RU

Aqil Abbasın Rəmiş oğurluğu

(Aqil Abbasın “Rəmiş” povesti haqında Seyran Səxavət ilə müsahibə)

S.Səxavət –Pəri bala, “Rəmiş”i oxudun?

- Oxudum, Seyran müəllim. Həm də birnəfəsə oxudum.

S.Səxavət – Mən Rəmişin romanını oxumuşam, yəni özünü oxumuşam. Biz çox yaxın olmuşuq. Aqilin də povestini elə birbaşa, birnəfəsə oxudum. Yəqin Aqil də bu povesti elə birnəfəsə yazıb. Çünki birnəfəsə yazılmayan yazılar birnəfəsə oxunmur. Hıqqına-hıqqına yazılan yazılar hıqqına-hıqqına da oxunur!

İndi də bu barədə yazmaq istəyirəm, amma nə  hamının tanıdığı Rəmişdən, nə də Aqilin “Rəmiş”indən sadə, elə-belə bir yazı yazmaq istəmirəm. Mən də söz adamıyam, sən də. Bəlkə birləşib bir ilkə imza ataq – Povest haqqında bir müsahibə edək. Suallar səndən, cavablar məndən.

- Böyük məmnuniyyətlə. “Rəmiş”i Seyran Səxavət gözü, dili və üslubu ilə oxumaq çox maraqlı olar.

S.Səxavət – Rəmiş elə qeyri adi, fövqəl bir vücud idi ki, o, özü haqqında çox böyük bir epopeya yazıb. Gör, Aqil özünə nə qədər arxayındır ki, bu həqiqəti bilə-bilə təzdən girişdi ki, yox mən də öz Rəmişimi yaradacam. Amma Rəmiş özünü çoxdan yaradıb da. Xasiyyəti ilə də, tərsliyi ilə də.

Azərbaycan xalqı məşhur “Uşaq və buz”  şeiri kimi Rəmişi əzbər bilir. Bunun üstünə durub “Rəmiş” adlı bir əsər yazmağa girişmək böyük cəsarət istəyir. Amma elə bilirəm, Aqil bu əsəri yazmaq istəyəndə heç mən deyənləri fikirləşməyib. Elə “Ya Allah-Muhəmməd- ya Əli”- deyib və yazmağa başlayıb və möhtəşəm də  bir nümunə yaradıb.

  • Hər kitab oxucuya hansısa bir fikri ötürür. “Rəmişi” yazmaqla Aqil Abbas oxucusuna nə demək istəyib, hansı ismarıcı göndərib, hansı fikri ötürmək istəyib?

S.Səxavət – Oxucuya heç nə ötürmək istəməyib. Rəmiş özü-özünü oxucuya - Azərbaycan xalqına çox qəşəng təqdim edib və ötürüb. Amma bu şifahidi də Şifahi. Aqil sadəcə onu (Sadəcə də o qədər sadə olmasa da) rəsmiləşdirib, yazılı şəklə salıb. Yəni gələcəkdə, yüz ildən sonra bizim dünyaya gələnlərimiz onu tanısın. Çünki, dünyadan gedənlərimiz hərəsi özü ilə bir Rəmiş aparacaq – tay Rəmiş qalmayacaq ki...

 Gör eee... yüz il sonra bizim nə qədər dünyadan gedənimiz olacaq? Hərəsi bir Rəmiş aparsa yerdə nə qalar? Mənə elə gəlir ki, Aqil məhz bu zərurətdən yazdı, təqdim elədi “Rəmiş”i.

Aqil Abbas öz əsərində Rəmişdən xeyli oğurluq eləyib, plagiat eləyib. Xeyli... Amma o oğurluq dünyada bəlkə də yeganədir ki, onun halallığı İlahidən verilib. Sənət tərəfindən, söz tərəfindən Aqil o halallığı alıb artıq. Amma oğru olmağına oğrudur.

