RU

Vatikanda Araik müzakirəsi – Bakıdan REAKSİYA

Vatikana səfər edən erməni katalikosu I Aram nümayəndə heyəti ilə birlikdə kardinal Parolin ilə görüşüb.

Tribuna.az bildirir ki, Parolin Vatikanın baş naziridir və Papadan sonra ikinci ən vacib şəxs hesab olunur. Kardinal Vatikanın inzibati, siyasi və xarici əlaqələri ilə bağlı məsələlərə cavabdehdir. Erməni katalikos onunla görüşdə Bakıda həbsdə olan erməni terrorçuların məsələsini qaldırıb. Lakin Vatikanın baş naziri ona reaksiya verməyib və cavabsız qoyub.Qeyd edək ki, erməni kilsə xadimləri beynəlxalq görüşlərdə Qarabağa qayıdış və hərbi canilərin azad olunmasını gündəmə gətirirlər. Lakin onları adam yerinə qoyan olmur. Erməni kilsəsi, revanşist müxalifət və diaspor niyə terrorçularla bağlı kampaniyanı genişləndirir? Bakı təzyiqlərlə onları azad edəcəkmi?

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirdi ki, bu kampaniyanın mahiyyəti siyasi manipulyasiyadır: “Ermənistanda revanşist dairələr, radikal diaspor təşkilatları və bəzi kilsə çevrələri yaxşı anlayırlar ki, Azərbaycanın Qarabağ üzərində suverenliyi artıq beynəlxalq reallıqdır və bunu dəyişmək mümkün deyil. Ona görə də indi “humanitar məsələ”, “məhbus hüquqları”, “qayıdış” kimi başlıqlar altında yeni təzyiq mexanizmi qurmağa çalışırlar. Məqsəd birdir: Qarabağ məsələsini yenidən beynəlxalq gündəmə daşımaq və özlərini “əzabkeş tərəf” kimi təqdim etmək. Amma dünya da yaxşı bilir ki, Bakıda saxlanılan şəxslər “siyasi məhbus” yox, konkret cinayət əməllərində iştirak etmiş adamlardır. Onların bir çoxunun adı Xocalı soyqırımı, mülki əhalinin qətli, kəndlərin yandırılması, əsirlərə işgəncə, mina terroru və on minlərlə azərbaycanlının öz yurdundan qovulması ilə bağlıdır. Otuz il ərzində Qarabağ və ətraf rayonlar viran qoyulanda, məscidlər təhqir ediləndə, qəbiristanlıqlar dağıdılanda, şəhərlər yerlə-yeksan ediləndə nə həmin kilsə nümayəndələrinin səsi çıxırdı, nə də “humanizm”dən danışan diasporun vicdanı oyanırdı”.

featured-image-726345

Deputatın sözlərinə görə, Xocalıda uşaqların, qadınların, qocaların meyitləri üzərində vəhşilik ediləndə susanların bu gün “insan haqları” dərsi keçməsi riyakarlığın zirvəsidir:

“Kəlbəcərdə insanların şaxtada dağlardan keçərək öldüyü günlərdə, Ağdamın xarabalığa çevrildiyi illərdə, Gəncə və Bərdəyə raket atılıb dinc insanlar qətlə yetiriləndə bu çevrələrdən bircə dəfə belə “terror” sözü eşidilmədi. Çünki onların problemi hüquq yox, məğlubiyyətdir.Vatikan da, Avropa da, dünyanın böyük gücləri də artıq anlayır ki, məsələ dini və ya humanitar çərçivədə deyil. Söhbət separatizmdən, etnik təmizləmədən və terror metodlarından gedir. Ona görə də erməni kilsə xadimlərinin beynəlxalq görüşlərdə qaldırdığı bu iddialar çox vaxt ya cavabsız qalır, ya da formal dinlənilir. Çünki faktlar ortadadır və həmin faktların qarşısında emosional təbliğat işləmir.

Azərbaycan isə artıq 1990-cı illərin zəif dövləti deyil. Bakı hansısa emosional kampaniyaların, diaspora isterikasının və ya siyasi şouların təsiri ilə dövlət təhlükəsizliyi ilə bağlı məsələlərdə geri addım atacaq ölkə olmadığını çoxdan sübut edib. Xüsusilə də söhbət əlləri qanlı cinayətlərə bulaşmış şəxslərdən gedirsə. Dövlət üçün əsas prinsip beynəlxalq hüquq və milli təhlükəsizlikdir. Müharibə cinayətlərində adı hallanan şəxslərin məsuliyyətə cəlb olunması isə hər bir suveren dövlətin haqqıdır.Bu gün revanşist qüvvələrin əsas qorxusu da budur: Qarabağ məsələsinin birdəfəlik bağlanması. Ona görə hər fürsətdə “məhbus”, “qayıdış”, “humanitar böhran” kimi başlıqlarla yeni mifologiya yaratmağa çalışırlar. Amma tarixi faktlar dəyişmir. Qarabağda dağıdılan şəhərlər də, basdırılan minalar da, qətlə yetirilən insanlar da dünyanın yaddaşındadır. Və həmin yaddaş saxta təbliğatdan daha güclüdür”.

Cavanşir ABBASLI,
Musavat.com

Избранный
13
musavat.com

1Источники