxımından son dərəcə əhəmiyyətli idi - ŞƏRH

Bakı, 23 may, AZƏRTAC

Şəhər əhalisinin sayı durmadan artdığı üçün şəhərlər çoxsaylı problemlərlə üz-üzədir. Şəhərlərin nəzarətsiz genişlənməsi, nəqliyyat sıxlığının artması, habelə ekoloji tarazlığın pozulması baş verir ki, bu istiqamətdə dövlətlərdən və hökumətlərdən konkret, real addımlar tələb olunur. İqlim dəyişikliklərinin təsiri şəhərlərin təbii fəlakətlərə qarşı həssaslığını artırır, eyni zamanda, iqlimdən qaynaqlanan məcburi köçkün riskini də yüksəldir. Şübhəsiz ki, bu kimi amillər insanların rifahına təsir edir, planetin ekoloji davamlılığı üçün ciddi problemlər yaradır. Məhz bu məqamda dövlətlər səylərini birləşdirməli, ümumi evimiz olan planetin qorunması məqsədilə birgə addımlar atmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, urbanizasiya və iqlim dəyişiklikləri çağırışlarla yanaşı, davamlı şəhərlərin formalaşdırılması üçün yeni imkanlar da yaradır. Qlobal urbanizasiya ilə bağlı imkanlardan yararlanmaq üçün müxtəlif həll vasitələrinə investisiyalar qoyulur. Ayrı-ayrı təşkilatlar və institutlar urbanizasiya prosesinin karbonsuzlaşdırılmasına, resurslardan səmərəli istifadəyə, kompakt şəhərlərin qurulmasına və şəhərlərin dayanıqlılığının artırılmasına çalışırlar. Şübhəsiz ki, şəhərlərin transformasiyası iqtisadi inkişafı sürətləndirəcək, yeni iş imkanları yaradacaq, həyat keyfiyyətini yüksəldəcək, eyni zamanda, qlobal ekoloji sistemə də müsbət təsir göstərəcək. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası elə bir platformadır ki, dövlətlərin, müxtəlif təşkilatların, eləcə də fərdi təşəbbüskarların bu platformaya ehtiyac duyduğu aydın görünür.

“WUF kimi platformalar əlverişli mühitin formalaşdırılması məqsədilə təşkil edilir. Burada ideya mübadiləsi aparılır, təcrübələr paylaşılır. Həmçinin analitik alətlərdən istifadə etməklə uzunmüddətli investisiya imkanları araşdırılır. WUF13 qabaqcıl biliklərdən və ekspert düşüncələrindən faydalanmağa şərait yaratdı. Sessiyanın əsas sütunlarından biri də biliklə maliyyə arasında əlaqənin qurulmasıdır. Məqsəd şəhərlərin qlobal ekoloji faydaların əldə olunması üçün əsas mərkəzlərə çevrilməsidir. Davamlılıq və dayanıqlılıq proqramlarının inkişafı üçün maliyyə imkanlarından maksimum istifadə olunmalıdır. Azərbaycan da dünyada gedən bu tendensiyalardan kənarda qalmır və ilk dəfə deyil ki, belə irimiqyaslı tədbirlərə ev sahibliyi edir. COP29 və bundan əvvəl keçirilən bir çox beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili onu göstərir ki, şəhərsalma üzrə sayca 13-cü forumun Bakıda uğurla keçirilməsi Azərbaycanın təşkilati məsələlərdə qazandığı təcrübənin və uğurun göstəricisidir.

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində konseptual əsaslara söykənən çıxış etdi. Bu çıxışda dövlətimizin başçısı Azərbaycanın qədim tarixinə, milli-mənəvi dəyərlərinin zənginliyinə və tarixi yaddaşımızın qorunmasının vacibliyinə xüsusi vurğu etdi. Prezident bir daha bildirdi ki, Qarabağ və Şərqi Zəngəzuru qurub-yaratmaqla biz bu torpaqların əsl sahibinin kim olduğunu nümayiş etdiririk. Təkcə WUF13 keçirildiyi dövr baxımından deyil, həm də Cənubi Qafqazda cərəyan edən proseslərin intensivləşdiyi bir vaxtda bu çıxış xüsusi əhəmiyyət daşıyırdı. Ermənistanın şəhər və kəndlərimizi talan etməsinə baxmayaraq, Azərbaycan artıq həmin torpaqlarda geniş quruculuq və bərpa işləri həyata keçirir”, - deyə A.Badamov əlavə edib.

Deputatın sözlərinə görə, dayanıqlı inkişaf məqsədləri bölgə üzrə uğurla təmin olunur. Məhz buna görə Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonaları yaradılır, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları tətbiq edilir, insanların öz doğma yurdlarına qayıdışı üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması baxımından da son dərəcə əhəmiyyətlidir. Azərbaycan bu cür irimiqyaslı layihələrə uğurla ev sahibliyi etməklə yanaşı, beynəlxalq diqqəti regiona yönəltməyi də bacarır. Bu gün region dayanıqlı sülhün təmin olunması baxımından taleyüklü bir mərhələdən keçir. Belə bir dövrdə beynəlxalq ictimaiyyətin diqqətinin regionumuza yönəlməsi olduqca mühüm amildir. Odur ki, Prezident İlham Əliyev atdığı addımlar, həyata keçirdiyi siyasət və qəbul etdiyi qərarlarla təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Cənubi Qafqaz xalqlarının gələcəyinin yenidən formalaşdırılmasında təşəbbüskar lider kimi çıxış edir.

 

Избранный
27
azertag.az

1Источники