"ABŞ prezidenti Donald Trampın İran siyasəti uzun müddətdir beynəlxalq siyasi dairələrdə müzakirə olunur. Bir sıra iddialara görə, Vaşinqtonun Tehranla bağlı sərgilədiyi sərt mövqedə İsrail faktorunun ciddi təsiri var. Hələ münaqişənin ilkin mərhələsində bəzi amerikalı siyasi çevrələrdə ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyat gündəminin formalaşmasında İsrailin rol oynadığı barədə fikirlər səsləndirilirdi. Hazırda da bu yanaşmanın müəyyən formada davam etdiyi iddia olunur. İrana qarşı aparılan siyasətin ABŞ administrasiyasını mürəkkəb vəziyyətə saldığı bildirilir. Vaşinqton bir tərəfdən Tehran üzərində təzyiqləri davam etdirməyə çalışır, digər tərəfdən isə regionda genişmiqyaslı qarşıdurmanın yarada biləcəyi riskləri nəzərə alaraq ehtiyatlı davranmağa məcbur qalır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında atəşkəs şərtləri razılaşdırılmadığı halda ABŞ-nin İrana qarşı daha güclü və genişmiqyaslı hərbi addımlar ata biləcəyini bildirib.
Siyasi şərhçi bildirib ki, bu səbəbdən Tramp administrasiyasının zaman-zaman İranla mümkün razılaşma ilə bağlı mesajlar verməsi diqqətdən yayınmır.