Mayın 20-də avrokubokların 2025/26 mövsümündə ilk turnirə yekun vuruldu. Avropa Liqasının (AL) Türkiyənin İstanbul şəhərində keçirilən finalında “Frayburq”a qalib gələn “Aston Villa” bu turnirdə ilk zəfərini reallaşdırdı.
final
Frayburq - Aston Villa 0:3 (0:2)
Frayburq (Almaniya): Atubolu, Kübler (Makenqo, 73), Ginter, Linhart (Rozenfelder, 61), Troy, Eqqeştayn, Manzambi, Höfler (Höler, 61), Beste (Günter, 86), Qrifo (Şerhant, 73), Matanoviç.
Aston Villa (Birmingem, İngiltərə): E.Martines, Keş, Konsa, Pau Torres (Minqs, 88), Din (Maatsen, 81), Lindelöff (Onana, 66), Tilemans (Duqlas Luis, 88), Makqinn, Buendiya (Sanço, 81), Rocers, Uotkins.
Qollar: Tilemans, 41 (0:1). Buendiya, 45+3 (0:2). Rocers, 58 (0:3).
Vərəqələr: Troy, 5. Buendiya, 15. Keş, 21. Makqinn, 84 - sarı.
Hakim: Fransua Letesye (Fransa).
20 may. İstanbul. 37324 tamaşaçı.
oyunun statistikası
4 (2) qapıya (“çərçivə”yə) zərbə 17 (6)
1 künc zərbəsi 8
5 ofsayd 2
15 qayda pozuntusu 15
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
51 topa sahibolma (faizlə) 49
oyunun ən yaxşısı (UEFA-nın versiyası): Emiliano Buendiya (Aston Villa)
“Frayburq”la “Aston Villa” qitə arenasında ilk dəfə qarşılaşdı. “Frayburq” avrokuboklarda ilk dəfə finala çıxmışdısa, “Aston Villa”nın az da olsa, avrokubok təcrübəsi var idi. Belə ki, İngiltərə klubu Çempionlar Kubokunun 1981/82 mövsümünün qalibi olmuşdu. Sözsüz, birmingemlilərin çərşənbə günü buna AL-də də nail olmaq şansı yüksək dəyərləndirilirdi. Bukmeker kontorlarının Unay Emerinin komandasını finalın favoriti sayması üçün ciddi səbəblər vardı. Əvvəla, “Aston Villa” AL-in liqa mərhələsini 8 oyuna 21 xal toplamaqla “Lion” ilə birlikdə şərikli lider kimi başa vurmuşdu. İngiltərə klubu turnirin cari mövsümündə keçirdiyi 14 oyunda 12 qələbə qazanmış və 2 dəfə məğlub olmuşdu. Diqqəti daha çox cəlb edən faktlar isə Emeri ilə bağlı idi. İspaniyalı mütəxəssisin çalışdırdığı komanda AL-də 6-cı dəfə finala çıxmışdı! “Sevilya”nı üç, “Vilyarreal”ı bir dəfə turnirdə qələbəyə daşıyan Emerinin komandalarından yalnız “Arsenal” turnirin həlledici matçında məğlub olmuşdu (Bakıda “Çelsi”yə). Başqa sözlə, 54 yaşlı məşqçinin çərşənbə günü 5-ci dəfə AL-in qalibi olmaq şansı var idi. İstanbulda ilk dəfə oynayacaq “Frayburq”dan fərqli “Aston Villa” indiyədək bu şəhərə üç dəfə gəlmiş, burda 2 qələbə və 1 heç-heçəyə nail olmuş, Türkiyənin ən böyük şəhərini top buraxmadan tərk etmişdi. “Aston Villa” artıq İngiltərə çempionatından Çempionlar Liqasına (ÇL) özü üçün yol açmışdı. Başqa sözlə, AL-in qalibi olmaq artıq birmingemlilər üçün ÇL-ə yollanmaq baxımından əhəmiyyətini itirib. “Frayburq” isə Almaniya çempionatını 7-ci yerdə başa vurduğu üçün həm qitə kubokunda ilk uğurunu qazanmağa, həm də ÇL-də oynamaq hüququna yiyələnməyə çalışacaqdı. Necə deyərlər, Almaniya klubu həm güclü rəqibinə, həm birmingemlilərin, həm də baş məşqçisinin uğurlu statistikasına qarşı mübarizə aparacaqdı.
