RU

Almaniyada xarici investisiyaların azalması tendensiyası davam edir

Berlin, 21 may, AZƏRTAC

Ötən il xarici şirkətlərin Almaniyada həyata keçirdiyi investisiya layihələrinin sayı əvvəlki illə müqayisədə 10 faiz azalaraq 548-ə enib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə EY audit və konsaltinq şirkətinin hazırladığı araşdırmada qeyd olunub.

Məlumata görə, bu, ardıcıl səkkizinci geriləmədir və 2009-cu ildəki qlobal maliyyə böhranından bəri ən aşağı göstəricidir. Araşdırmada təkcə yeni müəssisələrin yaradılması və əlavə iş yerlərinin açılması ilə nəticələnən layihələr nəzərə alınıb. İnvestisiya həcmi ilə bağlı rəqəmlər isə açıqlanmayıb.

Araşdırmada vurğulanıb ki, Almaniyada yüksək vergi yükü, artan əmək xərcləri, enerji qiymətlərinin bahalığı və mürəkkəb bürokratik prosedurlar investisiya fəallığını zəiflədən əsas amillər sırasındadır.

EY-ın hesabatına əsasən, ötən il Avropa üzrə ümumilikdə 5026 yeni investisiya və genişlənmə layihəsi elan edilib ki, bu da əvvəlki illə müqayisədə 7 faiz azdır. Fransa 852 layihə ilə birinci, Böyük Britaniya isə 730 layihə ilə ikinci yerdə qərarlaşıb. Almaniya isə 548 layihə ilə üçüncü sırada yer alıb.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Избранный
44
2
azertag.az

3Источники