RU

"Mülki şəxslər arasında baş verən hadisələrin sayı azalıb" -

"2020-ci ildə müharibənin başlanmasından bu günədək partlayıcı qurğuların qurbanı 425 nəfər olub. Onlardan 73 nəfər həlak olub, 352 nəfər isə ağır yaralanıb. Zərərçəkənlərin əksəriyyəti müxtəlif yaş qruplarına aid mülki şəxslərdir". Metbuat.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Formu çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhər bərpası: humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” adlı tədbirdə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib. O bildirib ki, təəssüf doğuran haldır ki, mina partlayışları nəticəsində uşaqlar da həyatını itirib:“Biz meşə massivlərində, o cümlədən ağaclara yerləşdirilmiş minalar aşkar etmişik. Mina və partlayıcı qurğular həmçinin kommunal infrastruktur obyektlərinin, o cümlədən kabel xətlərinin və quyuların ətrafına da yerləşdirilib. Qədim yeraltı suvarma sistemi olan kəhrizlər bu gün də mövcuddur və olduqca unikal hesab olunur. Bir çox bölgələrdə tarixən suvarma üçün yeganə su mənbəyi məhz onlar olub. Buna görə də bərpa işləri belə infrastrukturu əhatə etdikdə, təhlükəsiz girişin və restavrasiyanın təmin edilməsi üçün ilk növbədə minatəmizləmə əməliyyatları aparılmalıdır”, – deyə S.Poladov qeyd edib.Onun sözlərinə görə, mülki əhali arasında baş verən hadisələrin sayı 2020-ci illə müqayisədə azalıb"."Bu, əsasən mina təhlükəsi ilə bağlı maarifləndirmə və məlumatlandırma istiqamətində həyata keçirdiyimiz genişmiqyaslı ümummilli proqramlarla əlaqədardır. Buna baxmayaraq, təəssüf ki, belə hallar hələ də zaman-zaman baş verir”, – deyə o əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
8
metbuat.az

1Источники