Bir nüans da ondan ibarətdir ki, Aqili biraz da burda Rasim Balayevə oxşatdım. Biraz fərqli sahələrdir.  Bu kinodur, necə deyirlər:”Bu kino ki var...” Həqiqətən də çox çətindir xalqın təfəkküründə, şüurunda, hissiyatında bir ərazisi olan obrazı yaratmaq, tutaq ki Nəsimini. O əraziyə heç kim toxuna bilməz. Necə deyərlər “çıxarışı” da, “kupça”sı da ona məxsusdur o ərazinin. Rasim o obrazı yaratmaqda necə çətinlik çəkibsə, bəlkə beş qat da artıq Aqil çəkib. Çünki tanınmış adamı təqdim eləmək çox çətindir. Nəsimi özünü yaxşı tanıyar, yoxsa Rasim Balayev Nəsimini?! Yaxud da Aqil Abbas cənabları Rəmişi yaxşı tanıyar, yoxsa Rəmiş özü-özünü?! Yəqin ki, fikrimi çatdıra bilirəm. Bax, bu barədə həm də son dərəcə çətindir. Son dərəcə böyük cəsarət, böyük istedad və bunların başının üstündə çətir kimi  böyük, nəhəng bir səmimiyyət istəyir. Yoxsa heç nə alınmazdı.

  • Aqil Abbas yazıb:” Rəmiş başdan ayağa ruhdur – yarı mələk, yarı şeytan.”

Bəs Seyran Səxavət Rəmişi necə təsvir edər?

 

S.Səxavət – Vallah, Aqil burda çox sərrast deyib.

Mən də onunla uzun müddət dostluq eləmişəm. Curruq eləmişik necə deyərlər.

Yer üzündə sırf mələk və yer üzündə sırf şeytan yoxdur. Aqil də onu ya bilərəkdən, ya da duyaraqdan belə yazıb.  Bu beyin istehsalı, bilgi materialı deyil, duyaraqdan deyib ki, Rəmiş yarı mələk, yarı şeytandır. Mən də onun fikri ilə razıyam.

Adamı bütün tanıdıqları sevmir ki. Eləcə tanıyır və qalır orda. Sonra nəsə olur, başlayır sevməyə ya da heç sevmir. Sevgi tanışlıqdan xeyli sonra gəlir, yaxud da ümumiyyətlə heç gəlmir. Məsələn, mənə elə gəlir ki,  yüz adam Rəmişi sevirsə, ona ürəkdən, qəlbdə bağlıdırsa, deməli yüz Rəmiş var. Bu hesabla Rəmişin sayı mən dediyimdən minlərlə çoxdur. Aqilin “Rəmişi” ilə də, Rəmişin “Rəmiş”i arasında fərq var. Aqil “Rəmişini belə tanış edir- daha doğrusu, böyük Rəmişin bəzi xüsusiyyətlərini öz “Rəmiş”ində cəmləyib təqdim edir.  Deyim ki, çox uğurlu da təqdim edib. Çünki mən də çox yaxından tanıyırdım Rəmişi. Amma bir şeyi də deyim ki, heç kim, heç bir canlı da Rəmişi əvvəldən axıra tanıyıb qurtara bilməz. Rəmiş o qədər uzun bir yoldur ki, onu getməyə bir ömür, iki ömür, beş ömür bəs eləməz. Mən hələ onun sənətinin yolunu deyirəm. Sənətinin yolu həm də Rəmişin yoludur.

  • Kitabda demək olar ki, əvvəldən sona qədər Rəmişin azad adam olmağından bəhs olunub.

Rəmişin azadlığı – Seyran Səxavətin azadlığı – tərəzinin hansı gözü ağır gələr?

S.Səxavət – Bilirsiniz, Mən də azad olmuşam. Bir dəfə də dedim ki:” Azərbaycan xalqı otuz neçəsə ildir azad olub, mən elə səksən ildir azadam. 

Bizim azadlığımız arasındakı fərq deyəndə həm də bu bizim aramızdakı bir şəxs olaraq, bir fərd olaraq fərqdən söhbət gedir. Pərvanə xanım, Rəmiş musiqinin, səsin ona verdiyi imkan daxilində azad adam idi. Mən də sözün mənə verdiyi imkan daxilində azad olmuşam həmişə.

Mənə elə gəlir ki, səs, söz ikisi də bir beldən gəlib. Amma söz biraz səsə borcludur. Bax mən danışıram da, söz deyirəm, bunu səslə deyirəm. Səs olmasa mən nə deyə bilərəm?! Burası biraz qəliz məsələdir, elə qoy Aqilvari deyim, Rəmişvari də eşitsin – orda bir balaca Rəmişin ağlı olsa biməlidir ki, o yazı adamlarından səs adamı olaraq çox-çox yuxarıdadır.
O gitarasını sinəsinə basanda, qabaq-qabağa otursaq da, biz ona elə aşağıdan yuxarı baxmışıq ki, başımızdan papağımız düşüb. Belə bir xalq ifadəsi də var, hörmətli Pərvanə xanım.

