RU

Ümumdünya Şəhərsalma Forumunun 5-ci günündə sessiya və təqdimatlar

Forumun 5-ci günündə şəhərlərin böhranlardan sonrakı bərpa prosesi, dayanıqlı yaşayış məkanlarının yaradılması və gələcəyin urban inkişaf strategiyaları əsas müzakirə mövzularından oldu. Gün ərzində təşkil olunan panel sessiyaları, iclaslar və dəyirmi masalarda müharibə, təbii fəlakət, iqlim dəyişikliyi və sosial böhranlardan zərər görmüş yaşayış məntəqələrinin yenidən qurulması istiqamətində beynəlxalq təcrübələr təqdim edildi.

Ekspertlər gələcəkdə şəhərlərin iqlim dəyişikliklərinə qarşı daha davamlı olması üçün innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqinin vacibliyini vurğuladılar.

“BMT-nin 2026-cı il Su Konfransında şəhər mənzillərinin yol xəritəsi”

Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru:

– Hazırda dünyada bir milyard insanın yaşadığı qeyri-formal yaşayış məntəqələrində suya çıxış problemi qalmaqdadır. 1 milyard insanın yaşadığı gecəqondu və qeyri-formal yaşayış məntəqələrində suya tələbatın ödənilməsi prioritetlərdəndir. Su təminatı ilə bağlı problemlərin həlli üçün həm şəhərsalma, həm də sosial mənzil siyasəti paralel şəkildə həyata keçirilməlidir.

Urbanizasiya su ehtiyatlarına ciddi təzyiq göstərir. Şəhərlər ərazi baxımından əhali artımından daha sürətli şəkildə genişlənir. Bu da təbii resursların azalmasına səbəb olur. Urbanizasiya və şəhərsalma təbiətlə sinxron şəkildə inkişaf etmir. Davamlı şəhərsalma və düzgün torpaq siyasəti su təhlükəsizliyində mühüm rol oynayır.

Su mənbələri inzibati sərhədlərlə məhdudlaşmadığı üçün yerli, regional və milli idarəetmənin birgə fəaliyyəti vacibdir. Su problemi sərhəd tanımır. Buna görə də güclü idarəetmə sistemləri qurulmalı, suyun hamı üçün əlçatan və ədalətli bölüşdürülməsi təmin edilməlidir.

Henk Ovink, Qlobal Su İqtisadiyyatı Komissiyasının təsisçi komissarı və icraçı direktoru:

– Çaylar, torpaq və yeraltı su ehtiyatlarından insanlar həddindən artıq istifadə edirlər. Bu mənbələr çirkləndirilir və onlardan düzgün idarə olunmur. Əsas problem isə təbiətdən qaynaqlanan “yaşıl su” ilə bağlıdır. Bitkilərdən və torpaqdan havaya yayılan su buxarı quru ərazilərdə yağıntının yarıdan çoxunu formalaşdırır. İqlim dəyişikliyi səbəbindən güclü yağışlar daha dağıdıcı xarakter alır. Su təkcə insanların ehtiyac duyduğu həyat deyil, həm də mədəniyyətləri, sərhədləri və qitələri birləşdirən amildir.

BMT-nin 2023-cü il Su Konfransı ərəfəsində yaradılmış Qlobal Su İqtisadiyyatı Komissiyası suyun iqtisadiyyat üçün əhəmiyyətini araşdırmaq məqsədi daşıyıb. Komissiyada prezidentlər, alimlər, icma liderləri və gənc fəallar təmsil olunurdu. Üzvlərin üçdəikisi əvvəllər su sahəsində çalışmamışdı. Məhz buna görə onlar suyun həqiqi dəyərini anlamaq üçün prosesə cəlb ediliblər. Suyun dəyəri daha çox hidrologiya dövriyyəsi ilə izah olunur.

Norio Saito, Asiya İnkişaf Bankının Su təchizatı və şəhər inkişafı şöbəsinin rəhbəri:

– Asiya İnkişaf Bankının Asiya və Sakit Okean regionunda fəaliyyət göstərdiyi bir çox ölkədə əsas problemlərdən biri maliyyə dayanıqlılığıdır.

Subsidiyalar çox vaxt real xərcləri qarşılaya bilmir və nəticədə insanlar davamlı şəkildə subsidiyalardan asılı vəziyyətə düşürlər.

Daha çox su istifadə edənlər adətən maddi imkanları daha geniş olan təbəqələrdir. Buna görə də su istifadəsi, subsidiyaların bölüşdürülməsi məsələlərinə daha diqqətli və ədalətli yanaşmaq vacibdir.

