RU

“Bakının yükünü azaltmaq üçün regionların balanslı inkişafı vacibdir” - Pərvanə Vəliyeva

"Bu gün dünyada baş verən bütün proseslər Azərbaycana da təsir göstərir. Dünyada urbanizasiya sürətləndiyi kimi, biz bunu Bakıda da müşahidə edirik. Bütün infrastrukturun və yükün yalnız Bakının üzərində cəmlənməsi düzgün deyil. Buna görə də inkişaf regionlar arasında balanslı şəkildə bölüşdürülməlidir".
 
QHT.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” adlı panel sessiyasında çıxışı zamanı söyləyib.

P.Vəliyevanın sözlərinə görə, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf strategiyasında regionların inkişafı əsas prioritetlərdən biri kimi müəyyən olunub: “Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf strategiyasında regionların inkişafı əsas hədəflərdən biri kimi müəyyən edilib və bu istiqamətdə ardıcıl işlər aparılır. Eyni zamanda, Bakının yükünü azaltmaq məqsədilə 2040-cı ilədək Baş Plan hazırlanıb. Ümumilikdə isə 74 şəhərdən 69-unun baş planı artıq hazırdır və onların icrası nəticəsində Bakının yükünün əhəmiyyətli dərəcədə azalacağı gözlənilir”.

Pərvanə Vəliyeva bildirib ki, Bakının Baş Planında şəhərin inkişafı üçün dörd əsas prioritet müəyyənləşdirilib: “Bakının Baş Planında dörd əsas prioritet müəyyənləşdirilib. Birinci prioritet inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılmasıdır. Yəni hər kəs üçün bərabər imkanların yaradıldığı şəhərlər qurulmalıdır”.

Deputat vurğulayıb ki, təmiz şəhər konsepsiyasının həyata keçirilməsi əsas istiqamətlərdən biridir: “2-ci prioritet təmiz şəhər konsepsiyasının həyata keçirilməsidir. Buraya təmiz hava, təmiz su, təmiz torpaq, sanitariya problemlərinin həlli və təmiz enerjidən istifadə daxildir. Azərbaycan bu istiqamətdə mühüm layihələr həyata keçirir və xarici investorları da prosesə cəlb edir".

Millət vəkili qeyd edib ki, tarixi və mədəni irsin qorunması şəhərsalma siyasətində mühüm yer tutur: “3-cü prioritet tarixi və mədəni irsin qorunmasıdır. Tarixi memarlıq abidələrinin davamlı şəkildə mühafizəsi və inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır".

P.Vəliyevanın sözlərinə görə, sənayeləşmiş şəhərlərin qurulması iqtisadi və sosial inkişaf baxımından vacibdir: “4-cü prioritet isə sənayeləşmiş şəhərlərin qurulmasıdır. Bu, iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması və turizmin inkişafı baxımından vacibdir. Biz bunu Qarabağ və Şərqi Zəngəzurda aydın şəkildə görürük. Həmin ərazilərdə təkcə müasir infrastruktur yaradılmır, eyni zamanda sənaye şəhərləri qurulur və yeni məşğulluq imkanları formalaşdırılır".

Deputat əlavə edib ki, gələcəyin şəhərlərinin mərkəzində insan amili dayanmalıdır: “Bu 4 prioritet və prinsip əsasında qurulan şəhərlərin mərkəzində isə insan dayanmalıdır. Çünki gələcəyin şəhərləri məhz insan yönümlü şəhərlər olacaq".

Zəhra Ağayeva

Избранный
4
qht.az

1Источники