RU

“Əsas prioritet ətraf mühitin dayanıqlılığı və iqlim dəyişikliklərinə uyğunlaşmasıdır” - READ QASIMOV

Bakı Baş Planı 2040 çərçivəsində paytaxtın gələcək inkişafına dair əsas istiqamətlər təqdim olunub. Plan şəhərin daha yaşana bilən, dayanıqlı və müasir şəhər modelinə çevrilməsini hədəfləyir.
SİA xəbər verir ki, bu sözləri “BAKI BAŞ PLANI 2040: Şəhər salmada yeni inkişaf dövrü WUF13-DƏ” panel sessiyasında Bakı Baş Memarlıq və Şəhərsalma İdarəsinin rəhbəri Read Qasımov deyib.

Onun sözlərinə görə, sənədə əsasən, birinci prioritet infrastrukturun gücləndirilməsi və əlçatan şəhər xidmətlərinin genişləndirilməsidir. Bu istiqamətdə Mərkəzi Parkın genişləndirilməsi, yeni sahil xəttinin və şəhər bulvarının salınması, yeni istirahət zonalarının yaradılması, eləcə də şəhər yenilənməsi layihələrinin icrası nəzərdə tutulur. Bundan əlavə, məhəllə infrastrukturlarının yaxşılaşdırılması da əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Bu layihələrin ümumi məqsədi şəhər sakinləri üçün daha komfortlu və yaşana bilən mühitin formalaşdırılmasıdır.

İkinci əsase prioritet isə ətraf mühitin dayanıqlılığı və iqlim dəyişikliklərinə uyğunlaşmadır. Bakı, bir çox sahilyanı şəhərlər kimi, ekoloji və iqlimlə bağlı çağırışlarla üz-üzədir. Bu səbəbdən baş plan “yaşıl şəhərsalma”, enerji səmərəliliyi, ekoloji bərpa və dayanıqlı mobillik prinsiplərini özündə birləşdirir. Yaşıl zonaların genişləndirilməsi, ekoloji təzyiqin azaldılması, bərpa olunan enerji mənbələrinin təşviqi və hava keyfiyyətinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir.

Eyni zamanda, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Azərbaycanda milli yaşıl bina yol xəritələrinin hazırlanması istiqamətində işlər aparılır. Bu yanaşma tikinti sektorunda müasir standartların tətbiqini, resurs səmərəliliyini və dayanıqlı inkişafı təşviq edir.

Rəsmi məlumatlara görə, həyata keçirilən bu təşəbbüslər Azərbaycanın qlobal iqlim məqsədlərinə töhfə verir və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan geniş miqyaslı beynəlxalq müzakirələrlə uyğunluq təşkil edir.

Müəllif: Günay Hacıyeva
Избранный
60
sia.az

1Источники