Bakı, 21 may, AZƏRTAC
Dayanıqlı şəhərlərlə bağlı böyük və iddialı məqsədlərə nail olmaq üçün tərəfdaşlıq çərçivəsində işləmək vacibdir. Hesab edirəm ki, WUF13 bu tərəfdaşlıqların qurulması üçün ideal platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Birləşmiş Millətlər Təşkilatının Hindistan üzrə rezident əlaqələndiricisi Stefan Prienser deyib.
O vurğulayıb ki, WUF13 dayanıqlı şəhərlər gündəliyinin irəlilədilməsi baxımından çox mühüm rol oynayır. “Bu mənim ilk WUF tədbirim deyil, bundan əvvəl də iki BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Sessiyasında iştirak etmişəm. Tədbir hökumətləri, BMT sistemini, qeyri-hökumət təşkilatlarını, özəl sektoru və müxtəlif sahələrin mütəxəssislərini bir araya gətirir. Hamımız dayanıqlı şəhərlərin yaradılmasına inanırıq və əsas məsələ bunu birlikdə necə həyata keçirəcəyimizi müəyyənləşdirməkdir”,- deyə Stefan Prienser əlavə edib.