Bakı, 21 may, AZƏRTAC
Yenidənqurmaya, bərpa prosesinə başlamaq üçün əlverişli mühitə malik olmalısınız. Bizim qarşılaşdığımız çətinlik həm də bərpa və yenidənqurmaya başlamazdan əvvəl təmizlənməsi lazım olan minalar idi.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.
O bildirib ki, siyasi şərait yaradılmış ola bilər, məsələn, sülh sazişi və ya atəşkəs mövcuddur. Amma ərazidə minalar olduğu üçün bərpa işlərinə başlaya və ora daxil ola bilməzsiniz. Münaqişənin sonundan bəri hər il dövlət büdcəsinin təxminən 25 faizini ayıraraq biz bir nümunə yaratmışıq. Bu, oxşar problemdən əziyyət çəkən bütün ölkələr üçün gözəl bir örnəkdir.
Fotoqraf - Azər İbrahimov