  • Azadlığından, sərbəst ruhlu olmağından danışmışkən, gəlin elə kitabda yer alan bəzi məqamlara da toxunaq. Məsələn onun saçına və geyiminə görə müəyyən qadağalarla üzləşməsi.

S.Səxavət – Rəmişin saçı Sovet höküməti kimi nəhəng bir dövlət üçün problemə çevrilmişdi.  Bizim böyük sənətkarlarımızdan olan Vaqif Mustafazadə də bu cür qadağalarla tez-tez üzləşirdi. Hətta bir gün 50- 60- il bundan qabaq dövlət televiziyasının o vaxtkı sədri (ölüb deyə adını demirəm) ona deyib ki, bığını, saqqalını, saçını bir qaydasına sal da. Özdə kabinetnə çağırıb deyir bunu. Ağıllı adamdır axı bu da. Bunlarda ağıl lazım olanda başlayır işləməyə. Maşın qoşulan kimi. Elə baxır sədrin başının üstünə, görür orda Karl Marksın şəkli, o da saqqlı, bığlı. Deyir:” ay filankəs müəllim, budey, elə bizim rəhbərimiz də saç-saqqalı olub ki. Bununla da bu məsələyə birdəfəlik son qoyulur.

Rəmişdə də elə idi. Saç problemi, geyim problemi. Bunlar hamısı normal şeylərdir. Böyük sənətkarlar həmişə öz geyimlərinə oxşayıblar. Geyim insanın xasiyyətidir. Bax Seyran Səxavətin də əynindəki geyim deyil, öz xasiyyətidir.  Ona görə də kiminsə geyiminə qəmiş qoymaq elə onun özünə qəmiç qoymaq deməkdir. Rəmiş də heç kəsi vecinə almırdı - Rəmiş qəmiş götürmürdü.

  • Povestdəki bir mövzuya da aydınlıq gətirməyinizi istərdim – Rəmişin pasport problemi nədən qaynaqlanırdı?

S.Səxavət – Pasport da geyim kimi, uzun saç kimi problem idi. Pasportun olmamağı elə-belə şey deyil. Bu bilirsənmi nə deməkdir – həmən o filankəslər, bəhmənkəslər (yəni dövlət adamları, çinovniklər) Rəmişə pasport verməməklə onun nəhəngliyini subut eləyiblər: Rəmiş, pasportu bu planetdə, Yer kürəsində yaşayanlara verirlər, sən bu planetin adamı deyilsən. Mən bunu belə yozuram, belə qəbul edirəm. Bu mənim həqiqətimdir, heç kəs buna toxuna bilməz.

  • Aqil Abbasın “Rəmiş”i ilə Seyran Səxavətin “Rəmiş”inin oxşar cəhətlərini bilirik. Bəs fərqli cəhətləri nədir?

S.Səxavət – Bayaq da dedim ki, yüz adam Rəmişi tanıyıbsa, deməli yüz Rəmiş var. Mənimlə Aqilin Rəmişi ekizdilər. Ekiztayıdılar. Amma mənim tanıdığım Rəmiş sözünə daha möhkəmdir, sözünün üstündə durandır. Hər adam sözünün üstündə dura bilmir, sürüşür. Mənə elə gəlir ki, mənim Rəmişim Aqilin Rəmişindən min dəfə yaxşı oğlandır. Aqilin Rəmişini çox istəyirəm, amma öz Rəmişimi lap çox istəyirəm.

  • Kitabda yazılıb ki:” 2-ci – 3-cü sinifdə oxuyanda müəlliməsindən xoşu gəlirdi. Xüsusilə də saçını sığallamasından.”

Seyran müəllim, ola bilərmi ki, Rəmiş o sığalın izini itirməmək üçün saçını uzadırdı?

S.Səxavət – Bilirsən, Pərvanə xanım, Allah sənə insaf versin, bu sualın cavabını elə gözəl verdin ki, mən onu zədələmək istəmirəm, elə sən deyən kimidir. O sualın içində cavab da var. Nadir hallarda, çox nadir hallarda sualın cavabı həm də onun içində gizlənir. Elə sən deyən kimidir.

  • Bəs Seyran Səxaavət ilk sevgisini nədə qoruyub, saxlayıb?