Yulian Şusterin komandası proqnozları alt-üst etmək üçün bütün bacarığını ortaya qoydu. Amma ilk dəqiqələrdə rəqib hesabı aça bilərdi. Rocersin qapının uzaq küncünə yönəltdiyi topa Atubolu tullanaraq reaksiya verdi. “Frayburq” isə standart vəziyyətdən sonra Höfler ilə önə keçmək şansını qaçırdı. Manzambinin zərbəsinə də Martines reaksiya verdi. Nəhayət, britaniyalılar fasilə ərəfəsində ev tapşırığını məharətlə yerinə yetirdilər: Rocersin cərimə meydançasına göndərdiyi topa toxunan Tilemans hesabı açdı. Almaniyalılarbu qoldan özünə gəlməmiş Buendiya Rocersin ötürməsini əla zərbə ilə tamaladı.
Fasilə ərəfəsində buraxılan iki top frayburqluların oyunun qalan hissəsinə motivasiyasına mənfi təsir etməyə bilməzdi. Finalın ikinci yarısına ruh yüksəkliyi ilə çıxan rəqib bundan məharətlə yararlandı. 58-ci dəqiqədə Buendiya Makqinnin ötürməsi ilə fərqi üç topa çatdırdı. Şusterin oyunda dönüş yaratmaq üçün etdiyi əvəzləmələr də nəticə vermədi. Onun komandası təsəlli qolunu belə vura bilmədi. Beləliklə, ilk avrokubok finalında böyük hesabla uduzan “Frayburq” gələn mövsüm bundesliqanı Konfrans Liqasında təmsil edəcək. Qitə arenasında 3-cü titulunu qazanan “Aston Villa” isə yayda Avropa Superkubokunda daha bir uğura can atacaq.
Bombardirlər: İqor Jezus (Nottingem Forest), Staniç (Ludoqorets) - 7, Aktürkoğlu (Fənərbaxça), Antoni (Betis) - 6.
***
Faktlar
* “Aston Villa” 1996-cı ildən sonra ilk titulunu qazandı. Birmingem klubu 30 il əvvəl İngiltərə Liqa Kubokunun qalibi olmuşdu.
* “Aston Villa” 44 ildən sonra ilk dəfə qitə kubokunun qalibi oldu. Komanda avrokuboklarda 3-cü dəfə qalib gəldi. 1982-ci ildə keçirilən Çempionlar Kubokunun (ÇK) həlledici oyununda “Bavariya”nı 1:0 hesabıyla məğlub edən “Aston Villa” Avropa Superkubokunda da uğur qazanıb. Qeyd edək ki, İngiltərə klubu daha iki dəfə - 2001 və 2008-ci illərdə İntertoto Kubokunun qalibi olub. Lakin çoxdan “arxivə göndərilən” bu turnirdə bir yox, bir neçə final matçı keçirildiyi üçün birdən artıq komanda qalib sayılıb.
* “Aston Villa” AL-in (UEFA Kuboku) 31-ci qalibi və İngiltərənin 6-cı qalib komandası oldu.
* İngiltərə klubu qitə kuboklarında İstanbulda keçirilən 4-cü finalda da qalib gəldi.
* İngiltərə klubları qitə kuboklarında Almaniya təmsilçilərinə ardıcıl 7-ci finalda da qalib gəldilər.
* “Aston Villa” 31 qolla AL-də mövsümün ən məhsuldar komandası oldu, “Frayburq” finaldakı rəqibindən 6 top geri qaldı.
* Emeri karyerası ərzində avrokubokların finalında 6-cı sınağını verdi. Onun komandaları bütün hallarda AL-in həlledici oyunlarının iştirakçısı olublar. İspaniyalı mütəxəssis bu planda yalnız Covanni Trapattonidən geri qalır. İtaliyalı məşqçi “Yuventus”, “İnter” və “Bavariya” ilə 7 dəfə avrokubokların finallarının həyəcanını yaşayıb.
* Emeri AL-i 5-cü dəfə qalib başa vurmaqla öz rekordunu yenilədi. 2014-16-cı illərdə “Sevilya”nı, 2021-ci ildə “Vilyarreal”ı turnirdə qələbəyə daşıyan 54 yaşlı məşqçinin komandalarından yalnız “Arsenal” 2019-cu ildə Bakıda keçirilən həlledici matçda “Çelsi”yə məğlub olub (1:4).
* Emeri AL-də üç müxtəlif klubla qalib gələn ilk məşqçi kimi tarixə düşdü.