Rose Molokoane, Gecəqondu Sakinlərinin Beynəlxalq Təşkilatının xüsusi nümayəndəsi:

– Bir çox icmalarda insanlar hələ də təhlükəsiz içməli sudan məhrumdurlar və çirklənmiş su mənbələrindən istifadə etməyə məcbur qalırlar.

Beynəlxalq səviyyədə su təhlükəsizliyi ilə bağlı müxtəlif çağırışlar səslənsə də, bəzi icmalar gündəlik həyatda ən əsas su ehtiyaclarını belə qarşılaya bilmirlər.

Əsas xidmətlərlə bağlı siyasətlər hazırlanarkən kənd icmalarının, qeyri-rəsmi yaşayış məskənlərində yaşayan insanların və digər həssas qrupların real problemləri daha çox nəzərə alınmalıdır.

“Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir”

Yalçın Rəfiyev, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini:

– Ölkəmiz azad edilmiş ərazilərin bərpasına 15 milyard dollara yaxın maddi vəsait yönəldib. Bu kompleks yanaşmaya və uzunmüddətli strateji planlaşdırmaya əsaslanan ərazilərin münaqişədən sonra genişmiqyaslı bərpası və yenidən qurulması nümunəsidir.

Azad edilmiş torpaqlarda bərpa işlərinin əhatəli həyata keçirilməsi üçün zərərsizləşdirilməli olan 1,5 milyona yaxın mina və partlamamış hərbi sursat var. Azərbaycan bu məqsədlər üçün hər il böyük məbləğdə büdcə vəsaiti ayırır. Sıfırdan bərpa etdiyimiz ərazilərdə dayanıqlılıq, iqlimə uyğunlaşma və müasir şəhər planlaşdırması standartları nəzərə alınır.

Paula Qaviriya, BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi:

– Məcburi köçkünlər öz şəhərlərinin dirçəldilməsi prosesində fəal iştirak etməlidirlər. Çünki onlar yerli dəyişikliklərin hərəkətverici qüvvəsidir. Bu insanların qərar qəbulu prosesinə cəlb olunması isə yenidənqurma istiqamətindəki bütün səylərin təkcə legitimliyinə deyil, həm də uzunmüddətli dayanıqlılığına zəmanət verir.

Bələdiyyə orqanlarının bu sahədə rolu xüsusilə önəmlidir. Onlar bərpa prosesinin təxirəsalınmaz cari vəzifələrinin həllində, həm də uzunmüddətli inkişaf strategiyasında vacib olan “ön xətt”dədirlər.

Silahlı münaqişələrin təsirinə məruz qalmış ərazilərin bərpası müharibədən əvvəlki vəziyyəti geri qaytarmaq cəhdi kimi deyil, dərin sistem problemlərini aradan qaldırmaq üçün bir fürsət olmalıdır. Yenidənqurma prosesində bütün səylər münaqişələrin və əhalinin kütləvi şəkildə məcburi yerdəyişməsinin əsas səbəblərinə çevrilən bərabərsizliyin və sosial təcridin müxtəlif formalarının aradan qaldırılmasına yönəldilməlidir.

Bərpa prosesində insan ləyaqətinin qorunması, sosial həmrəyliyin möhkəmləndirilməsi və əhali ilə dövlət qurumları arasında etimadın qurulması da əhəmiyyətlidir. Uğurun əsas meyarı təkcə inşa edilmiş binaların sayı deyil, həm də keçmiş köçkünlərin cəmiyyətə inteqrasiyasıdır.

Minq Çjan, Dünya Bankının şəhərsalma və çətinliklərin idarə edilməsi üzrə direktoru:

– Böhranlardan və işğaldan sonra sürətli məskunlaşma şəffaf rəqəmsal sistemlər və vətəndaşyönümlü dəstək mexanizmləri olmadan mümkün deyil. Səmərəli bərpanın əsas şərti, ilk növbədə, zədələnmiş mənzillərin təmiri vasitəsilə ilkin mərhələdə sürətli nəticələrin əldə edilməsidir. Sürətli nəticələr əldə etmək vacibdir ki, insanlar yerlərdəki dəyişiklikləri dərhal görə bilsinlər.

Ukraynada “HOPE” layihəsi çərçivəsində mənzillərin bərpası üzrə ərizələrin verilməsi üçün rəqəmsal sistem yaradılıb. Bu da proseslərin şəffaflığını və yardımın sürətləndirilmiş paylanmasını təmin edir.

