RU

“Azərbaycanda dünyanın ən böyük mina çirklənməsi problemlərindən biri ilə üz üzəyik”

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Münaqişədən sonrakı şəraitdə ən ciddi və davamlı problemlərdən biri minalar və partlamamış hərbi sursatların mövcudluğudur. Mina və partlamamış hərbi sursatlar postmünaqişə dövründə inkişaf və bərpa prosesinin qarşısındakı ən böyük maneələrdən biri olaraq qalır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində keçirilən “Münaqişədən sonrakı şəhər rekonstruksiyası: Humanitar minatəmizləmənin həlledici rolu” adlı sessiyasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. 

 O bildirib ki, problemin təsiri yalnız humanitar nəticələrlə məhdudlaşmır: “Çirklənmiş ərazilər məcburi köçkün əhalinin təhlükəsiz şəkildə geri qayıtmasına mane olur, şəhərlərin, yaşayış məntəqələrinin və mühüm infrastrukturun yenidən qurulmasını gecikdirir, torpaq və təbii resurslara çıxışı məhdudlaşdırır və nəticə etibarilə ümumi inkişaf prosesinə maneə yaradır.

Azərbaycanda biz dünyanın ən böyük mina çirklənməsi problemlərindən biri ilə üz-üzəyik. Milli hesablamalara əsasən, işğal nəticəsində təxminən 11 min 667 kvadrat kilometr ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Hesab edilir ki, həmin ərazilərdə bir milyondan çox mina basdırılıb və bu, bərpa və yenidənqurma işləri qarşısında ciddi maneələr yaradır.

Bu çirklənmənin insanlara təsiri də olduqca ağırdır. Münaqişə başa çatdıqdan sonra 485 nəfər mina və partlamamış sursatların qurbanına çevrilib. Bu fakt göstərir ki, aktiv hərbi əməliyyatlar bitsə belə, mülki əhali üçün təhlükə davam edir. Eyni zamanda, bu çağırışın həlli düşünülmüş və təhlükəsiz şəkildə həyata keçirilməlidir.

Sədr bildirib ki, 2020-ci ilin noyabr ayından etibarən 272 mindən çox hektar ərazi minalardan təmizlənib, 452 mindən artıq mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib: “Lakin humanitar minatəmizləmə fəaliyyəti yalnız mürəkkəb və uzunmüddətli proses deyil, eyni zamanda böyük maliyyə resursları tələb edir. 2021-ci ildə mina fəaliyyəti ilə bağlı işlərə təxminən 500 milyon ABŞ dolları ayrılıb və bunun 96 faizi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Bu fakt Azərbaycanın təhlükəsiz bərpa, yenidənqurma və inkişafın təmin olunmasına sadiqliyini aydın şəkildə nümayiş etdirir.

Minatəmizləmə fəaliyyəti yalnız insanların həyatını xilas etmir, eyni zamanda bərpa və yenidənqurmanın əsasını təşkil edir. Bu proses evlərin yenidən tikilməsi, infrastrukturun bərpası, kənd təsərrüfatının canlandırılması, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin dəstəklənməsi üçün zəruri şərait yaradır. Ən vacibi isə insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasına və həyatlarını yenidən qurmasına imkan verir.

Son illərdə Azərbaycan humanitar minatəmizləmə fəaliyyətini ölkənin daha geniş bərpa prioritetləri ilə əlaqələndirmək istiqamətində geniş işlər həyata keçirib. Bu çərçivədə hazırlanmış dövlət proqramı minatəmizləmə fəaliyyətini şəhərsalma, yenidənqurma və inkişaf prosesləri ilə birbaşa inteqrasiya edir”.

V. Süleymanov əlavə olaraq qeyd edib ki, ümumilikdə, 2020-ci ildən etibarən Azərbaycan hökuməti tərəfindən mülki sahədə tikinti və bərpa işlərinə təxminən 15 milyard ABŞ dolları ayrılıb: “Ərazilər minalardan təmizlənmədən tikinti və hərəkətlilik mümkün deyil. Təhlükəsizlik təmin olunmadan insanların geri dönüşü baş tuta bilməz. Əlçatan və təhlükəsiz torpaq olmadan isə dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Bu, bugünkü müzakirənin əsas mesajıdır. Təhlükəsiz və dayanıqlı bərpa təhlükəsiz torpaqdan başlayır.

Humanitar minatəmizləmə fəaliyyəti çirklənmiş əraziləri yenidənqurma, geri dönüş və ölkənin dayanıqlı inkişafı üçün imkanlara çevirir. Lakin bu çağırış yalnız Azərbaycana məxsus deyil. Dünyanın bir çox ölkələri oxşar problemlərlə üzləşir və mina çirklənməsi bərpa prosesini gecikdirməyə davam edir, mülki əhali isə risk altında qalır”.

Lamiyə Məmmədova

Foto: Pərvin Zeynal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
3
qafqazinfo.az

4Источники