RU

Fransa kolonializminin SON BAHARI - Kanak xalqının azadlıq mübarizəsində YENİ DÖNƏM

Fransa uzun illərdir beynəlxalq ictimaiyyət qarşısında özünü “demokratiya”, “insan hüquqları” və “azadlıq dəyərləri”nin əsas müdafiəçilərindən biri kimi təqdim etməyə çalışır. Paris Afrikadan Sakit okeana qədər müxtəlif regionlarda insan haqları, siyasi legitimlik və hüquqi normalar haqqında dərs verməyə çalışsa da, bu gün Fransanın öz müstəmləkə ərazilərində həyata keçirdiyi siyasət tamamilə fərqli mənzərəni ortaya qoyur. Xüsusilə Kanakidə – Yeni Kaledoniyada baş verən hadisələr Fransanın XXI əsrdə belə köhnə imperiya təfəkküründən imtina etmədiyini açıq şəkildə nümayiş etdirir.
 

Kanakidə yaşananlar təkcə regional siyasi böhran deyil. Kanak xalqına qarşı həyata keçirilən siyasət beynəlxalq hüquq, insan haqları və dekolonizasiya prinsipləri baxımından qlobal müzakirə predmetinə çevrilib.


BMT platformalarında səslənən narahatlıqlar, beynəlxalq təşkilatların hesabatları və müxtəlif insan hüquqları institutlarının açıqlamaları göstərir ki, Parisin Kanakidə apardığı siyasət getdikcə daha çox neokolonial idarəçilik modeli kimi qiymətləndirilir.

Dekolonizasiya adı altında nəzarətin qorunması

Kanak xalqının mübarizəsi yeni deyil. Fransa 1853-cü ildə III Napoleon dövründə adanı işğal etdikdən sonra Kanaki uzun illər klassik müstəmləkə idarəçiliyinə məruz qalıb. XX əsrin ikinci yarısından başlayaraq isə Kanak xalqının azadlıq hərəkatı güclənməyə başladı və nəticədə məsələ BMT səviyyəsinə çıxarıldı. 1986-cı ildən etibarən Yeni Kaledoniya BMT-nin dekolonizasiyaya məruz qalan ərazilər siyahısında saxlanılır.
 

1998-ci ildə imzalanmış Numea sazişi Kanak xalqı üçün müəyyən ümidlər yaratmışdı. Həmin sənəd Kanak xalqının kimliyinin tanınmasını, daha geniş muxtariyyət mexanizmlərini və gələcəkdə öz müqəddəratını təyinetmə imkanlarını ehtiva edirdi. Ən vacib məqamlardan biri isə demoqrafik balansın qorunması idi. Çünki Fransa uzun illər adaya kənardan əhali köçürərək Kanakların siyasi çəkisini zəiflətməyə çalışmışdı.


Lakin Emmanuel Makron hakimiyyəti dövründə Paris faktiki olaraq Numea sazişindən uzaqlaşmağa başladı. Fransa Senatı və Milli Assambleyasında seçici korpusunun genişləndirilməsi ilə bağlı təşəbbüslər Kanak xalqı tərəfindən haqlı olaraq açıq kolonial müdaxilə kimi qiymətləndirildi. Çünki məqsəd aydın idi – adaya sonradan köçürülən əhali hesabına Kanakların siyasi iradəsini zəiflətmək.

Kanak milli hərəkatının fəallarından olan Rok Xaokas da “Bakinsky Rabochiy" qəzetinə verdiyi müsahibədə məhz bu məqama diqqət çəkirdi.

Onun sözlərinə görə, Fransa “demokratiya” adı altında əslində seçki balansını dəyişərək Kanak xalqının müstəqillik perspektivini zəiflətməyə çalışır:

“Fransa daim demokratiyadan danışır, amma sistematik şəkildə demoqrafik təzyiq siyasəti yürüdür, yerli əhalinin təsirini azaldır və eyni zamanda Parisə sadiq olan fransız seçicilərinin sayını artırır”.

Əslində bu siyasət klassik kolonial metodun müasir formasıdır. Əraziyə nəzarəti saxlamaq üçün demoqrafik balans dəyişdirilir, yerli xalqın siyasi çəkisi zəiflədilir və sonra bu proses “demokratik islahat” adı altında təqdim olunur.

