ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi post-münaqişə dövrünün ən ağır humanitar, təhlükəsizlik və inkişaf problemlərindən biri olaraq qalır.
Bu problem artıq yalnız hərbi təhlükə deyil, eyni zamanda regionun gələcək sosial-iqtisadi inkişafına, əhalinin geri dönüş prosesinə və dövlətin strateji bərpa siyasətinə təsir edən mühüm siyasi və humanitar çağırışdır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov tərəfindən səsləndirilən rəqəmlər problemin miqyasını aydın şəkildə ortaya qoyur. İşğal nəticəsində 11 min kvadrat kilometrdən artıq ərazinin mina və partlamamış hərbi sursatlarla çirkləndiyi bildirilir ki, bu da dünyanın ən geniş mina çirklənməsi zonalarından biri hesab olunur.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, mina problemi təkcə fiziki təhlükə yaratmır. Bu problem insanların doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtmasını ləngidir, kənd təsərrüfatının bərpasına mane olur, kommunikasiya və infrastruktur layihələrinin icrasını çətinləşdirir, bütövlükdə isə regionun iqtisadi reinteqrasiyasını gecikdirir.
Onun sözlərinə görə, “Azərbaycanın post-münaqişə mərhələsində həyata keçirdiyi ‘Böyük Qayıdış’ proqramı məhz təhlükəsizliyin təmin olunması ilə birbaşa bağlıdır. Ərazilərin minalardan tam təmizlənməməsi bu strateji proqramın icra sürətinə ciddi təsir göstərir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, ‘ağıllı kənd’ və ‘ağıllı şəhər’ layihələrinin həyata keçirilməsi, yolların, hava limanlarının, elektrik və su infrastrukturunun qurulması genişmiqyaslı mühəndis və tikinti işləri tələb edir. Lakin mina təhlükəsi bu layihələrin hər mərhələsində əlavə risk yaradır. Hər bir tikinti layihəsi başlamazdan əvvəl ərazilərin xüsusi texniki vasitələrlə yoxlanılması və təmizlənməsi zərurəti vaxt itkisinə və əlavə maliyyə xərclərinə səbəb olur. Bu isə iqtisadi baxımdan bərpa prosesinin dəyərini artırır”.
Politoloq bildirib ki, mina çirklənməsi kənd təsərrüfatına da ciddi zərbə vurur. Qarabağ və Şərqi Zəngəzur regionu Azərbaycanın ən məhsuldar kənd təsərrüfatı zonalarından biri hesab olunurdu. Uzun illər istifadəsiz qalmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ölkənin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin geniş ərazilərin minalanması fermerlərin fəaliyyətini məhdudlaşdırır, torpaqdan istifadə imkanlarını azaldır və kənd təsərrüfatı investisiyalarını risk altına salır. Bu isə regionun iqtisadi potensialının tam reallaşmasına mane olur.
Politoloq qeyd edib ki, problemin ən ağır tərəfi humanitar aspektdir. Müharibədən sonra mina partlayışları nəticəsində onlarla insan həlak olub və ya ağır yaralanıb. Mina təhlükəsi təkcə hərbçilər üçün deyil, mülki şəxslər, jurnalistlər, tikinti işçiləri və doğma yurdlarına qayıdan sakinlər üçün də real təhlükə olaraq qalır. İnsanların psixoloji təhlükəsizlik hissinin formalaşması üçün ilk növbədə həmin ərazilərin təhlükəsiz olduğuna dair ictimai inam yaranmalıdır. Əks halda, dövlətin həyata keçirdiyi köç proqramlarına baxmayaraq, bəzi ailələrin geri dönüş qərarını gecikdirməsi mümkündür.
“Mina problemi eyni zamanda ciddi siyasi və beynəlxalq hüquq məsələsidir. Azərbaycan uzun müddətdir ki, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin tam və dəqiq şəkildə təqdim edilmədiyini bildirir. Verilən bəzi mina xəritələrinin qeyri-dəqiq olması isə əlavə insan itkilərinə və texniki çətinliklərə səbəb olur. Bu məsələ beynəlxalq platformalarda da dəfələrlə gündəmə gətirilib. Azərbaycan mina problemini regional təhlükəsizlik və humanitar böhran məsələsi kimi təqdim edərək beynəlxalq ictimaiyyətin diqqətini bu problemə yönəltməyə çalışır”, – deyə Nicat İsmayılov bildirib.
Politoloqun fikrincə, mina təhlükəsinin uzunmüddətli sosial-iqtisadi nəticələri də kifayət qədər ciddi ola bilər. Əgər ərazilərin tam təmizlənməsi uzun illər davam edərsə, bu, regionda demoqrafik bərpanın ləngiməsinə səbəb ola bilər. İnsanların daimi məskunlaşması gecikər, iqtisadi aktivlik zəifləyər və investisiya cəlbediciliyi aşağı düşər. Xarici investorlar üçün təhlükəsizlik amili əsas prioritetlərdən biri olduğundan mina problemi beynəlxalq investisiyaların həcminə də təsir göstərə bilər.
Digər mühüm məsələ ekoloji təhlükə ilə bağlıdır. “Mina və partlamamış sursatlar torpağın, su ehtiyatlarının və təbii ekosistemin çirklənməsinə səbəb olur. Bəzi hallarda meşə və otlaq sahələrinin istifadəsi qeyri-mümkün vəziyyətə düşür. Bu isə regionun ekoloji bərpasını da çətinləşdirir”, – deyə o qeyd edib.
Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti minatəmizləmə prosesini prioritet milli təhlükəsizlik məsələsi kimi müəyyən edib. Müasir texnologiyaların tətbiqi, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, xüsusi təlim keçmiş kadrların hazırlanması və minatəmizləmə sahəsinə ayrılan böyük maliyyə resursları problemin mərhələli şəkildə həllinə xidmət edir. Bu proses təkcə təhlükəsizlik deyil, həm də dövlətin strateji inkişaf konsepsiyasının əsas elementidir.
Politoloq vurğulayıb ki, mina problemi Azərbaycanın post-münaqişə mərhələsində qarşılaşdığı ən mürəkkəb çağırışlardan biridir. Bu təhlükənin aradan qaldırılması yalnız insanların təhlükəsiz geri dönüşü üçün deyil, həm də regionun iqtisadi dirçəlişi, sosial sabitliyi və uzunmüddətli inkişafı üçün həyati əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişaf tempi məhz minalardan təmizləmə işlərinin sürəti və effektivliyi ilə birbaşa bağlı olacaq. Azərbaycanın qarşısında duran əsas məqsəd isə təhlükəsiz, dayanıqlı və tam reinteqrasiya olunmuş bir region yaratmaqdır.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.