RU

Dünya alpinizm tarixində unikal rekordYalın əl ilə Everestə çıxdı

Dünya alpinizm tarixində unikal və bənzəri olmayan rekord qeydə alınıb. Əslən Başqırdıstandan olan rusiyalı bloger və paraalpinist Rüstəm Nəbiyev planetin ən yüksək nöqtəsi sayılan Everest zirvəsinə (8848 metr) yalnız əllərinin köməyi ilə dırmaşaraq tarixi nailiyyətə imza atıb. 34 yaşlı idmançı bu barədə öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Nəbiyevin sözlərinə görə, o, mayın 20-si yerli vaxtla saat 08:16-da dağın zirvəsinə çatmağı bacarıb. O, dünya alpinizmində bu üsulla zirvəni fəth edən ilk və yeganə idmançıdır.

Zirvədə göz yaşlarını saxlaya bilməyən paraalpinist öz hisslərini bu sözlərlə ifadə edib:

“Hazırda sadəcə dayunmadan ağlayıram. Sevincdən, sağ qaldığımdan, yoxsa həddindən artıq yorulduğumdan ağladığımı bilmirəm. Bu yürüşü hazırda məni izləyən hər bir kəsə həsr edirəm. Bu addımımla hər kəsə yalnız bir mesaj vermək istəyirəm: nə qədər ki canınızda nəfəs var – mübarizə aparın! Sonadək mübarizə aparın, xahiş edirəm! Buna dəyər”.

Aprelin əvvəlində start götürən bu təhlükəli ekspedisiya zamanı Rüstəm Nəbiyev ciddi sınaqlarla üzləşib. Dağ xəstəliyindən əziyyət çəkən idmançının qanındakı oksigen səviyyəsi (saturasiya) 64%-ə qədər düşsə də, o, geri çəkilməyib və iradə nümayiş etdirərək yoluna davam edib.

Faciədən zirvəyə uzanan yol

Rüstəm Nəbiyev 2015-ci ildə hərbi xidmətdə olarkən Omskdakı qışlanın (kazarma) uçması nəticəsində hər iki ayağını itirib. Dağıntılar altında 7 saatdan çox qalan gənc möcüzə nəticəsində sağ xilas edilsə də, həyatını protezlər və əlil arabası ilə davam etdirməli olub. Lakin bu ağır faciə onun iradəsini qıra bilməyib; o, idmanla ciddi məşğul olmağa başlayıb, sleyç-xokkey üzrə mükafatlar qazanıb və ekstremal alpinizmə üz tutub.

Everestə qədər Rüstəm Nəbiyev yalnız əllərinin gücü ilə Elbrus (hər iki zirvəsini), Manaslu, Akonkaqua, Ararat, Kazbek və Kilimancaro kimi dünyanın bir çox nəhəng və mürəkkəb dağ zirvələrini fəth edib. Onun bu son nailiyyəti fiziki imkanların insan iradəsi qarşısında heç bir maneə yarada bilməyəcəyinin növbəti parlaq sübutu olub.

AzPost.az

Избранный
35
1
azpost.info

2Источники