2024-cü ilin qanlı mayı

Fransanın seçki manipulyasiyası cəhdləri 2024-cü ilin mayında Kanakidə kütləvi etirazlara səbəb oldu. Minlərlə insan küçələrə çıxaraq Parisin planlarına etiraz etdi. Lakin Fransa hakimiyyəti dialoq yolunu seçmək əvəzinə, yenidən gücə üstünlük verdi.

15 may tarixində fövqəladə vəziyyət elan olundu. Adaya əlavə hərbi qüvvələr və elit jandarm birlikləri – GIGN göndərildi. Terrorla mübarizə əməliyyatlarında istifadə olunan xüsusi təyinatlı qüvvələrin mülki etirazların yatırılması üçün tətbiqi Parisin məsələyə artıq siyasi deyil, təhlükəsizlik problemi kimi yanaşdığını göstərdi.
 

Nəticələr isə ağır oldu. Onlarla insan həyatını itirdi, yüzlərlə şəxs yaralandı və həbs edildi. İnfrastruktur dağıdıldı, yaşayış məntəqələri zərər gördü və Kanaki dərin sosial böhrana sürükləndi.


Ən diqqətçəkən məqamlardan biri isə Fransanın tətbiq etdiyi təhlükəsizlik rejiminin selektiv xarakter daşıması idi. Kanak fəallarının və etirazçıların sərt şəkildə hədəfə alınması, eyni zamanda Avropa mənşəli silahlı qrupların fəaliyyəti ilə bağlı ciddi tədbirlərin görülməməsi Parisin tərəfsiz vasitəçi deyil, artıq birbaşa qarşı tərəf kimi çıxış etdiyini göstərdi.

Bu səbəbdən BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi də Fransaya ünvanladığı son sənəddə qeyri-mütənasib güc tətbiqi və ölüm halları ilə bağlı müstəqil araşdırma aparılmasını tələb etdi.

Kanak fəallarının sürgünü və siyasi təzyiq

2024-cü ilin hadisələrindən sonra Fransa yalnız küçələri nəzarət altına almaqla kifayətlənmədi. Kanak müstəqillik hərəkatının liderlərinə qarşı repressiyalar daha da sərtləşdirildi.

FLNKS rəhbərlərindən biri Kristian Teyn və digər fəalların Fransaya aparılması Kanak cəmiyyətində ciddi narazılıq yaratdı. Minlərlə kilometr uzaqda yerləşən həbsxanalara göndərilən fəallar faktiki olaraq siyasi məhbuslara çevrildilər.

Rok Xaokas bu addımı “müstəmləkə qorxutma siyasəti” kimi qiymətləndirib:

“Fransa hakimiyyəti qəsdən bizi radikal və irqçi kimi damğalamağa başladı. Halbuki müstəqillik təkcə kanaklar tərəfindən deyil, ölkəmizdə yaşayan digər icmalar tərəfindən də dəstəklənir”.

Bu, əslində Fransa hakimiyyətinin uzun illər istifadə etdiyi klassik informasiya modelidir. Əvvəlcə azadlıq hərəkatı “radikalizm” kimi təqdim olunur, sonra isə repressiyalar “təhlükəsizlik tədbiri” adı altında legitimləşdirilməyə çalışılır.

Kanak məsələsi artıq “daxili iş” deyil

Fransa uzun müddət Kanaki məsələsini “ölkənin daxili işi” kimi təqdim etməyə çalışıb. Lakin artıq beynəlxalq hüquqi mexanizmlər də bu yanaşmanı qəbul etmir.

BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin son xəbərdarlığı göstərdi ki, beynəlxalq ictimaiyyət Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnun təhlükə altında olduğunu açıq şəkildə görür. Seçici korpusunun dəyişdirilməsi, qeyri-mütənasib güc tətbiqi, fəalların deportasiyası və ifadə azadlığı ilə bağlı problemlər artıq beynəlxalq sənədlərdə əks olunur.
 

Bu kontekstdə Azərbaycanın və xüsusilə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti xüsusi diqqət çəkir. Uzun illər informasiya blokadasında saxlanılan Kanak xalqının səsinin beynəlxalq platformalara çıxarılmasında BTQ mühüm rol oynayıb.