* Emeri əsas avrokuboklarda 5-ci titulunu qazanmaqla daha üç mütəxəssisə məxsus rekordu təkrarladı. Ondan əvvəl Karlo Ançelotti (Çempionlar Liqasında 5 qələbə), Joze Mourinyo (ÇL-də 2, UEFA Kuboku/AL-də 2 və Konfrans Liqasında 1 qələbə) və Trapattoni (ÇK-da 1, UEFA Kubokunda 3 və Kuboklar Kubokunda 1 qələbə) də qitə arenasında 5 əsas turnirin qalibi olmuşdular.
* Emeri karyerasında 12-ci titulunu qazandı. Bu uğurlardan yalnız biri ölkə çempionluğudu ki, onu da PSJ ilə reallaşdırıb.
* Martines karyerasında iştirakçısı olduğu 7-ci turnirin finalında qələbə sevinci yaşadı. Argentinalı qapıçı bundan əvvəl “Arsenal”la 2020-ci ildə İngiltərə kuboku və İngiltərə Superkuboku, milli komanda ilə iki dəfə Amerika Kuboku (2021, 2024), bir dəfə dünya çempionatı (2022) və Finalissimanın (2022) qalibi olmuşdu.
* Sanço qitə kuboklarının tarixinə ardıcıl üç mövsümdə üç müxtəlif turnirin finalında oynayan ilk futbolçu kimi düşdü. “Aston Villa”nın 26 yaşlı yarımmüdafiəçisi 2023/24 mövsümündə Dortmund “Borussiya”sı ilə ÇL-in finalında “Real”a (0:2), 2024/25 mövsümündə “Çelsi” ilə KL-in finalında “Betis”ə (4:1) qarşı oynamışdı.
***
Maraqlıdı...
Emiliano Martines final oyununda barmağı sınmış halda iştirak edib. “Aston Villa”nın qapıçısı matçdan əvvəl isinmə hərəkətləri edərkən zədələnib. “The Telegraph” qəzetinin jurnalisti Mett Lounun məlumatına görə, argentinalı futbolçunun finaldan əvvəl problemlə üzləşdiyi görünürdü. Lakin heç kim vəziyyətin ciddi olduğunu düşünə bilməzdi. Çünki Emiliano əzmkarlıq nümayiş etdirərək “Frayburq”la oyunda əvvəldən axıra qədər meydanda oldu!
Oyundan sonra
Yulian Şuster, “Frayburq”un baş məşqçisi: “Aston Villa”nı təbrik edirəm. Rəqib mövsümü əla keçirdi. Hər iki komanda finalın lap əvvəlindən gərgin mübarizə apardı və fasiləyəqədərki mübarizənin böyük hissəsində Rocersin yaxaladığı epizoddan başqa heç bir komanda real qol şansı yarada bilmədi. Standart vəziyyətlərin vacib rol oynadığını bilirdik. Oyunda ilk belə təhlükəni məhz biz yaratdıq, amma təəssüf ki, rəqibin ideal şəkildə təşkil etdiyi kombinasiyadan sonra topu qapımızda gördük. Belə məqamlarda sakitliyi qorumaq lazım idi, ancaq çox keçmədən qapımızdan ikinci topu da buraxdıq. Bundan sonra işimiz çox çətinləşdi. Bir qol ikinci, ikinci isə üçüncü ilə müşayiət olundu. Hətta hesab 0:2 olarkən vəziyyəti hardasa düzəltmək olardı. Biz oyunda dönüş yarada biləcəyimizə inanırdıq. Lakin “Aston Villa” mövcud vəziyyətdən çox peşəkarcasına yararlandı, belə rəqib sənə istədiyin oyunu oynamaq imkanı vermir. Belə yüksək səviyyəli komandaya qarşı ideal oyun göstərmək tələb olunur. Əlbəttə, çox məyusuq, amma bu təcrübədən yaxşı dərs ala və daha güclü komandaya çevrilə bilərik. Nəyə qadir olduğumuzu bilirik. Bu matç bizi daha da gücləndirəcək”.
