RU

Volodin Paşinyanı kəskin tənqid etdi - Vicdansız adlandırdı

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvaya qarşı qeyri-dost siyasət yürütməkdə ittiham edərək, onu kəskin tənqid atəşinə tutub.

Musavat.com xəbər verir ki, Volodin öz "Telegram" kanalında dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmalı olduğunu, lakin Ermənistan rəhbərliyinin hazırkı addımlarının bu prinsiplərə cavab vermədiyini bildirib.

"Dövlət Dumasının deputatlarının fikrincə, Ermənistanın baş naziri Paşinyan ölkəmizin yaratdığı imkanlardan sarsaqcasına (bədnamcasına) istifadə edərək, Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət yürüdür. Bu, vicdansızlıqdır", — deyə spiker vurğulayıb.

Volodin xatırladıb ki, Rusiya uzun illər boyu Ermənistana, o cümlədən iqtisadi sahədə böyük dəstək verib, Ermənistan vətəndaşları isə Rusiyada çalışmaq və özlərini reallaşdırmaq imkanına sahibdirlər.

O, həmçinin bəyan edib ki, Moskva Ermənistanda baş verən proseslərə, o cümlədən Avropa İttifaqına üzvlük prosesinin başladılması haqqında qanunun qəbul edilməsinə və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının tanınmasına göz yuma bilməz.

Dövlət Dumasının spikerinin sözlərinə görə, İrəvanın Avrasiya İqtisadi İttifaqında (AVRASİYA) üzvlüyünü qoruyub saxlamaq istəyi ilk növbədə iqtisadi mənfəətlə bağlıdır. "Paşinyanın AVRASİYA-da qalmaq istəyi Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadəni davam etdirmək cəhdidir", — deyən Volodin, bu ittifaqa üzv olduğu dövrdə Ermənistanın ÜDM-nin 2,5 dəfə artdığını qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya Ermənistana qazı Avropaya nisbətən demək olar ki, dörd dəfə ucuz — "öz ziyanına" tədarük edir, lakin bunun müqabilində "Paşinyanın alçaqlığı və vicdansızlığı" ilə qarşılaşır. "Bu, belə davam edə bilməz. Münasibətləri bu cür qurmaq olmaz", — deyə Volodin fikrini tamamlayıb.

Musavat.com

Избранный
50
1
musavat.com

3Источники