S.Səxavət – Qarabağın böyük, nəhəng kəndlərindən olan bizim Yağlıvənd kəndində qoruqçular vardı. Onlar taxıl zəmisini maldan, heyvandan qoruyurdular, onlara “qoruqçu” deyirdilər. Sevgini qormaq lazım deyil. Əslində Sevgi adamın özünü qoruyur. Adam sevginin yanında onun bir körpəsi kimidir. Sevgi onu böyüdür, sevgi onu əmizdirir. Mənim aləmimdə “sevgini qorumaq” ifadəsi yalnışdır. Bunlar Sevgini məişət zəminində söz-söhbətə endirir, lazım deyil onu qorumaq. Sən də belə söhbətlərə baş qoşma.

  • Povestdə Rəmişin bir qadına vurulması da təsvir olunub, yazılıb:”... Pəncərədən baxan xanıma vurulan Rəmiş eləcə gəlib evin önündəki daşın üstündə oturur və qızın baxmağından ləzzət alırdı.”

Bu nə cür sevgidir? Bu aşiqliyin hansı qatıdır? Bu hissin adı nədir, Seyran müəllim?

S.Səxavət – O, İçərişəhərdə daşın üstündə oturub baxırdı haa...  Kitabı oxuyanda, orda bir yer var, mən orda ağladım bu yaşda. Məni ağlatmaq nə hər qadının işidir, nə hər kişinin işidir, nə də hər doğmanın. Yüz faiz hiss edirəm ki, sən də o məqamı duymusan.

Əvvəla ordakı o daş mənim yadıma bizim qədim “elçi daşı”nı saldı. Amma bu “elçi daşı” bizim qədim “elçi daşı” kimi öz borcunu yerinə yetirməyib də, belə deyək. Ümid verməyib.

Bir də orda bir yer var, “Pəncərənin balası”( belə deyək elə) düşür gəlir onun yanına, o, uşağa deyir:”gözlə bu dəqiqə gəlirəm”... gedib gitarasını gətirir verir ona və gedir. Uşaq evə gedəndə “Pəncərə - xanım” ağlayaraq deyir ki, o, bir də gəlməyəcək. İlahi, dəhşətdir bu. Cütlüklər var əsatir şəklində , dastan şəklində - “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Əsli və Kərəm”, Avropada “Ruslan və Lyudmila”, “Romeo və Julyetta” var. Bunu oxuyanda mən bu qərara gəldim ki, Dünyanı bir ovuc torpaq kimi dağılmağa qoymuyan adını sadaladığım dastanların qəhrəmanlarının bir-birini sevməklə bu dünyaya etdiyi alqışlarıdır. Amma Rəmişin sevgisi onların heç birinə bənzəmir. Aqil Abbas sağ olsun, bu ilahi sevgini, bənzərsiz eşqi necə gözəl təsvir edib. Sevginin dili yoxdur, düzdürmü? Amma sən demə var imiş. Rəmiş də o dili yaxşı bilirmiş. Elə o “Pəncərə - xanım” da. İkisi də bu dili çox yaxşı bilirmiş. Onlar xeyli söhbət ediblər, saatlarla danışıblar. Sadəcə biz bəni adəm olaraq o dili bilmirik. O dildə oxumamışıq. Çünki o dildə nə məktəb, nə fakultə yoxdur ki, gedib oxuyasan. Uşaq gitaranı gətirəndə pəncərə- xanımın“o, bir də gəlməyəcək” dediyi yeri oxuyanda 5-6 dəqiqəlik hər şey yadımdan çıxdı. Hər şey... Dünyada o qədər yaddaşda qalmalı şeylər var. Əgər onların hamısı bir anın içində sənin yaddaşından tökülürsə, deməli ya sənin yadaşın pozulub artıq, işləməyəcək. Əgər o yaddaş beş dəqiqə sonra bərpa ounursa, deməli, yaddaşlıq bir iş yoxdur...

  • Seyran müəllim, bəs Rəmiş niyə daha gəlmir ora?

