RU

Putinlə Si böyük qaz məsələsini razılaşa bilmədilər...



Məhəmməd Əsədullazadə: "Çin tam şəkildə Rusiya qazından asılı vəziyyətə düşmək istəmir"

Rusiya və Çin prezidentləri Vladimir Putin və Si Cinpin arasında Pekində keçirilən görüş bir daha göstərdi ki, Moskva ilə Pekin arasında strateji yaxınlıq olsa da, bu münasibətlər tam bərabər və emosional müttəfiqlik deyil, daha çox praqmatik maraqlara əsaslanan əməkdaşlıq modelidir. "Sibir Gücü 2" layihəsi ilə bağlı yekun razılığın əldə olunmaması bunu açıq şəkildə ortaya qoyur. Kremlin sözçüsü Dmitri Peskov tərəflərin marşrut və tikinti məsələlərində ümumi anlaşmaya yaxın olduğunu desə də, layihənin nə vaxt başlayacağı və hansı şərtlərlə həyata keçiriləcəyi hələ məlum deyil. Bu isə göstərir ki, əsas problem texniki deyil, siyasi və iqtisadi şərtlərlə bağlıdır.

"Sibir Gücü 2" Rusiyanın Ukrayna müharibəsindən sonra dəyişən geosiyasi və iqtisadi reallıqlara uyğunlaşmaq cəhdidir. Avropa uzun illər Rusiyanın əsas qaz bazarı olub, lakin müharibədən və sanksiyalardan sonra bu bazar faktiki olaraq kəskin daralıb. Moskva indi həmin itirilmiş enerji axınını Çinə yönəltmək istəyir. Layihə Qərbi Sibirdəki yataqlardan Monqolustan üzərindən Çinə ildə 50 milyard kubmetr qaz nəqlini nəzərdə tutur və Kremlin planına görə, bu, Rusiyanın Avropa bazarında itirdiyi mövqelərin bir hissəsini kompensasiya etməlidir.

Lakin burada əsas üstünlük artıq Rusiyada deyil, Çindədir. Müharibədən əvvəl Moskva Avropaya enerji satan böyük güc idi və qiymət siyasətində daha sərbəst davranırdı. İndi isə vəziyyət dəyişib. Çin bilir ki, Rusiyanın alternativləri məhduddur və buna görə Pekin daha sərfəli qiymətlər, daha aşağı tariflər və daha çox güzəşt tələb edir. Bu səbəbdən layihənin ləngiməsi bir çox analitik tərəfindən "strateji bazarlıq" kimi qiymətləndirilir. Çin Rusiyanı tam tərk etmir, əksinə onun zəifləyən mövqeyindən maksimum iqtisadi və geosiyasi fayda götürməyə çalışır.

Bu, Pekinin Moskvanı Qərbin qarşısında taleyin ümidinə buraxması demək deyil. Çin hələ də Rusiyanı ABŞ təsirinə qarşı vacib geosiyasi tərəfdaş hesab edir. İki ölkə həm enerji, həm ticarət, həm də hərbi sahədə əməkdaşlığı genişləndirir. Pekində keçirilən görüşdə təxminən 40 sənədin imzalanması və birgə hərbi təlimlərin artırılması barədə razılıq əldə olunması da bunu göstərir. Hava və dəniz patrullarının genişləndirilməsi, təhlükəsizlik koordinasiyasının gücləndirilməsi və strateji tərəfdaşlıq barədə bəyanatlar göstərir ki, Moskva ilə Pekin Qərbə qarşı müəyyən siyasi balans yaratmağa çalışırlar.

Amma Çin Rusiyanın Qərblə qarşıdurmasına tam şəkildə qoşulmaq istəmir. Pekin üçün əsas prioritet iqtisadi sabitlik və qlobal ticarət sisteminə çıxışdır. Çin ABŞ və Avropa bazarlarından ciddi şəkildə asılıdır və Moskva uğrunda bu münasibətləri riskə atmaq istəmir. Buna görə Çin bir tərəfdən Rusiyanı tam təcrid olunmağa qoymur, digər tərəfdən isə Kremlin zəif vəziyyətindən istifadə edərək onu daha çox özündən asılı vəziyyətə salır. Əslində son illərdə münasibətlərdə "böyük tərəfdaş - kiçik tərəfdaş" modeli daha aydın görünməyə başlayıb və bu modeldə dominant tərəf artıq Çindir.

Bu geosiyasi mənzərə Rusiyanın post-sovet məkanındakı davranışına da təsir edir. Ancaq burada da Rusiyanın imkanları əvvəlki qədər geniş deyil. Ukrayna müharibəsi Kremlin həm iqtisadi, həm də siyasi resurslarını zəiflədib. Moskva artıq eyni vaxtda həm Qərblə qarşıdurma aparmalı, həm Çinlə asimmetrik münasibətləri idarə etməli, həm də post-sovet məkanında təsirini qorumağa çalışmalıdır. Bu isə Rusiyanın əvvəlki qədər sərt və dominant siyasət yürütməsini çətinləşdirir.

Nəticədə Rusiya əvvəlki geosiyasi güc balansını qorumağa çalışır, amma artıq tərəfdaşları və qonşuları Moskvanın zəifləyən mövqeyini nəzərə alaraq daha müstəqil və praqmatik davranırlar. Çin Rusiyanı tam itirmək istəmir, amma onu öz maraqları çərçivəsində daha asılı tərəfdaşa çevirməyə çalışır. Bu proseslər göstərir ki, Ukrayna müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıqda Rusiya əvvəlki kimi oyun qaydalarını təkbaşına diqtə edə bilmir.

Politoloq Məhəmməd Əsədullazadə "Sibir Gücü 2" boru kəməri layihəsindən imtina məsələsi ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Pekinin bu qərarda əsas məqsədi enerji idxalını şaxələndirməkdir.

"Yəni Çin tam şəkildə Rusiya qazından asılı vəziyyətə düşmək istəmir. Hazırda Çin Rusiyadan həm boru kəməri, həm də LNG şəklində 50 milyard kubmetr qaz alır. "Sibir Gücü 2" layihəsi isə ildə əlavə 50 milyard kubmetr qaz deməkdir. Bu isə Çinin Rusiyaya olan qaz asılılığını 20 faizə qaldırar. Üstəgəl, Çin Rusiyadan ildə 100 milyon ton neft alır. Çinin strategiyası isə baha olsa belə, daha çox mənbədən enerji idxal etməkdən ibarətdir. Rusiyadan böyük həcmdə enerji xammalı almaq Pekini Moskvadan asılı vəziyyətə sala bilər. Çin bunu əvvəlcədən proqnozlaşdırır və buna uyğun öz planlarını qurur. Məhz bu səbəbdən Putin-Si görüşündə bu layihəyə yaşıl işıq yandırılmadı" - deyə politoloq vurğulayıb.

Əsədullazadə həmin strategiyanın düzgünlüyünü Avropanın acı təcrübəsi ilə əsaslandırıb: "Hesab edirəm ki, Çinin sürdürdüyü strategiya tamamilə doğrudur. Məsələn, illərdir ki, Avropanın Rusiyadan ciddi enerji asılılığı var idi. Hazırda Avropa İttifaqı ölkələri məlum geosiyasi kataklizmlərin nəticəsində bu asılılığın ağır bəhrəsini dadır. Bu nümunə Çin rəhbərliyinin diqqətindən yayınmır və ona görə də ölkə öz gələcəyini sığortalamağa çalışır".

Dəniz NƏSİRLİ

Избранный
17
baki-xeber.com

1Источники