Nəsimi Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Elvar Zəfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 1 ay 4 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və Elvar Zəfərov məhkəmə iclas zalından həbsdən dərhal azad edilib.
İttihama görə, Elvar Zəfərov paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Kəpəz Hospital”da porter (xəstə daşıyan) vəzifəsində işlədiyi müddətdə vahid niyyətlə hərəkət edərək özgənin əmlakını gizli talamaq məqsədi güdüb.
Belə ki, o, müxtəlif tarixlərdə - 2025-ci ilin avqust ayının sonları, sentyabr ayının əvvəllərində hospitalın əməliyyat blokuna qanunsuz daxil olaraq oradan yüksək dəyərə malik tibbi avadanlıq və alətləri mərhələli şəkildə götürüb.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs sərbəst daxil olmaq səlahiyyəti olmadığı halda saxlanc yeri hesab olunan əməliyyatxana otaqlarına daxil olaraq müxtəlif cərrahi və uroloji avadanlıqları gizli şəkildə talayıb.
Oğurlandığı bildirilən tibbi ləvazimatlar arasında 1800 manat dəyərində URS optikası, ümumi dəyəri 2000 manat olan iki ədəd URS qrasper aləti, 1000 manat dəyərində daş qırma ucluğu, ümumi dəyəri 1500 manat olan iki ədəd Sprəs Reany 150 mm aləti, 10 min manat dəyərində perkütan optikası, 2800 manatlıq nefreskop obturator dəsti, 1800 manatlıq dilatator dəsti, ikili və üçlü panç alətləri, perkütan daş qırma sistemləri, laparoskopik optika cihazı, fiber-optik işıq kabeli, eləcə də müxtəlif laparoskopik dissekter, qayçı, qresper, lüyer, zajem, krokodil və digər cərrahi alətlər yer alıb.
Ümumilikdə 50 000 manat dəyərində tibbi avadanlığın talanması nəticəsində “Kəpəz Hospital”a xeyli miqdarda maddi ziyan dəydiyi müəyyən edilib.
Məhkəmə istintaqı zamanı dindirilən Elvar Zəfərov ittiham üzrə özünü təqsirli bilib və ifadəsində hadisənin maddi çətinliklər fonunda baş verdiyini söyləyib.
Onun sözlərinə görə, 2025-ci ilin avqust ayında ciddi maliyyə sıxıntısı yaşayıb və bu səbəbdən işlədiyi hospitaldan tibbi alətləri götürərək satmaq qərarına gəlib.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, alətlərin birdəfəyə götürülməsi diqqət çəkə biləcəyindən onları hissə-hissə çıxarmağa üstünlük verib. Bu məqsədlə ilk olaraq axşam saatlarında əməliyyatlar bitdikdən və əməkdaşların iş yerini tərk etdiyindən əmin olduqdan sonra “Kəpəz Hospital”ın ikinci mərtəbəsində yerləşən birinci əməliyyat otağına daxil olub. Oradan öd əməliyyatlarında istifadə olunan tibbi alətləri yaşıl rəngli konteynerə yerləşdirərək götürüb və sonradan soyunub-geyinmə otağındakı şəxsi şkafında gizlədib.
Elvar bildirib ki, sonrakı günlərdə də iş vaxtından kənar saatlarda əməliyyat otaqlarına daxil olaraq müxtəlif tibbi alətləri götürüb və onları sellofan paketlərdə xəstəxanadan çıxarıb.
İfadəsinə görə, daha sonra “Əli” adlı tanışı ilə əlaqə saxlayaraq əlində işlənmiş tibbi avadanlıqların olduğunu və satmaq istədiyini deyib. Tərəflər Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən “Nənəmin təndiri” adlı obyektin yaxınlığında görüşüblər. Görüş zamanı tanışı alətlərin haradan əldə edildiyini soruşub. O isə xəstəxananın təmir olunacağını və avadanlıqların yeniləri ilə əvəz ediləcəyini deyərək alətlərin artıq istifadəyə yararsız olduğunu bildirib.
Bundan sonra tərəflər razılığa gəlib və Elvar həmin tibbi alətləri 1 200 manata satıb.
Bir müddət sonra hospital əməkdaşlarından biri tərəfindən ona zəng edilərək tibbi alətlərin yerində olmadığı bildirilsə də, o, əvvəlcə bu barədə məlumatı olmadığını deyib.
Təqsirləndirilən şəxs daha sonra Türkiyəya getdiyini, lakin ölkəyə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.
Məhkəmədə son sözlə çıxış edən Elvar Zəfərov törətdiyi əmələ görə səmimi peşman olduğunu qeyd edib. O, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam ödənildiyini, müəssisənin artıq ondan şikayətçi olmadığını vurğulayıb.
Həmçinin ilk dəfə cinayət törətdiyini, himayəsində yaşlı anasının olduğunu bildirən təqsirləndirilən şəxs məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edib.
Kamal Məmmədov