S.Səxavət – Bax , o gitara hədiyyə verilən ana qədər gecə-gündüz o danışıb. Hətta o daşın üstündə oturmayanda da danışıb, mən buna yüz faiz inanıram. Gitaranı çalanda da danışıb. Bəlkə də Pəncərə- xanımla danışıqdır onun çalğıları. Və... İlahidən ona bir vəyh gəlib, hiss edib, duyub ki, o daşın üstündən durub, evinə çatana qədər bir balaca dincəlsin. O, çox yorulmuşdu. Bəşəriyyəti sevmək qədər çətin bir sevgidir Rəmişin o Pəncərə-portretə olan sevgisi. Evə çatana qədər dincəlib. Evə çatan kimi, o, ruhən yenə elə o daşın üstə oturub.

Ümumiyyətlə, Rəmiş elə bütün həyatını daşın üstə yaşayab, mənə elə gəlir. Həmin o İçərişəhərdəki daşın. İçərişəhərin də daşı nə olacaq ki?! Kənd daşı deyil ki, hündür stul kimi oturasan üstündə, yayxınasan. Orda daş da... Daş...

Daşlaşmış daş.

Mən bir dəfə demişdim ki, yumruq boyda daş Yer kürəsi boyda sıxılmış torpaqdır. Bu həm də elə Rəmişə də aiddir.

  • Povestdə zaman-zaman Rəmişlə Paqaninin dialoqu, bənzədilməsi, qarşılaşması yer alır.

Siz onu kimə bənzədirsiniz?

S.Səxavət – Aqil onu Paqaniniyə bənzədib, sağ olsun. Paqanini haqqında mən filmə də baxmışam. O da elə Rəmiş kimi dəlinin biri idi. İki dəli görüşür də.

Paqanini çox böyük sənətkardır. Tarixdə elə böyük sənətkarlar az olub. Paqanini mən rəssamlardan  Van Qoqla müqaisə eləyərdim. Çünki sadəlöv olmasan heç vaxt saf ola bilmərsən. Saf olmasan nə böyük qonşu ola bilərsən, nə böyük ana ola bilərsən, nə böyük dost ola bilərsən, o ki qalmışdı böyük Sənətkar olasan. Bu mənada oxşayıblar əlbəttə.

Mənim ürəyim gəlmir Rəmişi kiməsə bənzədəm. “Ötən günlər” verilişində Rəmiş haqqında demişdim. Aqil onu Paqaniniyə bənzədəndə mən bir balaca etiraz da elədim. Dedim:”Ma elə gəlir ki, baxmayaraq ki, Paqanini daha əvvəl yaşayıb, Rəmiş Paqaniniyə yox, Paqanini Rəmişə  oxşayır.” Elə o fikrimdə də qalıram. Burda təəssübkeşlikdən söhbət gedə bilməz ha...  Mən öz hisslərimə etibarsızlıq eliyə bilmərəm.

Bu adam ağıl üçün deyildi də. Bəlkə də Azərbaycanda yeganə adam idi ki (bəlkə də axtarsaq uzağı bir, ikisini tapmaq olar ya olmaz), Dünya da da yeganələrdən idi ki, Rəmişlə dost olmaq üçün ağıl lazım deyildi, ürək lazım idi.

  • Bəs Seyran Səxavəti və Aqil Abbası kimə bənzədərdiniz?

S.Səxavət – Yenə mən o Rəmiş təcrübəsindən istifadə edərək deyə bilərəm ki, Mən heç vaxt Aqil ola bilmərəm, Aqil də heç  mənim yanımdan da keçə biməz. O, Aqil Abbas kimi maraqllıdır, Mən Seyran Səxavət kimi. Biz bəzi adamlarda birləşmişik Aqillə - Qədir Rüstəmovda, Rəmişdə. Bax, gör, o hesabla götürəndə Rəmiş milyonları birləşdirib e...

Onların sevgi obyekti, sevgi ünvanı, sevgi məkanı, sevgi ərazisi eynidir, o adamları birləşdirib. Bax, sənətin böyüklüyü budur. Sənət də var ki, sənət deyil.  Qədirlə, Rəmişi -  qəlbində bir balaca insaf, mürvət olan insanların hamısı, birmənalı şəkildə hamısı sevrdi. Burda mübahisəyə yer qalmırdı ki, kimsə təsdiq edə, ya da kimsə inkar edə. Bütövlük, tamlıq, İlahi sənət, əfsanəvi sənət, o canlı karifey deyirlər a, maestro bax budur.

  • Seyran müəllim, kitabın bəzi yerlərində müəyyən hissələrin təkrarına rast gəlirik.

