RU

"Uşaqpulu valideynlərdə tənbəllik yaratmaz" - Sosioloqdan deputata ETİRAZ

Milli Məclisin deputatı Günay Ağamalı “Günə doğru” verilişində bildirib ki, uşaqları 8 yaşa qədər olan ailələrdə bir atanın işləməsi kifayət edir. Uşaqpulu valideynlərdə məsuliyyətsizlik yaradır, işləmək istəmir.

Deputatın fikirlərini Redaktor.az-a şərh edən sosioloq Üzeyir Şəfiyev bildirdi ki, bu yanaşma ilə razılaşmır:

"Çünki uşaqpulu uşaqlar üçün nəzərdə tutulan sosial müavinətdir və bu, təbii artımı motivasiya edir, stimullaşdırır. Yəni demoqrafik artımı stimullaşdıran alətlərdən biridir. Həm uşağın rifahı, inkişafı, həm də ailənin rifahı üçün hesab edirəm ki, dəstək layihəsi kimi əhəmiyyətlidir. Təsadüfi deyil ki, bir çox ölkələrdə məhz demoqrafik ləngimə və geriləmə olanda bu vasitədən həvəsləndirici alət kimi istifadə olunur. Bu sosial müavinət bizdə də 2006-cı ilə qədər qüvvədə olub. Ünvanlı sosial yardım layihəsi tətbiq olunandan sonra uşaqpulu adlanan sosial müavinətin verilməsi dayandırılıb. Amma yenə də yeni doğulan uşaqlara birdəfəlik sosial müavinət verilir. Eyni zamanda 5-dən artıq uşağı olan çoxuşaqlı ailələrə də sosial müavinət ayrılır. Hesab edirəm ki, Azərbaycanda artıq bir neçə ildir demoqrafik ləngimə özünü göstərir. Görürsünüz ki, hər il yeni doğulanların sayında ciddi azalma var. Hətta son 10 il ərzində 39 min azalma qeydə alınıb. Eyni zamanda son 22 il ərzində, bilirsiniz ki, sosial xidmət haqqında dövlət proqramının preambula hissəsində də bu qeyd olunub, ölkə əhalisi cəmi 26,4 faiz artsa da, ahılların sayı 99,4 faiz artıb. Bu isə çox ciddi rəqəmdir. Görürsünüz ki, hər il yeni doğulanların sayında əsaslı azalma müşahidə olunur.

Hətta Nazirlər Kabinetinin yaxınlarda hesabatı dinlənildi. Həmin hesabatda da bildirildi ki, əgər Azərbaycanda demoqrafik ləngimə bu şəkildə davam etsə, yaxın perspektivdə birinci sinfə gedən şagirdlərin sayının azalması fonunda 50 min müəllim ştatı ixtisar oluna bilər. Yəni ümumiyyətlə, hesab edirəm ki, demoqrafik ləngimə bu gün cəmiyyətimizdə heç vaxt olmadığı qədər ciddi şəkildə hiss olunur. Düzdür, Cənubi Qafqaz ölkələri arasında təbii artıma görə hələ ki, liderik, amma əvvəlki onilliklərlə müqayisədə Azərbaycanda demoqrafik ləngimə artıq açıq şəkildə görünür. Hesab edirəm ki, uşaqpulu adlanan sosial müavinətlər bərpa olunsa və hətta diferensial sosial müavinətlər tətbiq edilsə, yəni bir uşağa görə bir məbləğ, iki uşağa görə başqa məbləğ, üç və daha çox uşağa görə fərqli sosial müavinətlər verilsə, Azərbaycanda demoqrafik ləngiməni azaltmaq mümkün olar. Yəni təbii artımda müsbət dinamikanın yaranmasına nail olmaq mümkündür. Bu baxımdan hesab edirəm ki, uşaqlar üçün nəzərdə tutulan sosial müavinətlərin, yəni uşaqpulunun bərpasına ehtiyac var".

Müsahibimiz bildirdi ki, ABŞ baxmayaraq ki, əhalisi kifayət qədər çox olan ölkədir, Prezident Donald Tramp 2026-2028-ci illər üçün nəzərdə tutulan dövlət proqramını qəbul etdi:

"Həmin proqrama görə yeni doğulan uşaqların adına hesab açılır və o hesaba təxminən 1000 dollar vəsait yerləşdirilir. Burada söhbət əsasən aztəminatlı ailələrdən gedir və median əməkhaqqısı 150 min dollardan aşağı olan ailələr nəzərdə tutulur. Həmin vəsait qiymətli kağızlar bazarına depozit kimi yerləşdirilir və uşaq böyüdükdən sonra həmin hesabdan istifadə edir. Hesab edirəm ki, Azərbaycanda da nəinki uşaqpulu adlanan sosial müavinətlər bərpa olunmalıdır, eyni zamanda demoqrafik ləngimənin qarşısını almaq üçün buna bənzər addımlar atıla bilər. Məsələn, 1000 dollar olmasa da, yeni doğulan uşaqların adına 100 dollar civarında hesab açıla bilər. Hesab edirəm ki, bu da demoqrafik ləngimənin qarşısının alınmasına kömək edə bilər. Eyni zamanda çoxuşaqlı ailə anlayışı 5 uşaqdan 3 uşağa endirilsə, Azərbaycanda ailə planlaşdırılmasında üçuşaqlı ailə modelinə daha çox üstünlük verilə bilər. Yəni bütün hallarda uşaqpulu adlanan sosial müavinətin bərpası vacibdir. Uşaqpulunun valideynlərdə tənbəllik yaradacağı fikri ilə qəti razı deyiləm. Valideyn əməkhaqqı alır, amma uşaqpulu adlanan sosial müavinət əksinə, ailələrin dövlət dəstəyini hiss etməsi üçün şərait yaradır. Eyni zamanda bu, vətəndaş-dövlət münasibətlərinə də müsbət təsir göstərə biləcək addım olar. Hesab edirəm ki, uşaqlar üçün nəzərdə tutulan sosial müavinət bərpa olunsa, daha məqsədəuyğun olar".

NURİYYƏ

Избранный
17
redaktor.az

1Источники