Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Musavat.com xəbər verir ki, mərasim 20 may 2026-cı il tarixində Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə “Marriott” mehmanxanasının “Grand Ballroom” zalında baş tutub.
Tədbirdə Rumıniyanın dövlət və hökumət nümayəndələri, deputat və senatorlar, diplomatik korpusun rəhbərləri, ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri, yerli media rəhbərləri, türk və tatar icmalarının təmsilçiləri, İran azərbaycanlıları icmasının üzvləri, eləcə də Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Mərasimi açıq elan edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov qonaqları salamlayaraq rumın dilində çıxış edib. Səfir 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın XX əsrin sonunda müstəqilliyini yenidən bərpa etməsindən sonra üzləşdiyi ağır sınaqlardan və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tarixindəki misilsiz xidmətlərindən danışıb.

Qüdsi Osmanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi, iqtisadi və diplomatik sahələrdə mühüm uğurlar qazanaraq regionun aparıcı dövlətlərindən birinə çevrilib. O bildirib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan etibarlı tərəfdaşdır.
Səfir çıxışında 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ vasitəçiliyi və Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında münasibətlərin normallaşdırılmasına dair mühüm sənədin imzalandığını da xatırladıb. Onun sözlərinə görə, bu sənəd regionda uzunmüddətli münaqişənin sona çatdırılması üçün əsas yaradıb.
“Cənubi Qafqazda sülh yalnız region dövlətlərinin deyil, bütövlükdə Avropanın, xüsusilə Avropaya açılan əsas qapılardan biri hesab olunan Rumıniyanın maraqlarına xidmət edir”, – deyə səfir vurğulayıb.
Rumıniya Senatının sədr müavini Mirça Abrudean isə çıxışında 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən bəhs edib. O, Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu xatırladaraq, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib.
Mirça Abrudean qeyd edib ki, Rumıniya 2009-cu ildə Azərbaycanla Strateji Tərəfdaşlıq Bəyannaməsini imzalayan ilk Avropa İttifaqı ölkəsi olub. O, Azərbaycan investisiyalarının Rumıniyanın enerji və rəqəmsal infrastruktur layihələrində mühüm yer tutduğunu diqqətə çatdırıb.

Rumıniya Prezident Administrasiyasının dövlət müşaviri Vlad İonesku da çıxışında bildirib ki, iki ölkə arasında tərəfdaşlığın təməli Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Buxarestə səfəri zamanı qoyulub. Onun sözlərinə görə, Azərbaycan hazırda Rumıniyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşıdır.
Vlad İonesku Cənub Qaz Dəhlizi, Qara dənizin altından yaşıl enerjinin nəqli və Xəzər dənizi–Qara dəniz beynəlxalq nəqliyyat marşrutu layihələrinin Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Rumıniya Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə dövlət katibi Ana Kristina Tinka çıxışında Azərbaycanın sivilizasiyaların qovuşduğu məkanda yerləşən və Cənubi Qafqazın əsas geostrateji dövlətlərindən biri olduğunu bildirib.
Nazir müavini bu il Azərbaycanla Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin tamam olduğunu qeyd edib və Qara dəniz–Xəzər multimodal nəqliyyat dəhlizi üzrə sazişin yaxın vaxtlarda imzalanacağına ümid etdiyini söyləyib.
Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, keçmiş baş nazir müavini Marian Neakşu da Azərbaycanın Rumıniya və Avropa üçün strateji əhəmiyyətini vurğulayıb. O, Azərbaycanı Rumıniyanın ən yaxın dostlarından biri adlandırıb və enerji əməkdaşlığının hər iki ölkə üçün böyük önəm daşıdığını qeyd edib.
Marian Neakşu çıxışının sonunda Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıb.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku isə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Bakıda və Buxarestdə qarşılıqlı səfirliklərin açılması və diplomatik münasibətlərin inkişafı istiqamətində mühüm qərarlar məhz Heydər Əliyevlə aparılan danışıqlar zamanı qəbul olunub.
Keçmiş prezident qeyd edib ki, 1996-cı ildə ATƏT-in Lissabon zirvəsində Heydər Əliyevlə yaxın münasibətlər formalaşıb və sonrakı dövrdə qədim İpək yolunun bərpası istiqamətində mühüm layihələrin əsası qoyulub.

Mərasim çərçivəsində foyedə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, mina problemini, Azərbaycanın turizm potensialını, eləcə də “2026-cı il – Şəhərsalma və Memarlıq İli” mövzusunu əks etdirən fotosərgi təşkil olunub. Sərgidə Rumıniya–Azərbaycan münasibətlərinə dair materiallar da nümayiş etdirilib.
Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub. Mərasim Rumıniya mediasında da geniş işıqlandırılıb və Azərbaycanın müstəqil dövlət kimi artan beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilib.
Musavat.com