S.Səxavət – Hə, başa düşdüm səni. “Müəyyən yerlərdə” deyəndə ki, 3 yerdədir. Yaxşı eləyib bu sualı da verdin. Bu povest həm elə bil ki, böyük bir şeirdir, həm də məndən ötrü elə gözəl bir nəğmədir. Sənin də, mənim də “təkrar” hesab elədiyimiz o abzas yarım bir yeri mənə elə gəlir ki, Aqil Abbas  üç dəfə qəsdən yazıb. O, nəqarətdir. Gözəl bir mahnıda nəqarət hansı rolu oynayırsa, bu povestdə də həmin o, üç dəfə təkrar – nəqarət o rolu oynayır.

  • Kitabın bəzi səhifələrində dini və mifoliji səhnələri əks etdirən illüstrasiyalara rast gəlirik. Bunlardan istifadə səbəbi nə ola bilər?

S.Səxavət – Kitablarda illüstrasiya ənənəsi olub bizdə. Hətta rəssamlar var, məsələn Arif Hüseynov – illüstrasiya rəssamıdır, xalq rəssamı mənim keçmiş qonşum və indiki dostum.

Mən kitabdakı illüstrasiyaların hamısına baxdım, çox qeyri adi şeylərdir. Heç bilmirəm Aqil onu kimə çəkdirib. Amma yəqin ki, elə o rəssam əvvəlcə əsəri oxuyub, həmin ruha uyğun çəkib. Çünki oxumasa bunu bu cür çəkmək mümkün deyildi. Bəlkə bir dəli də onu çəkən o rəssamdır. Allah eləsin Azərbaycan elə belə dəlilərlə dolu olsun. Dəli deyəndə - Koroğlunun ətraındakılara da dəli demişik biz. El dilində bir ifadə də var, bir yaxşı kişi görəndə deyiblər:”Dəlidolu adamdır.”

  • İllüstrasiyalara baxanda məhz İsa Məsihi simvolizə edən mənzərə canlanırdı. Bəlkə də o ruh məsələsi var orda deyə məhz Xristian dini ilə əlaqələndirilib o şəkillər.

S.Səxavət – Haqlısan, var. Mən yenə deyirəm, elə bil ki, bu kitab bir səmadır, o şəkillər bir ruh, bir quş kimi bir xeyli uçdular başımın üstündə, oxucu başının üstündə dövrə vurdular və çıxıb getdilər.

  • Bu povest Aqil Abbasın Rəmişə bir dost vəfası, dost sevgisi, dost bağının sözlə təzahürü idimi?

S.Səxavət – Sən elə fikirləşirsənsə çox sağ ol.

Burda fərddən söhbət gedə bilməz.  Düzdür, Rəmişi gələcək nəsillərin də tanıması nöqteyi nəzərindən bu vacibdir. Amma bu işin texniki tərəfidir də.

İki çay birləşən yerə “Suqovuşan” deyirlər, hə. Bayaq da dedim, baxmayaraq ki, Aqildən xeyli əvvəl Rəmiş öz əsərini, öz Romanını yazıb. Bax, Aqilin Rəmişdən yazmağı – Suqovuşandır. Bu Suqovuşanın  özü nəyə desən dəyər. Cənnətin filialı kimi baxıram mən suqovuşan yerlərə. Burda bir qovuşma da var axı – insani qovuşma - həsrətlilərin qovuşması, oğlunun davadan qayıtmasını gözləyən anayla balanın qovuşması. Suqovuşan müqəddəs yerdir, ora sadəcə iki suyun qovuşması kimi baxmaq ifadəmə görə üzr istəyirəm, amma çox əbləhanə bir yanaşma olar!!!

  • Seyran Səxavət – Rəmiş – Aqil Abbas hər üçünüzü birləşdirən bir dəyər də var Segah. Niyə məhz seygah?

S.Səxavət – Bu Muğam deyilən şey təxminən  müsəlman ölkələrinin hamısında  ayaq üstə bütün boy-buxunu ilə görünüb. Azərbaycanda belə hesab edirlər ki 7 əsas Muğam var. Bir dəfə mən televiziya çıxışlarımın birində demişdim ki, bu yeddi Muğamın paytaxtı Segahdır. Rəmiş də Qarabağdandır, Mən də Qarabağdanam, Aqil də Qarabağdandır – Rəmiş də Segahdandı, mən də Segahdanam, Aqil də Segahdandır. Paytaxtımız birdir. Üçümüz də o mənada şəhər uşağıyıq.

