Rusiyalı fiqurlu konkisürən Aleksandr Plyuşenko Azərbaycan millisinin heyətində çıxış edəcək.
QOL.az xəbər verir ki, bu barədə “RIA Novosti Sport” məlumat yayıb. Bildirilir ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası mayın 21-də keçirilən iclasda gənc idmançının ölkə dəyişməsinə razılıq verib.
13 yaşlı Aleksandr gələn mövsümdən etibarən beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edə biləcək. Bunun üçün ona yalnız Beynəlxalq Konkisürmə İttifaqından (ISU) xüsusi icazə sənədi almaq qalır.
Qeyd edək ki, Aleksandr məşhur fiqurlu konkisürən, 2 dəfə Qış Olimpiya Oyunlarının qalibi, 3 dəfə dünya və 7 dəfə Avropa çempionu Yevgeni Plyuşenkonun oğludur. Yevgeni Plyuşenko da məsələyə münasibət bildirib:
“Saşa 5 il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb. Görək nə alınacaq. Onun cəmi 13 yaşı var. Rusiya millisində olmayıb, bu mövsüm müxtəlif səbəblərdən yarışlara qatılmayıb və beləliklə, karantin müddətini keçib. Heç kimin yerini tutmayıb, mənim şəxsi akademiyamda məşq edib”.