Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Azad Fərəcovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Qeyd: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama əsasən, o, həyat yoldaşı, zərərçəkmiş Lalə Fərəcova (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncuya qəsdən bədən xəsarəti yetirməkdə təqsirləndirilib.
İttihama görə, hadisə ötən il paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Spar” marketin giriş hissəsində baş verib.
Belə ki, Azad Fərəcov həyat yoldaşı Lalə Fərəcova ilə aralarında yaranmış qısqanclıq zəminli mübahisə zamanı qəsdən yumruq zərbəsi endirərək onun sol qulaq nahiyəsinə xəsarət yetirib. Nəticədə zərərçəkmiş şəxsə sol qulaq seyvanının əzilmiş-cırılmış yarası formasında, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirilib.
İstintaq materiallarına əsasən, həmin əməl Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə tövsif olunub.
Məhkəmə iclasında dindirilən Azad Fərəcov ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. O ifadəsində göstərib ki, Lalə hazırda onun həyat yoldaşı olsa da, tərəflər arasında nikahın pozulması ilə bağlı mübahisə mövcuddur və bu barədə Binəqədi Rayon Məhkəməsində iddiaya baxılır.
Onun sözlərinə görə, hadisə günü saat 23 radələrində alış-veriş etmək məqsədilə “Spar” marketə gedib. Marketin girişində həyat yoldaşı Lalə və onun rəfiqəsini görüb. Təqsirləndirilən şəxs söyləyib ki, həmin vaxt arvadının rəfiqəsi ödəmə terminalında əməliyyat aparırmış, zərərçəkmiş isə onun yanında dayanıb tanımadığı bir şəxslə danışırmış. Bu mənzərəni gördükdən sonra əsəbiləşərək həyat yoldaşına yaxınlaşıb və yanında olan şəxsin kim olduğunu soruşub. Lalə isə həmin şəxsi tanımadığını bildirib. Bundan sonra o, həyat yoldaşından marketi tərk etməsini və azyaşlı övladlarının yanına qayıtmasını istəyib.
Azad əlavə edib ki, qısa müddət sonra marketdən geri qayıtdıqda həyat yoldaşının hələ də orada olduğunu görüb və əsəbiləşərək bir dəfə yumruq zərbəsi endirib. Daha sonra hadisə yerini tərk etdiyini bildirib.
O, həmçinin vurğulayıb ki, sonradan Lalənin idarə etdiyi avtomobilin yanına yaxınlaşıb və tərəflər arasında nikah münasibətləri tam başa çatana qədər xoşagəlməz davranışlardan çəkinməsini xahiş edib.
Təqsirləndirilən şəxs deyib ki, həyat yoldaşını izləmədiyini və hadisənin təsadüfi qarşılaşma nəticəsində baş verdiyini söyləyib.
Məhkəmə istintaqı zamanı o, əməlindən peşman olduğunu qeyd edərək, azyaşlı övladlarının bu hadisədən mənfi təsirlənə biləcəyini nəzərə aldığını deyib. Azad həyat yoldaşına qarşı heç vaxt ölüm və ya zor tətbiqi ilə bağlı hədə-qorxu gəlmədiyini də əlavə edib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Lalə Fərəcova isə bildirib ki, təqsirləndirilən şəxs ilə birgə nikahdan üç azyaşlı övladları var və hazırda tərəflər arasında boşanma prosesi davam edir.
Onun sözlərinə görə, hadisə günü rəfiqəsi ilə birlikdə toy mərasimindən qayıdarkən “Spar” marketdə dayanaraq ödəmə terminalından istifadə ediblər. Bu zaman gözlənilmədən əri onların olduğu yerə yaxınlaşıb.
Zərərçəkmiş şəxs ifadəsində qeyd edib ki, Azad əvvəlcə ona “elə bilirsən ki, mənim əlimdən çıxacaqsan” deyib, daha sonra ünvanına nalayiq ifadələr işlədib. Lalə bildirib ki, bundan sonra təqsirləndirilən şəxs onun boğazından tutaraq boğmağa çalışıb və kömək üçün ətrafdakılara müraciət etsə də, heç kim müdaxilə etməyib.
Zərərçəkmiş şəxsin sözlərinə görə, bir müddət sonra Azad yenidən marketin giriş hissəsinə qayıdaraq qəfil şəkildə yumruq zərbəsi ilə onun sol qulaq nahiyəsinə vurub. Zərbədən sonra vəziyyətinin pisləşdiyini, lakin ətrafdakı insanların yanında özünü ələ almağa çalışdığını bildirib.
O əlavə edib ki, sonradan marketdə olan şəxslər təqsirləndirilən şəxsi ondan uzaqlaşdırıblar. Ardınca avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edib. Həmçinin qulağından qan gəldiyi üçün tibbi yardım almaq məqsədilə xəstəxanaya üz tutduğunu bildirib.
Lalə söyləyib ki, hadisədən sonra ağrılar şiddətləndiyinə görə yaşadığı ünvana həkim çağırmalı olub. Onun sözlərinə görə, tərəflər arasında baş vermiş münaqişə ümumilikdə 15–20 dəqiqə davam edib.
Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan olunmuş amnistiya aktının təqsirləndirilən şəxsə tətbiq edilməsinə etiraz etmədiyini bildirib.
Azad da məhkəmədən əməlindən peşman olduğunu bildirərək, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya qərarının tətbiq olunmasını xahiş edib.
Kamal Məmmədov