Bakıda təşkil olunan tədbirlər, BMT platformalarında keçirilən müzakirələr və dekolonizasiya məsələsinin beynəlxalq gündəmdə saxlanılması nəticəsində Fransa artıq əvvəlki kimi rahat şəkildə bu prosesi ört-basdır edə bilmir.

Əslində Azərbaycanın mövqeyi burada yalnız siyasi dəstək məsələsi deyil. Söhbət beynəlxalq hüququn fundamental prinsipindən – xalqların öz müqəddəratını təyinetmə hüququndan gedir. Kanak xalqının mübarizəsi də məhz bu hüququn müdafiəsidir.

İyun seçkiləri: Kanakinin gələcəyini müəyyən edəcək səsvermə

Bütün bu proseslərin fonunda iyun ayında Kanakidə keçiriləcək regional seçkilər xüsusi əhəmiyyət daşıyır. Bu seçkilər artıq sıradan inzibati və ya siyasi kampaniya deyil. Bir çox ekspert və beynəlxalq müşahidəçi qarşıdakı səsverməni Kanak xalqının siyasi gələcəyi, dekolonizasiya prosesinin taleyi və Parisin bölgədəki təsir imkanları baxımından həlledici mərhələ kimi qiymətləndirir.

Rok Xaokas da bu məsələyə toxunaraq bildirib ki, Paris seçkiləri sadəcə demokratik prosedur kimi deyil, uzunmüddətli siyasi nəzarət mexanizmi kimi görür:

“Fransa rəhbərliyi özünə sadiq qüvvələrin qalib gələcəyinə ümid edir. Bu isə Kanak hərəkatını zəiflətmək üçün uzunmüddətli strategiyanın tərkib hissəsidir”.
 

Digər tərəfdən, Kanak cəmiyyətində sosial və iqtisadi böhranın dərinləşməsi də seçkilərin əhəmiyyətini artırır. 2024-cü ilin may hadisələrindən sonra dağılan infrastruktur, artan işsizlik, mənzil problemi və sosial gərginlik əhali arasında narazılığı daha da artırıb. Kanak fəalları hesab edir ki, Fransa iqtisadi yardımları da siyasi təzyiq vasitəsinə çevirməyə çalışır.


Məhz buna görə də iyun seçkiləri Kanak xalqı üçün adi səsvermədən daha artıq məna daşıyır. Bu seçkilər bir tərəfdən Fransanın neokolonial siyasətinin legitimləşdirilməsi cəhdi kimi görünürsə, digər tərəfdən Kanak xalqı üçün öz siyasi iradəsini qorumaq uğrunda növbəti mühüm mərhələ hesab olunur.

Fransa kolonializminin sonu yaxınlaşır

Bu gün Kanakidə baş verənlər göstərir ki, Fransa hələ də köhnə imperiya psixologiyasından tam ayrılmayıb. Seçici korpusunu dəyişmək, etirazları güc yolu ilə boğmaq, fəalları sürgün etmək və beynəlxalq tənqidləri “xarici müdaxilə” kimi təqdim etmək artıq Parisin siyasi böhranını daha da dərinləşdirir.

Əslində Kanak xalqının mübarizəsi yalnız bir adanın azadlıq savaşı deyil. Bu, müasir dünyada kolonializmin qalıqlarına qarşı aparılan daha geniş mübarizənin bir hissəsidir. Bu gün Kanakidə baş verənlər sabah digər müstəmləkə ərazilərində də beynəlxalq hüququn necə tətbiq olunacağına təsir göstərə bilər.

Fransa isə seçim qarşısındadır: ya XXI əsrin reallıqlarını qəbul edib xalqların hüquqlarına hörmət edəcək, ya da köhnə imperiya refleksləri ilə hərəkət edərək beynəlxalq nüfuzunu daha da itirəcək.

Ancaq bir həqiqət dəyişməzdir: Kanak xalqının səsi əvvəlki kimi susdurula bilmir. Və bu səs yalnız Sakit okeandan deyil, beynəlxalq hüququn tribunalarından da eşidilməyə başlayıb.

Bizim.Media-nın analitik qrupu

Избранный
7
bizim.media

1Источники