Sultan Barakat, “Qətər” Fondu Həməd bin Xəlifə Universitetinin dövlət siyasəti üzrə professoru və York Universitetinin professoru:

– Postmünaqişə və böhran zonalarında mənzil məsələlərinin həlli strategiyaları universal xarakter daşıya bilməz. Siyasi razılaşmanın əldə olunduğu və gələcək inkişaf üçün aydın planı olan hökumətin fəaliyyət göstərdiyi dövlətlərdə və regionlarda yaşayış fondunun bərpası prosesi daha nəzarətli olur. Bu isə maliyyələşdirmə mexanizmlərinin və texniki həllərin müəyyənləşdirilməsinə gətirib çıxarır.

Eyni zamanda, münaqişənin həll olunmamış qaldığı və ya etnik təmizləmə gündəmindən qaynaqlandığı vəziyyətlərdə bu məsələ bütün maraqlı tərəflər üçün son dərəcə həssaslıq tələb edir. Mənzil haqqında ümumi qlobal kateqoriyalarla mühakimə yürütməyə isə son qoymaq lazımdır.

“Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalmaya təsiri”

Lajana Manandhar, Asiya Mənzil Hüquqları Koalisiyasının nümayəndəsi və icma əsaslı mənzil hüquqları müdafiəçisi:

– Nepal, Pakistan, Hindistan, Şri-Lanka və digər Cənubi Asiya ölkələrində ailələr öz yaxınlarını, qardaş-bacılarını, oğul-qızlarını Yaxın Şərqə işləməyə göndərirlər. Regiondakı böhran vəziyyəti həmin ailələrin ümidlərini alt-üst edir.

Məqsəd gəlir əldə etmək, ailəyə pul göndərmək, uşaqları məktəbə göndərmək, tibbi xərcləri qarşılamaq və ya daha yaxşı mənzil şəraiti qurmaqdır. Onlar həmin ölkələrin şəhərlərinin və iqtisadiyyatlarının inkişafına töhfə verirlər ki, əvəzində öz ailələri üçün daha təhlükəsiz və daha yaxşı həyat qura bilsinlər. Amma belə böhranların təsiri son dərəcə ağır olur.

Filip Decorte, BMT-nin Məskunlaşma Proqramının rəsmisi:

– Yaxın Şərq ölkələrinin öz daxili müharibələri və problemləri ilə bağlı vəziyyətlə yanaşı, həm də böhranının xaricdən gətirdiyi təsirləri anlamaq lazımdır. Ötən həftə Livan və Suriyada oldum, vəziyyət dözülməz səviyyəyə çatıb. Livanda məni xüsusi təəssüfləndirən mənzərə yeni genişmiqyaslı köçkünlük problemi oldu.

UN-Habitat və ümumilikdə, BMT olaraq biz çox vaxt məktəb, xəstəxana və digər ictimai binalarda sığınacaq tapanlara diqqət yetiririk. Həmkarlarla, hökumətlərlə söhbətlər zamanı məlum oldu ki, insanların, təxminən, 50 faizi, əslində, kirayədə yaşayır. Onlar generatorlardan istifadə etməyə məcbur qalıblar. Buna görə də yanacaq qiymətlərinin artması bu insanları ağır vəziyyətə salır.

Patrisiya Skotland, Millətlər Birliyinin baş katibi:

– Yaxın Şərqdə davam edən münaqişələr yalnız regional humanitar faciə deyil, həm də mənzil və şəhərsalma sistemlərinə ciddi təsir göstərən beynəlxalq böhrana çevrilib.

Yaxın Şərqdəki münaqişələrin nəticələri Qəzza, Livan, Suriya və Yəmənlə məhdudlaşmır.

Bu böhranın təsirləri Afrikadakı qeyri-rəsmi yaşayış məntəqələrində, Avropanın kirayə mənzil bazarlarında, Asiya-Sakit okean regionunun həssas şəhər icmalarında və kiçik ada dövlətlərinin kövrək yaşayış məkanlarında da hiss olunur.

“Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru”

Anar Quliyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri:

– Mənzil təminatı şəhərlərin dayanıqlı inkişafının, iqtisadi sabitliyin və sosial ədalətin əsas sütunlarındandır. Qlobal miqyasda sürətlənən urbanizasiya fonunda hər bir ölkə üçün əsas çağırış, vətəndaşların keyfiyyətli, əlçatan və təhlükəsiz mənzilə çıxış imkanlarının təmin edilməsidir.

