RU

“Qız qalası”nın görünməyən üzü: “Telegram mafiyası” və informasiya təxribatı

Son dövrlər sosial şəbəkələrdə və xüsusilə teleqram platformasında fəaliyyət göstərən bəzi kanalların Azərbaycana qarşı yönəlmiş informasiya kampaniyalarında daha fəal iştirak etməsi diqqət çəkir. Özlərini “müstəqil media”, “ifşa platforması” və ya “vətənpərvər resurs” kimi təqdim etməyə çalışan bu şəbəkələrin bir hissəsi əslində ölkəmizin maraqlarına zidd fəaliyyət göstərən koordinasiyalı informasiya qruplarıdır.

Belə platformalardan biri də “Qız qalası” teleqram kanalıdır.

Son günlər kanalın fəaliyyəti ilə bağlı yeni faktlar da üzə çıxıb. Belə ki, “BT News” kanalının müəllifi Asif Bayramov “Qız qalası”nın anti-Azərbaycan fəaliyyətini tənqid etdikdən sonra, ona qarşı hücumlar başlayıb. Hətta kanalın admini Sədat Quliyev Bayramovu və ailəsini ölümlə təhdid edib.
 

Araşdırmalarımız nəticəsində məlum olub ki, “Qız qalası” təkcə bir teleqram kanalı deyil, müxtəlif anonim səhifə və resurslardan ibarət koordinasiyalı şəbəkədir. Həmin şəbəkənin əsas fəaliyyəti Azərbaycanda ictimai rəyə təsir etmək, daxili parçalanma yaratmaq və ölkənin beynəlxalq imicinə zərbə vurmaqdan ibarətdir.


“Vətənpərvər” görüntüsü altında informasiya savaşı

Ən diqqətçəkən məqamlardan biri isə budur ki, bu platformalar uzun müddət özlərini radikal “vətənpərvər” və “anti-Ermənistan” xəttinin daşıyıcısı kimi təqdim ediblər. Lakin yayılan materialların məzmunu göstərir ki, nəticə etibarilə onların fəaliyyəti məhz Ermənistan revanşizminin maraqlarına xidmət edən narrativlərin yayılmasına gətirib çıxarır.

Bir tərəfdən Azərbaycanı “sülhə getməkdə” ittiham edən, digər tərəfdən isə erməni auditoriyasına hesablanmış emosional və aqressiv paylaşımlar edən bu kanal regionda gərginliyin davam etməsində maraqlı olan dairələrin informasiya alətinə çevrilib.

WUF13-ə qarşı qarayaxma kampaniyası

Bu tendensiya xüsusilə Ümumdünya Şəhərsalma Forumunun – WUF13 tədbirinin açılış günü özünü daha açıq göstərdi. Həmin gün Bakıda müşahidə olunan güclü yağış səbəbindən şəhərin bəzi hissələrində çətinliklər yaransa da, bir çox media qurumu məsələyə məsuliyyətli yanaşmağa çalışdı.
 

Lakin “Qız qalası” və onunla əlaqəli səhifələr tam əks mövqe nümayiş etdirdi. Kanal yağış səbəbindən çətin vəziyyətlə üzləşən vətəndaşların görüntülərini paylaşaraq məsxərəedici və alçaldıcı paylaşımlar etdi. Bununla kifayətlənməyən şəbəkə WUF13 kimi Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıyan tədbiri hədəfə alan kampaniyaya başladı.


Əslində burada məsələ yağış və ya şəhər infrastrukturu ilə bağlı tənqid deyildi. Söhbət Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirin gözdən salınmasına yönəlmiş məqsədli informasiya hücumundan gedirdi. Xüsusilə nəzərə almalıyıq ki, sözügedən kanal rus dilində fəaliyyət göstərir. Yəni paylaşımlar daha çox xarici auditoriyaya hesablanıb. Belə bir mötəbər tədbirin açılış günündə bütün fəaliyyətini tədbirə kölgə salmağa yönəltmək isə açıq şəkildə sifarişli qarayaxma kampaniyasının göstəricisidir. 

Sülh mövzusu üzərindən manipulyasiya

“Qız qalası”nın fəaliyyətində diqqət çəkən başqa bir məqam isə Ermənistan mövzusunun sistemli şəkildə manipulyasiya alətinə çevrilməsidir. Kanalın paylaşımlarının böyük hissəsi Ermənistan, Qarabağ, sülh prosesi və regiondakı münasibətlərlə bağlıdır.

İlk baxışdan bu materiallar “anti-Ermənistan” xətti kimi təqdim edilsə də, istifadə olunan dil və seçilən mövzular əks effekt yaradır. “Qız Qalası” guya əks-təbliğatla məşğul olduğu görüntüsünü yaratmağa çalışır. Ancaq əslində revanşist dairələrin tezisləri tənqid formasında geniş auditoriyaya tirajlanır. Üstəlik, sülh gündəliyi inkişaf etdikcə bu kampaniya daha geniş vüsət alır.

Nifrət ritorikasının körüklənməsi və sülh prosesinə qarşı aqressiv münasibətin təşviqi nəticə etibarilə regionda normallaşmaya qarşı çıxan qüvvələrin maraqlarına xidmət edir.

Təhdidlər və “telegram mafiyası”

Sözügedən şəbəkə təkcə ölkəmizə qarşı fəaliyyətlə məşğul deyil. Onlar iç üzlərini ifşa edən, tənqid edən şəxsləri də hədəf alır, izləyir, şantaj edirlər. Hətta həmin şəxslərin özləri və ailələri də ölümlə hədələnir.

Asif Bayramovun açıqlamaları və təqdim etdiyi faktlar bunun bariz sübutudur. O, “Qız Qalası”nın təxribatçı paylaşımlarını təhdid etdiyinə görə təhqirlərə, hədələrə məruz qalıb. Diqqətçəkən məqam isə odur ki, bu hücumlar yalnız bir nəfər tərəfindən edilmir. Sistemli şəkildə, şəbəkə tərəfindən şəxslər və ailələri hədəf alınır.

Həmin şəxslər illər əvvəl silinmiş şəxsi məlumatları belə toplayaraq sonradan təzyiq vasitəsinə çevirməyə çalışıblar. Bu isə sistemli informasiya təxribatı və psixoloji təzyiq mexanizminin elementləridir.

Xaricdən idarə olunan informasiya şəbəkələri təhlükəsi

Sirr deyil ki, müasir dövrdə informasiya məkanı artıq ənənəvi media sərhədlərini çoxdan aşıb. Anonim teleqram kanalları, koordinasiyalı sosial media şəbəkələri və manipulyativ kontent vasitəsilə ictimai rəyə təsir göstərmək cəhdləri kifayət qədər çoxdur.
 

Bu baxımdan “Qız qalası”nın fəaliyyəti onu göstərir ki, informasiya təhlükəsizliyi məsələsi təkcə texniki və ya media problemi deyil, həm də təhlükəsizlik məsələsidir.


Özünü “vətənpərvər platforma” kimi təqdim edib, eyni zamanda Azərbaycanın beynəlxalq tədbirlərini hədəfə almaq, cəmiyyətdə nifaq yaratmaq, revanşist ritorikanı tirajlamaq və vətəndaşlara qarşı təhdid kampaniyalarının aparılması ciddi narahatlıq doğurur. Bu cür şəbəkələrə qarşı hüquqi tədbirlərin görülməsi ilə yanaşı vətəndaşların diqqətli olması, informasiya manipulyasiyalarına aldanmaması da olduqca vacibdir.

Bizim.Media-nın analitik qrupu

Избранный
11
1
bizim.media

2Источники