Unay Emeri, “Aston Villa”nın baş məşqçisi: “Axşamınız xeyir olsun. Fantastika! Avropa bu mövsüm bizə çox şey bəxş etdi. Şəxsən mən də qitə arenasındakı çıxışımızdan çox şey qazandım. Beynəlxalq turnirlərdə mübarizəni çox sevirəm. İstənilən yarışda, xüsusilə də Avropa Liqasında oynamaq məni sevindirir. İndiyədək işlədiyim bütün klublara, həmçinin mənə dəstəyinə görə “Valensiya”, “Sevilya”, “Vilyarreal” və təbii ki “Villa”ya təşəkkür edirəm. Bu turnirdə indiyədək keçdiyim yolda mənimlə birlikdə olan klubların rəhbərlərinə və oyunçularına minnətdaram. Hazırkı klubumda hamı əvvəlcədən bu yarışa köklənmişdi. Bu, gələcək mümkün uğur üçün çox vacib idi. Və əlbəttə, oyunçularımız qələbə üçün böyük istək nümayiş etdirdilər. Mən onlara bizə ilk növbədə istəkli olmağımızın, qadir olduğumuz müsbət keyfiyyətləri meydanda ən yüksək səviyyədə nümayiş etdirməyin və əsas qəhrəman kimi oynamağın vacib olduğunu demişdim. Nə yaxşı ki, futbolçularımızda hər bir vacib komponent uğurlu alındı! Növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcəyik. Bu turnir bizim üçün böyük çağırışdı. Premyer-liqa dünyanın ən çətin ölkə çempionatıdı. Bu liqada ilk “7-lik”, “5-lik” və “4-lük” uğrunda mübarizə aparmaq çox çətindi. Gələn mövsüm “Mançester Siti” və “Arsenal” kimi komandalara səviyyəcə daha da yaxın olacağımıza ümid edirəm. Yeri gəlmişkən, “Arsenal”ı premyer-liqa çempionluğu münasibətilə təbrik edirəm! Premyer-liqa bizim üçün böyük çağırışdı. Niyə? Komandamız ilk “7-lik”yə düşməyə ciddi şəkildə iddia etmir. 7 çox güclü komanda var, 6 ən yaxşı komanda və bir də “Nyukasl” var. Və biz onların sırasına qoşulmağa çalışırıq. Sabit oynamağa çalışırıq. Və artıq buna nail oluruq. Vəzifəmiz bu səviyyəni qoruyub saxlamaqdı. İlk “7-liy”ə düşməklə avrokuboklara vəsiqə qazanırıq. Avropa Liqasında qələbə ilə çox dəyərli təcrübə topladıq. Bu, oyunçularımız üçün çox vacibdi. Ona görə ki, gələn mövsüm daha çox kubok uğrunda mübarizə apara biləcəyik. Ötən mövsüm İngiltərə kubokunda mübarizəni yarımfinalda, Çempionlar Liqasında isə 1/4 finalda dayandırmışıq. Bu nəticələr də təcrübədi. Avropa Liqsının finalında qələbəyə də hazır idim, məğlubiyyətə də. Əlbəttə, qələbə daha yaxşıdı”.
Vinçentso Qrifo, “Frayburq”un hücumçusu: “Aston Villa”nın güclü olduğunu etiraf etməliyik. Təəssüf ki, rəqibimizin işini çətinləşdirə bilmədik. Onlar hər oyun komponentində ustalıqla oynadılar. Biz isə rəqibə lazımi səviyyədə təzyiq göstərə bilmədik. Bu səbəblərdən “Aston Villa” layiqli qələbə qazandı”.
Con Makqinn, “Aston Villa”nın yarımmüdafiəçisi: “Başverənlərə inanmağım gəlmir. Klubumuz 7 il əvvəl çətin vəziyyətdə idi. Qarşıya yalnız bir vəzifə qoyulmuşdu: komandanı premyer-liqaya, sonra isə yüksək yerlərə çıxarmaq tələb olunurdu. Bu bu gün uzun müddət birgə qurduqlarımızı nümayiş etdirdik. Sona 10 dəqiqə qalarkən beynimdən “biz Avropanın çempionuyuq” düşüncəsi keçdi. Bu, yazıla bilinməyən hissdi. 2026-cı ildə bu finalda olmaq, bu hadisəni “Aston Villa”nın kapitanı kimi yaşamaq inanılmazdı. Bu, karyeramın əsas günüdü. Hazırkı andan maksimum dərəcədə həzz almağa çalışıram. Əvvəllər keçmiş oyundaşlarım Endi Robertson ilə Cek Qrilişin uğurlarını izləyirdim. İndi isə mənim növbəm çatdı. Ola bilsin ki, bu qələbəmiz onların uğurları qədər səs-küylü deyil, amma mənim üçün çox vacibdi. Uğurumuzun hər dəqiqəsindən həzz alıram”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта