RU

Azərbaycanın WUF təcrübəsi: Layiqli təmsilçilik

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi keçirilib. 

Mərasimdə Azərbaycan hökumətinin rəsmiləri, BMT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrdən gəlmiş nümayəndə heyətləri, eləcə də şəhərsalma və urbanistika sahəsində ekspertlər iştirak ediblər.

"Cebheinfo.az"-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin  üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, WUF13 qismində beynəlxalq səviyyəli mötəbər tədbirlərin təşkili yüksək idarəetmə bacarığına, təhlükəsizlik təminatına, geniş logistika və kommunikasiya imkanlarına malik olan, eyni zamanda, beynəlxalq müstəvidə etibar qazanmış dövlətlərə həvalə edilir:

"Azərbaycanın son illərdə ardıcıl şəkildə qlobal tədbirlərə uğurlu ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun və kommunikasiya imkanlarının əhəmiyyətli dərəcədə artdığını göstərir. Bu etibarın və səriştənin nəticəsidir ki, Azərbaycan WUF-u platformanın mövcud olduğu dövrdə ən yüksək formada təşkil etdi. 

182 ölkədən 40 mindən çox iştirakçının, siyasətçinin, ekspertin, beynəlxalq təşkilat rəhbərinin, jurnalistin və urbanizasiya mütəxəssislərinin WUF13 üzrə qeydiyyatdan keçərək Bakıya gəlməsi ölkəmizin beynəlxalq imicinə ciddi təsir göstərir. 

Tədbir müddətində xarici qonaqlar Azərbaycanın müasir nəqliyyat infrastrukturu, təhlükəsizlik mühiti, rəqəmsal idarəetmə imkanları, urban inkişaf modeli və multikultural cəmiyyəti ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Bu isə ölkəmiz haqqında daha obyektiv və realist təsəvvürün yaranmasına şərait yaradır". 

O qeyd edib ki, diqqətçəkən məqamlardan biri də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi bərpa-quruculuq layihələrini WUF13 çərçivəsində beynəlxalq auditoriyaya təqdim etməsidir:

"Bu regionlarda gerçəkləşdirilən  “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, ekoloji şəhərsalma modelləri, rəqəmsal idarəetmə mexanizmləri artıq beynəlxalq urbanizasiya gündəliyinin aktual nümunələri sırasında görünür. 

Forum ölkəmizə əlavə investisiya axını gətirmək, turizm, xidmət, nəqliyyat, hotelçilik, o cümlədən, vətəndaş cəmiyyəti sektorunda  aktivliyi artırmaq baxımından da əhəmiyyətlidir. Qeyd edilən istiqamətlər üzrə milli  subyektlərə  beynəlxalq tərəfdaşlarla əlaqə qurmaq, yeni əməkdaşlıq imkanları əldə etmək imkanı qazandırdı. 

Bu kontekstdə yanaşsaq, WUF13 Azərbaycanın media və QHT sektoru üçün də xeyli imkanlar yaratdı. Media subyektlərimiz, jurnalistlərimiz həm Forumu detallı şəkildə işıqlandırdılar, həm də Azərbaycanın WUF üzrə töhfələrini dünya ictimaiyyətinə çatdıra bildilər.

 Milli QHT-lər də xeyli fəallıq nümayiş etdirdilər. Forumun işində aktiv iştirak etməklə, həmçinin yan tədbirlər və  təqdimatlarla prosesə əhəmiyyətli dərəcədə töhfə verdilər. Paralel olaraq, xaricdən gələn QHT və media təmsilçiləri ilə səmərəli əlaqələr qurdular. 

WUF13-ü uğurlu formada təşkil etməklə  Azərbaycan bir daha nümayiş etdirdi ki, o, beynəlxalq münasibətlər sistemində layiqli təmsilçilik bacarıqlarına sahib olan qüdrətli dövlətdir". 

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
cebheinfo.az

2Источники