RU

Süni intellekt Azərbaycanda nəyi dəyişdirəcək?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Süni intellekt texnologiyaları son illərdə ölkələrin iqtisadi və sosial inkişafında strateji alətə çevrilib. 

Bu texnologiya düzgün sahələrdə tətbiq olunduqda, həm idarəetmənin səmərəliliyini artırır, həm də xidmətlərin keyfiyyətini yüksəldir. Azərbaycanda da süni intellektin tətbiq imkanları genişdir və müxtəlif sahələrdə yeni inkişaf perspektivləri yaradır. 

Bu çərçivədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası çərçivəsində təşkil olunan “Şəhərlər üçün Süni İntellekt – Şəhər Planlaşdırması və Ağıllı, Davamlı İcmaların Qurulması” adlı tədbirdə çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda bu istiqamətdə planlaşdırılan işlərdən danışıb. 

O bildirib ki, ölkə mövcud lokomotivlər, yol sensorları və siqnal sistemlərinin yaratdığı zəngin əməliyyat məlumatlarından istifadə edən süni intellektə əsaslanan həllərin tətbiqini hədəfləyir. 

Azərbaycan süni intellekti daha çox hansı sahələrdə tətbiq etməlidir ki, bu texnologiyadan daha səmərəli və uğurlu nəticələr əldə olunsun? 

Mövzu ilə bağlı "Cümhuriyət"- ə açıqlamasında iqtisadçı - ekspert Rəşad Həsənov bildirib ki, süni intellektin bütün sahələrdə tətbiqi mümkündür: 

"Süni intellekt son bir neçə ildə aktiv şəkildə müzakirə olunur və eyni zamanda, sürətlə inkişaf mərhələsinə daxil olub. O, iqtisadiyyatın bütün sahələrində müxtəlif xidmət və məhsulların yaradılmasında istifadə olunur. 

Bu tətbiq sahələri təhsil sektorundan başlayaraq səhiyyəyə qədər geniş bir sahəni əhatə edir. Eyni zamanda, nəqliyyat xidmətlərinin təşkili və proseslərin idarə edilməsi də süni intellektin istifadə edilə bildiyi istiqamətlərdəndir. 

Geodeziya işləri, geometrik ölçmələrin aparılması, izlənmə məlumatlarının emalı və qərarların qəbul edilməsi də bu texnologiyanın tətbiq sahəsinə daxildir. Bundan əlavə, avtomatlaşdırılmış texnologiyaların idarə olunması da süni intellekt vasitəsilə həyata keçirilə bilər". 

Onun sözlərinə görə, aqrar sektorda da süni intellekt mühüm rol oynaya bilər: 

"İcmaların kənd təsərrüfatına dair məlumatlarla əvvəlcədən təmin edilməsi və bu əsasda risklərin azaldılması, eləcə də preventiv addımların atılması üçün proqnozlar hazırlanması və daxil edilməsi də mümkündür. 

Ümumilikdə, demək olar ki, bütün sahələrdə süni intellektin tətbiq imkanları mövcuddur və bu istiqamətdə inkişaf çox sürətlə davam edir. Hazırda ölkələr, şirkətlər və icmalar müxtəlif sahələrdə süni intellekt məhsullarını sınaqdan keçirirlər. 

Təhsil, səhiyyə və nəqliyyat kimi sahələrdə məlumatların ötürülməsi, emalı və təhlili süni intellekt vasitəsilə həyata keçirilə bilər. Buna görə də bu texnologiyanın tətbiqi geniş şəkildə nəzərdən keçirilməli və bu istiqamətdə sürətli addımlar atılmalıdır. 

Bunun üçün müvafiq infrastruktur formalaşdırılmalı, məlumatların saxlanılması və enerji təminatı ilə bağlı tədbirlər görülməlidir. Qərarların qəbul edilməsi prosesi də bu kontekstdə xüsusi diqqət mərkəzində olmalıdır”. 

Ekspert qeyd edib ki, süni intellekt düzgün qanunların hazırlanmasına və daha effektiv idarəetmə qərarlarının qəbul edilməsinə mühüm töhfələr verə bilər: 

"Eyni zamanda, onun mümkün müsbət və mənfi təsirləri orta və uzunmüddətli dövrdə qiymətləndirilməlidir. Bu isə daha dolğun hüquqi çərçivənin formalaşdırılmasına imkan yaradır. Bu sahədən çəkinmək yox, əksinə, onun üzərində daha aktiv işləmək lazımdır. 

Süni intellektin iqtisadiyyatın və sosial həyatın bütün sahələrinə inteqrasiyası mümkün qədər qısa zamanda təmin olunmalıdır. Çünki bu proses çox sürətlə inkişaf edir və müəyyən risklər də yaradır. Bu risklərə əmək bazarının dəyişməsi, sosial siyasətlərin yenidən qurulması və iqtisadi səmərəlilik məsələləri daxildir. 

Buna görə də bütün bu amillər yenidən nəzərdən keçirilməli və düzgün şəkildə planlaşdırılmalıdır ki, ölkələr, o cümlədən Azərbaycan gələcək inkişafda daha güclü üstünlüklər əldə edə bilsin". 

Gülər Həsənli

"Cebheinfo.az"

Açar sözlər:

Süni intellekt Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
cebheinfo.az

2Источники