“İnkişaf üçün Maliyyə” BOKT MMC və ya “FinDev”in 2025-ci il üzrə xalis mənfəəti illik müqayisədə 26,3% artaraq 866 min manat təşkil etmişdir. Halbuki, 2024-cü ildə 685 min manat xalis mənfəət əldə etmişdi.
Banker.az xəbər verir ki, mənfəətin bu dinamikası, əsasən faiz gəlirlərinin artması və kredit portfeli üzrə əvvəllər ayrılmış ehtiyatların bərpası hesabına gəlirlərin yüksəlməsi dəstəklənib.
Hesabat dövründə “İnkişaf üçün Maliyyə” MMC-nin xalis faiz gəlirləri illik 12,6% artaraq 3 milyon 390 min manata çatmış, ümumi inzibati və əməliyyat xərcləri isə illik 2% artımla 2 milyon 251 min manat olmuşdur.
Təşkilatın cəmi aktivləri 2025-ci ilin sonunda 12,314 milyon manata yüksələrək illik 8,9% artım göstərmişdir. Aktivlərin strukturunda əsas yeri tutan müştərilərə verilmiş kredit portfeli 10,971 milyon manat təşkil etməklə illik 7,0% artım nümayiş etdirmiş və cəmi aktivlərin təxminən 89%-ni təşkil etmişdir.
BOKT-un kredit portfelində istehlak kreditləri dominant mövqeyini qoruyaraq 6 milyon 621 min manata çatıb və illik 29,6% artım nümayiş etdirib. Ticarət sektoru üzrə kreditləşmə 18,5% artaraq 880 min manat təşkil etsə də, kənd təsərrüfatı və xidmət sektorlarında geriləmə müşahidə olunub. Kənd təsərrüfatı portfeli 32,6% azalaraq 661 min manata, xidmət sektoru üzrə kreditlər isə 17% azalaraq 3 milyon 470 min manata enib.
Portfelin ümumi keyfiyyəti gözlənilən kredit zərərləri üçün ayrılmış 460 milyon manatlıq ehtiyatla qorunur. Bu ehtiyatlar nəzərə alındıqdan sonra BOKT-un xalis kredit portfeli 10,97 milyon manat həcmində formalaşıb.
Cəmi öhdəliklər 2025-ci ildə 4,2% artaraq 3,392 milyon manata, cəmi kapital isə 10,7% artaraq 8,921 milyon manata çatmışdır. Bölüşdürülməmiş mənfəətin həcmi 2025-ci ilin sonunda 8,169 milyon manat təşkil edərək, ötən illə müqayisədə 11,8% artmışdır. “FinDev” təşkilatın borc alınmış vəsaitləri tamamilə “Paşa Bank”dan cəlb edilmişdir. BOKT-nin banka cəmi borc öhdəlikləri 2 milyon 903 min manat təşkil etmişdir.
“FinDev”in nizamnamə kapitalı 300 min manat səviyyəsində dəyişməz qalıb. Təşkilatın yeganə səhmdarı Britaniyanın humanitar yardım və yoxsulluqla mübarizə ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır “Oxfam”dır. BOKT-nin 11 filialı var.