  • Siz də sözün əsl mənasında Dost olmağı bacaran birisiniz. Keçən müsahibəmizdə dediniz ki:” ...söhbətləşmək, dərdləşmək istəyəndə dostlarım Yusif Səmədoğlu və Adil Hacıyevin məzarı üstə gedirəm, xeyli danışıram onlarla” . Bəs Rəmişin Segahını dinləmək istəyəndə nə edirsiniz?

S.Səxavət – Rəmişn bir segahı olmayıb ha. Rəmiş yüz dəfə segah çalıbsa hərəsi bir qiyafədə, hərəsi bir boy-buxunda, hərəsində yanıq yerləri var, sadəcə duymaq lazımdır. Axtarmaq lazım deyil onu. Axtarmaqla başa gəlsəydi elə geoloqları işə salardılar da. Necə ki, faydalı və yaxud faydasız qazıntıları tapıllar. Bu ruh məsələsidir. O tapılmır ha, o duyulur. Ruhun da maddi dünyadan, maddi aləmdən fərqi, gözəlliyi, şirinliyi, gözlərinin dərinliyi məhz elə bununla əlaqədard ki, o duyulur. Yoxsa nə yaxşı, elə hamı ...

  • Seyran müəllim, söhbətimizin əvvəlində vurğuladınız ki, kitabı birdəfəyə və birnəfəsə oxumusunuz. Təəssüratlarınızı öyrənmək istəyərdim.

S.Səxavət – Burda mən həm qəhrəmanı tanıyırdım, həm də yazanı. Biri var Tolstoyun əsərini oxuyasan. Mən Tolstoyla oturub - durmamışam, tanımıram, onun qəhrəmanlarını da tanımıram. Tolstoy çox öyük yazıçıdır. Doğurdan bu tamam başqa bir şeydir. Biri də var yazanı da tanıyırsan, qəhrəmanı da tanıyırsan və sənə deym ki, elə bil özünü də tanıyırsan axı. Bu üçlüyün içində oxunan kitab...

Bizim xalq həmişə çörəyə and içməklə bərabər, qurana da , kitaba da and içib. Bu kitab da mənim üçün belə bir müqəddəsdir. Doğurdan da Allahın bu işlərdə əli var. Aqildə də əli var, Aqildən qabaq Rəmişdə də əli oub, Rəmişdən də qabaq gitarada... Bax belə bir dağınıq cavab verim.

Heç necə oxuduğumu bilmədim, ikinci cümlədən sonra aldı apardı məni qanadına.

Siz də bu kitabı  oxumusunuz, görürəm ki, əməlli-başlı məlumatınız var.

Aqil bunu gözəl yazıb, mən də çox gözəl oxudum – Aqil Necə yazıbdırsa, mən də elə oxudum.

  • Rəmişlə söhbət eləyə bildiniz?

S.Səxavət - Aqil imkan verəndə Rəmişnən, Rəmiş imkan verəndə Aqilnən söhbət elədik.

Şablon da olsa deyəcəm, Aqilin bir humanist yazıçı kimi bir üstünlüyü burdadır ki, əsərdə ölüm səhnəsi yoxdur. Aqil bicin biridir - bir sənətkar kimi. O, hiss eləyib ki, Rəmişin ölüm səhnəsini yazsa da heç kəs inanmayacaq, heç kəs. Birinci növbədə mən inanmayacaqdım və telefonu götürüb ona ağzıma gələni deyəcəydim ki, bu qeyri mümkündür.

  • Kitabda yazılıb:” Bu dəqiqə onun ürəyindən yalnız bir şey keçirdi. Ona görə də yavaş səslə otaqdakı tanımadığı adamlara dedi: - Gitaramı istəyirəm.”

Bu cümlə məni çox düşündürdü. Dedim görəsən mən canımı tapşıranda son arzum nə olcaq? Özümə verdiyim bu suala Seyran Səxavət nə cavab verər?

S.Səxavət – Mən heç nə istəməyəcəm. Çünki, ağlı olan adam ölümdən heç nə istəməz. Ölməmişdən qabaq ürəyimdən keçən bir şey olacaq ki, mən dünyada ölməyim, yuxudan ölümə köçüm.

