ABŞ dövlət katibi Tramp administrasiyasının NATO siyasəti ilə bağlı Avropada yaranan narahatlığı yumşaltmağa çalışır...
Poliqon xəbər verir ki, Associated Press Agentliyinin yaydığı məlumata əsasən, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun NATO və Avropadakı hərbi mövcudluğu ilə bağlı siyasəti ətrafında yaranan narahatlıqları azaltmaq məqsədilə növbəti diplomatik səfərinə başlayıb.
Məlumata görə, Rubio İsveçdə keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Görüşün keçirildiyi gün ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli rəsmilərinin Brüsseldə yerləşən NATO qərargahında alyans üzvlərinə ABŞ Silahlı Qüvvələrinin Avropanın müdafiəsində gələcək rolu ilə bağlı planları təqdim etməsi gözlənilir.
Qeyd olunur ki, Donald Tramp administrasiyasının Avropadakı hərbi kontingentin azaldılması ilə bağlı bəyanatları və qeyri-müəyyən siqnalları NATO müttəfiqləri arasında ciddi narahatlıq yaradıb. Rubio isə bu cür görüşlərdə Ağ Evin mövqeyini daha diplomatik və daha az qarşıdurmalı formada təqdim edən əsas fiqurlardan biri kimi çıxış edir.
Associated Press bildirir ki, Rubio bu il oxşar məqsədlə bir neçə dəfə beynəlxalq missiyalara göndərilib. Fevral ayında o, Münhen Təhlükəsizlik Konfransında ABŞ administrasiyasını təmsil edib. Daha sonra isə İtaliyaya səfər edərək yerli rəsmilərlə və Papa XIV Lev ilə görüş keçirib.
Analitiklərin fikrincə, Vaşinqton administrasiyası NATO daxilində yaranan gərginliyi yumşaltmaq və ABŞ-nin alyans qarşısındakı öhdəliklərinə dair şübhələri azaltmaq üçün Rubio kimi daha praqmatik və balanslı ritorikaya malik siyasətçilərdən istifadə etməyə çalışır.
Poliqon.info