Azərbaycan da bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Şəhərsalma sahəsində aparılan islahatlar, yeni yaşayış məhəllələrinin planlı inkişafı, sosial infrastrukturun gücləndirilməsi və rəqəmsal planlaşdırma alətlərinin tətbiqi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Bizim məqsədimiz yalnız mənzil tikintisini artırmaq deyil, həm də inklüziv, yaşıl və dayanıqlı şəhər mühitinin formalaşdırılmasıdır. Gələcək şəhərləri planlaşdırarkən insan amili, sosial bərabərlik və ekoloji balans əsas meyar kimi çıxış etməlidir.

Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru:

– Mənzil problemini həllinə nail olan ölkələr bunu daxili maliyyələşmə hesabına edirlər. Daxili maliyyə sistemini yönləndirə və ya inkişaf etdirə bilməyən ölkələr isə mənzil məsələsi ilə məşğul olmurlar.

Qlobal məskunlaşma böhranının fəsadları ölkələr arasında fərqlidir. Bəzi coğrafiyalar, bəzi icmalar daha ciddi problemlə üzləşirlər. Müəyyən regionlar və icmalar daha kəskin problemlərlə üzləşdiyi halda, onların mövcud potensialları da kəskin fərqlənir. Bu baxımdan, WUF13-ün imkanlarından, xüsusilə WUF Akademiyasından səmərəli istifadə edərək, vahid bir platforma yaratmalıyıq. Bu birlik müştərək tədqiqat gündəliyi ətrafında formalaşmalı və ümumi potensialın artırılmasına xidmət etməlidir.

Mladen İvaniç, Bosniya və Herseqovinanın sabiq prezidenti:

– Şəhərlərin sürətli böyüməsi fonunda əsas problem təkcə yeni tikintilər deyil, eyni zamanda, mövcud resursların ədalətli və səmərəli bölüşdürülməsidir. Təcrübə göstərir ki, qlobal səviyyədə qəbul edilən öhdəliklər yalnız yerli icra mexanizmləri güclü olduqda real nəticə verir. Əks halda, ən yaxşı strategiyalar belə sənəd üzərində qalır.

Bu baxımdan, dövlətlər arasında koordinasiya mexanizmlərinin gücləndirilməsi, şəhər idarəçiliyində şəffaflıq və uzunmüddətli planlaşdırma əsas prioritetlərdən olmalıdır. Mənzil təminatı yalnız infrastruktur deyil, həm də sosial balans məsələsidir.

Bir çox insanlar hesab edir ki, çoxtərəfli institutlar böhran içindədir. Mən isə bununla razı deyiləm. Bu, bəlkə də siyasi baxışlardan asılıdır. Lakin ixtisaslaşmış çoxtərəfli institutlar hələ də çox səmərəlidir. Mən UNESCO olmadan dünyanın necə olacağını təsəvvür edə bilmirəm. Ümumdünya Səhiyyə Təşkilatı da çox yaxşı və səmərəlidir. Bəzi məsələlərdə, xüsusilə siyasi səbəblərlə bağlı böhranlar var, amma bu institutların bütövlükdə böhran içində olduğunu düşünmürəm. Onlar kifayət qədər yaxşı və səmərəlidir. Mənim mesajım budur: əgər digər ölkələr barədə düşünürsünüzsə, Dünya Bankına və ya Avropa İttifaqı kimi qurumlara daha çox maliyyə ayırın. Bu, çox vacibdir. Əgər maliyyə töhfələri verilərsə, bu, real nəticələr əldə etməyə kömək edə bilər

Patrisia Skotland, Millətlər Birliyinin sabiq baş katibi, Birləşmiş Krallıq Lordlar palatasının üzvü:

– Müxtəlif ölçülü və fərqli normalara malik ölkələr mövcuddur və resurslar çox məhduddur. Ona görə də biz bir-birimizə necə kömək edə biləcəyimizi düşündük. Birincisi, dediyim kimi, məlumatları düzgün başa düşmək lazımdır. Bizə vahid və kompleks siyasət lazımdır. Həmçinin bərpaedici yanaşmanı düşünməliyik. Biz şəhərlərdən çox danışırıq və bu doğrudur, lakin şəhərlərə ayrıca baxmaq olmaz. Onların kəndlərlə qarşılıqlı əlaqəsi var. Buna görə də kompleks qiymətləndirmə çox vacibdir.

Amma ən vacib məsələ icradır. Biz məlumatları başa düşə bilərik, lakin əsas məsələ onların icrasıdır. Uzun illərdir ki, deyilənləri başa düşürük, amma onları necə həyata keçirmək lazımdır sualı qalır. Məncə, hədəflərin icrası üçün çox praktik yanaşma düşünmək lazımdır. Biz Millətlər Birliyində bunu etməyə çalışdıq.