Qayıdaq ona ki, Rəmiş niyə gitarasını istəmişdi. Mifologiyamızda belə bir şey var: yaşlı bir ata can verir, dünyasını dəyişmək ərəfəsindədir. Yeganə bir oğlu var, o da uzaq bir səfərdədir. Həmin ata oğlunu görməyincə ölmür. Hətta ölüm də ona imkan verir. Mənə elə gəlir ki, o gitara Rəmişin atasıdırmı, anasıdırmı, bəlkə də ona o istedadı verə Allahın portretidirmi. O gitaranı verməsəydilər, bəlkə də Rəmiş indiyə qədər elə can üstündə qalardı. Bax həmin o mifalogiyamızda olan məsələni oxucularmızın yadına salıram ki, bilsinlər nəyə görə onu istəyib.

  • Deyirsiniz ki, bəlkə də Allahın bir potreti bilib istəyib gitarasını Rəmiş.  Bəlkə elə Allah da Rəmişlə təkbətək qalmaq üçün, onu dinləmək üçün yanına apardı?

S.Səxavət – Yəqin ki... Bu çox ağır sualdır. Əstəğfurullah, müvəqqəti qoyuram göydəki yerində qalsın, kənara qoyaram deyə bilmərəm. Belə bir variant ola bilər: İnsan nəsə bir zəhmət çəkəndə, bir şey vyaradanda, ev tikəndə onun içində bir uzanır, dincəlir. Qohum əqrəbasını qəbul edir, balalarını böyüdür. O cəhətdən dəqiq olmasa da deyə bilərəm, güman edə bilərəm ki, o barmaqlar İlahi bir vergi idi. Barmaqlar... Şərqdə indi də götürəndə əllər yemək yemək üçün istifadə olunur da. Ancaq çəngəl, ya da qaşıq rolunu oynayır. Əlnən yəni barmaqla ağız arasında çox qısa bir məsafə gedib-gəlib. Baxır o kimin barmaqlarıdır və o barmaq nəyə sürtülür. Rəmişin barmaqları da gitaranın pərdələrinə sürtüləndə ilahi möcüzə yaradırdı.  Rəmiş həmişə gitara çalanda mən onun əllərinə, barmaqlarına xüsusi fikir verərdim.Əlləri gözümün qabağındadır. Rəmişin bir portreti var, əllərinin iki portreti. Qəribə də olsa, Rəmişin gitarasını “Kalaşnikov” avtomatına, əllərini də  avtomatın güllə darağı var ha, bax ona oxşadırdım. Güllələyirdi də. Amma o güllə öldürmürdü, o güllə yaşadırdı, o güllə müalicə edirdi. Onun o “Kalaşnikov”u birdən sözünə baxmasaydı Rəmiş onu çırpardı yerə. Necə ki. Qurban əminin (Qurban Pirimov) tarını çırpıb bir əbləhin təpəsinə.

İndi ağlıma gəldi ki, sən düz deyirsən, bəlkə Allah da ona qulaq asırmış. Rəmişi toya zada çağırırdılar başqa rayonlara, Orta Asiya ölkələrinə, Rusiyaya. Hətta biraz gülməli də olsa deyirəm bəlkə Allahın da toyu zadı var kiməsə, çağırıb ki, Rəmiş orda çalsın. Buna inanıram.

Ölüm gəlmişdi gəlməyinə, amma Rəmişi apara bilmədi. Rəmiş həmişə istədiyi yerə gedib. Onu kimsə harasa məcbur apara bilməyib. Bunun uzun və dərin səbəbləri var.  Mən bilən bir balaca ağlı və hissiyatı olan oxucular biləcək ki, biz səninlə burda nə deyirik. Ölüm də Rəmişin xətrinə elə bil özünü aldatdı. Axı ölüm də hasabat verir və buna görə də gəldi Rəmiş adıyla, Rəmişəbənzər  kimisə, nəyisə götürüb apardı. Onun apardığı ayrı şeydi. Rəmiş bu gün də bizimlədi, burda qalıb (ürəyini göstərir).

  • Çox sağ olun, Seyran müəllim. Sizinlə söhbətdən sonra kitabı elə bil ikinci dəfə oxumuş oldum və birinci dəfə gözümdən yayınan bir çox məqamları yenidən kəşf etdim.

S.Səxavət – Siz də sağ olun, Pərvanə xanım. Çox gözəl, əhatəli suallar verirdiniz. Elə mən necə oxumuşamsa o kitabı,  sən də o cür oxumusan. Yoxsa belə söhbətimiz heç alınmayacaqdı.

 

Избранный
14
1
adalet.az

2Источники