RU

Qarabağ qazisi Müstəqil Həmkarlar Birliyinə müraciət edib

Qarabağ qazisi Məmmədov Samit Samir oğlu anası Məmmədova Sona xanım Əlikişi qızının müalicəsi zamanı baş verdiyini bildirdiyi ağır tibbi səhlənkarlıq faktı ilə bağlı Müstəqil Həmkarlar Birliyinə rəsmi müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunur ki, 2025-ci ilin fevral ayında 1957-ci il təvəllüdlü Sona Məmmədova müayinə üçün paytaxtdakı tibb müəssisələrindən birinə aparılıb. Samit Məmmədovun sözlərinə görə, həmin vaxt tibbi personalın laqeyd münasibəti nəticəsində anası infarkt keçirib və sonradan vəziyyəti ağırlaşıb.

Qazinin bildirdiyinə əsasən, daha sonra xəstə başqa klinikaya yerləşdirilib, burada isə ilkin əməliyyat üçün ailədən 5000 manat məbləğində ödəniş alınıb. O iddia edir ki, reanimasiya şöbəsində aparılan tibbi müdaxilələr zamanı xəstənin qoluna infeksiya düşüb və ailədən bu barədə məlumat gizlədilib.

Samit Məmmədovun sözlərinə görə, sonradan başqa tibb müəssisəsində keçirilən konsilium zamanı xəstəyə sepsis diaqnozu qoyulub və qolun amputasiya edilməsinin zəruri olduğu bildirilib. Ağır əməliyyatlardan və ümumi vəziyyətin kritikləşməsindən sonra Məmmədova Sona xanım həyatını itirib.

Müraciətdə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına təqdim olunan sənədlərə baxmayaraq, indiyədək effektiv araşdırmanın aparılmadığı da vurğulanır.

Qeyd edək ki, Qarabağ qazisi hadisə ilə bağlı videomüraciət yayımlayaraq aidiyyəti qurumlara və media nümayəndələrinə çağırış edib.

Müstəqil Həmkarlar Birliyi məsələni diqqətdə saxlayacağını və müraciətin obyektiv araşdırılması üçün ictimai nəzarət çərçivəsində prosesi izləyəcəyini bəyan edir.

Избранный
23
azreform.info

1Источники