Digərlərinin nələri yaxşı etdiyini, nələri isə yaxşı etmədiyini bilməliyik. Digər mühüm məsələ isə idarəetmə və icranın düzgün şəkildə həyata keçirilməsidir. Biz Millətlər Birliyində ümumi qəbul edilmiş performans idarəetmə prinsipi yaratdıq ki, 56 ölkənin hamısı nə etdiyini anlaya bilsin və bunu effektiv şəkildə həyata keçirə bilsin.

“Evlərimiz, gələcəyimiz: Uşaqlar və gənclər üçün yaşanıla biləcək şəhər mühitlərinin birgə dizaynı”

Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru:

– Gənclər ilk olaraq yaşayış üçün ev axtarırlar. Amma onların nə kirayə, nə də ev almaq üçün kifayət qədər imkanları yoxdur. Nəticədə nə öz işlərini qura bilirlər, nə də təhsillərinə lazımi diqqət ayıra bilirlər. Bu vəziyyət bizə göstərir ki, həmin insanların yaşadığı hissləri anlamaq və problemin aktuallığını dərk etmək çox vacibdir.

“UN-Habitat” olaraq biz məsələnin əhəmiyyətini yaxşı anlayırıq və bu çərçivədə bir sıra təşəbbüslər həyata keçirmişik. Xüsusilə qadınlarla bağlı xüsusi təlimatlarımız, “Gənclər 2030” baxışı sənədimiz, uşaqlarla bağlı şəhərlərin tərəfdaşlığı platforması və gənclərin inkişafına yönəlmiş digər proqramlarımız mövcuddur.

Bütün bunlar kifayət deyil. Bir daha vurğulayırıq ki, forum bizə bu sahədə dərin əməkdaşlıq və daha güclü addımlar üçün imkan yaradır.

Bahar Muradova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:

– Azərbaycanda uşaqların müdafiəsi, onların inkişafına şərait yaradan təhlükəsiz mühitin təmin olunması və inklüziv sosial siyasətin gücləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biridir. "Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya” və mövcud qanunvericilik uşaqlar üçün təhlükəsiz və inklüziv mühitin yaradılmasını əsas prioritet kimi müəyyən edir.

Bu yanaşma şəhərsalma və ərazi planlaşdırmasında ictimai iştirakçılıq və sosialyönümlü prinsiplərə əsaslanır və uşaqların rifahının yaxşılaşdırılması üçün hüquqi baza yaradır. Uşaqlar üçün təhlükəsiz şəhərlər kompleks sosial yanaşma ilə formalaşır və WUF13 çərçivəsində aparılan müzakirələr bu istiqamətdə mühüm töhfə verir.

Fərid Qayıbov, Azərbaycan Respublikası gənclər və idman naziri:

– Azərbaycan gənclər və şəhər inkişafı məsələləri üzrə çoxtərəfli beynəlxalq əməkdaşlığı fəal şəkildə dəstəkləməyə davam edir. “D-8 Bakı Gənclər Bəyannaməsi”nin qəbulu ilə nəticələnən İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Gənclər Görüşünə ev sahibliyi etdik. Gənclər forumu çərçivəsində biz, həmçinin gənclərin səsinin qlobal səviyyədə eşidilməsi istiqamətində çalışdıq.

Bu istiqamətdə mühüm nümunələrdən biri də BMT-nin Məskunlaşma Proqramının dəstəyi ilə Türkiyə, Özbəkistan və Somali ilə birgə təşkil olunan “Şəhər innovasiyalarının genişləndirilməsi: ECOSOC Gənclər Forumu” adlı tədbirdir. Forumdakı müzakirələr gənclərin şəhər idarəçiliyində və yerli qərar qəbuletmə proseslərində iştirakının təmin olunmasına güclü sadiqliyi nümayiş etdirdi.

Burada münasib qiymətli və inklüziv mənzil həlləri üzrə gənclərin rəhbərlik etdiyi təşəbbüslərin dəstəklənməsi üçün strateji və əməkdaşlığa əsaslanan dialoqların əhəmiyyətini vurğulamaq lazımdır. Bu müzakirələr göstərir ki, gənclər yalnız şəhər idarəçiliyində iştirak etməyə deyil, həm də daha əlverişli, inklüziv və dayanıqlı şəhərlər üçün innovativ həllərə rəhbərlik etməyə hazırdırlar.

Hazırladılar:
Ləman TƏHMƏZ,
Fidan ƏLİYEVA,
Rauf İBRAHIMOV (foto),
Cavid QAÇAYEV (foto)
XQ

Избранный
23
1
xalqqazeti.az

2Источники