Ankaradakı Ukrayna səfirliyinin koordinasiyası və dəstəyi ilə təşkil edilən mətbuat turu çərçivəsində Türkiyənin əsas media nümayəndələri Krım Tatar Milli Məclisinin (KTMM) Kiyev ofisini ziyarət ediblər.
Hafta.az yazır ki, səfərdən sonra KTMM prezidenti Refat Çubarov CNN Türk-ün suallarını cavablandırıb.
Krımın Rusiya işğalından azad edilməsinin Krım tatarları üçün həyati əhəmiyyət kəsb etdiyini bildirən Çubarov deyib: "Əgər Krım yarımadası Rusiyanın işğalından azad edilməsə, Krım tatar xalqının gələcəyi üçün heç bir şans qalmayacaq".
Çubarov ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Krımın Rusiyaya verilməsi ilə bağlı razılığa gəldikləri iddiasına reaksiya verib.
Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən çıxmalı olduğunu vurğulayan Çubarov bildirib ki, "Rusiya 18-ci əsrdən bu günə qədər Krım tatarlarına dəyən əzablara görə məsuliyyət daşıyır. Krımın Rusiyaya verilməsi Krım tatarlarının ölümünə bərabərdir. Krımın Rusiyaya verilməsi qəbuledilməzdir".
Rusiyanın Krımı işğal etdiyi vaxtdan bəri həyata keçirdiyi demoqrafik əməliyyata diqqət çəkən Çubarov, yarımadada bir milyon Rusiya vətəndaşını yerləşdirdiyini bildirib.
Rusiyanın qanuna məhəl qoymayan dövlət olduğunu bildirən Çubarov deyib: “Rusiya Krımın qala kimi qorunduğu fikrini təbliğ edir. Amma bu belə deyil. Vaxtı gələndə Krım süqut edəcək”.
Çubarov əlavə edib ki. əgər Ukrayna ilə Rusiya arasında sülh danışıqları baş tutarsa, Ukrayna nümayəndə heyətinə KTMM-in nümayəndəsi də daxil edilməlidir. “Biz Krım tatar xalqının hüquqlarını təmin edən xüsusi muxtar quruluş istəyirik. Ukrayna xalqının əksəriyyəti də bunu dəstəkləyir”, - o deyib.