Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin UNEC-də ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Bu barədə UNEC-dən məlumat verilib.
Açılış mərasimində ISE-nin direktoru dosent İnara Rzayeva bildirib ki, simpoziumun əsas məqsədi qlobal çağırışlar fonunda innovativ yanaşmaları müzakirə etmək, elmi bilikləri bölüşmək və praktik həll yollarını birgə araşdırmaqdır. Tədbirdə təqdim olunacaq elmi araşdırmalar həm akademik mühitə, həm də real biznes və dövlət idarəçiliyinə mühüm töhfələr verəcək.
Qeyd olunub ki, simpoziumda Almaniya, Macarıstan, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Hindistan, Qazaxıstan, Latviya, Malayziya, Rusiya, Pakistan, İsveçrə, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna, Özbəkistan, Meksika, Mərakeş, Cənubi Koreya və digər ölkələr daxil olmaqla, ümumilikdə 30 ölkədən 144 yerli və xarici tədqiqatçı iştirak edir.
UNEC-in elm və innovasiyalar üzrə prorektoru professor Rövnəq Rzayev çıxışında bildirib ki, beynəlxalq simpoziumlar yalnız elmi fikir mübadiləsi platforması deyil, həm də qlobal iqtisadi çağırışların müzakirə olunduğu mühüm əməkdaşlıq məkanıdır. O qeyd edib ki, müasir dövrdə yaşıl maliyyə, ağıllı logistika, süni intellekt, rəqəmsallaşma və ESG prinsipləri artıq dünya iqtisadiyyatının əsas inkişaf istiqamətlərinə çevrilib. İqtisadiyyatın sürətlə transformasiya olunduğu bir dövrdə universitetlər və elmi-tədqiqat mərkəzlərinin yeni biliklərin, innovativ həllərin və dayanıqlı inkişaf modellərinin formalaşdırılmasındakı xüsusi roluna diqqət çəkən prorektorhəmçinin bildirib ki, bu kimi beynəlxalq platformalar elm, biznes və dövlət sektoru arasında əməkdaşlığın genişlənməsindəmühüm rol oynayır.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev isə çıxışında dayanıqlı inkişafın iqtisadiyyatın bütün sahələrində yeni yanaşmalar formalaşdırdığını bildirib. O qeyd edib ki, artıq biznes yalnız mənfəət gətirən struktur kimi deyil, həm də sosial məsuliyyət və innovativ inkişaf modeli kimi qiymətləndirilir. Məmməd Musayev universitetlərlə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsinin innovativ iqtisadiyyatın əsas şərtlərindən biri olduğunu vurğulayıb.
KOBİA DOST Mərkəzinin direktoru Anar Yusifzadə dayanıqlı və rəqəmsal biznes mühitinin formalaşdırılmasının müasir iqtisadi inkişafın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və innovativ idarəetmə yanaşmaları biznesin inkişaf trayektoriyasını müəyyən edən əsas amillərə çevrilib.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev çıxışında sağlamlıq turizminin Azərbaycanın qeyri-neft sektorunda strateji istiqamətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, ölkənin zəngin termal və sağlamlıq resursları, xüsusilə Naftalan və İstisu kimi unikal məkanlar beynəlxalq sağlamlıq turizmi bazarında böyük potensiala malikdir. Ruslan Quliyev rəqəmsal transformasiya və dayanıqlı əməkdaşlıq modellərinin bu sahənin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra "BRİGHTMAN BMC" MMC-nin təsisçisi və direktoru Afət Əhmədova Azərbaycan məhsullarının dünya bazarına ixar edilməsinin qeyri-neft sektorunun inkişafındakı əhəmiyyətindən danışıb, bu istiqamətdə təsisçisi olduğu şirkətin təcrübəsini bölüşüb.
"Logistics Management Solutions" (LMS) MMC-nin icraçı direktoru Sərxan Kərimov isə ölkə logistika sahəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat verib.
Simpozium ESG prinsipləri, yaşıl maliyyə, süni intellekt əsaslı biznes modelləri, davamlı logistika, rəqəmsal transformasiya, innovasiya ekosistemləri, ağıllı şəhərlər, dayanıqlı təchizat zəncirləri, yaşıl enerji siyasəti, dekarbonizasiya, data analitikası, dayanıqlı turizm və süni intellektin iqtisadiyyata təsiri kimi mövzular üzrə panel və paralel sessiyalarla davam edib.
Sessiyalarda UNEC, ADA Universiteti, "SOCAR Green", Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti ilə yanaşı, Almaniya, Hindistan, Banqladeş, Mərakeş, Pakistan, Macarıstan, Kosta-Rika və digər ölkələrin universitet və tədqiqat mərkəzlərinin nümayəndələri məruzələrlə çıxış ediblər.
Simpozium çərçivəsində iştirakçılar arasında yeni akademik və biznes əməkdaşlıqlarının qurulması, birgə tədqiqat təşəbbüslərinin genişləndirilməsi və dayanıqlı inkişaf istiqamətində beynəlxalq tərəfdaşlıqların formalaşdırılması məsələləri də müzakirə olunub.