RU

“Ağıllı şəhər” və “ağıllı idarəetmə” modeli

Azad ərazilərdə bələdiyyələr bu konsepsiya əsasında təşkil olunacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görüləcək mühüm işlərdən biri də bələdiyyələrin yaradılması və bələdiyyə seçkilərinin keçirilməsidir. Hökumət hazırda bu bölgədə dövlət strukturlarının və xidmətlərin fəaliyyətini təmin etməklə yanaşı, müvafiq ictimai institutların, yerli özünüidarəetmə qurumlarının təsis edilməsi yönündə işlər aparır. Bu ərazilərdə optimal idarəetmənin təşkili, öz doğma evlərinə qayıdan sakinlərin yerli ictimai həyatda iştirakçılıq imkanlarının təşviq edilməsi baxımından təbii ki, bələdiyyələrin yaradılması zəruridir.

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əsasən, bələdiyyələrin yaradılması üçün ilk növbədə işğalan azad olunmuş ərazilərdə inzibati ərazi dairələrinin, yaşayış məntəqələrinin müəyyən olunması və qeydiyyatı və s. işlər görülməlidir.”Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda keçmiş məcburi köçkünlərin ərazilərdə inşa edilmiş yaşayış məntəqələrinə qayıdışı çərçivəsində çoxşaxəli inkişafına yönəlmiş dayanıqlı icmaların yaradılması və bu icmaların ölkənin iqtisadi strukturuna inteqrasiyası, həmçinin idarəetmə sisteminin təmin olunması, effektiv və koordinasiyalı icra mexanizminin reallaşdırılması və digər tədbirlər nəzərdə tutulur.

Başlıca vəzifə və məsuliyyət - bələdiyyələr inkişafa töhfə verməlidir

Hazırda Qarabağ və Şərqi-Zəngəzurda 40-dan çox yaşayış məntəqəsinə əhalinin qayıdışı təmin olunub və 80 minə yaxın insan yaşayır. İnşa edilmiş yaşayış məntəqələrində əhalinin qeydiyyatı, ərazi planlaşdırma sənədlərinə uyğun ictimai institutların yaradılması istiqamətində işlər davam etdirilir. Bu proses paralel şəkildə aparılır, dövlət və özəl xidmət infrastrukturlarının təşkili ilə bərabər, bələdiyyə institutlarının formalaşdırılması üzrə müxtəlif təklif və ssenarilər ətrafında müzakirələr aparılır. Hökumət bu ərazilərdə vətəndaşlara xidmət edəcək elə bir idarəetmə sistemi qurmaq istəyir ki, həm iqtisadi-sosial inkişaf məqsədləri təmin olunsun, həm də çevik və modern xidmət infrastrukturu yaradılsın.

Prezident yanında İdarəçilik Akademiyasının müəllimi Xalidə Məlikova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən “Region Bələdiyyələrin Urbanizasiyası Forumu”nda bildirib ki, əsas ssenarilərdən biri işğaldan azad olunmuş ərazilərdə bələdiyyə idarəetməsinin fəaliyyətinin “ağıllı şəhər” konsepsiyası əsasında təşkilidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində gələcəkdə bələdiyyə institutunun formalaşdırılması mühüm istiqamətlərdən biri hesab edilir. Həmin ərazilərdə fəaliyyət göstərəcək bələdiyyələrin əsas məqsədi yerli əhalinin sosial problemlərinin həllinə dəstək olmaq, daha operativ və səmərəli xidmətlər təqdim etmək, infrastruktur layihələrini yeni formatda həyata keçirmək və bölgənin dayanıqlı inkişafını təmin etmək olacaq.

İdarəetmənin çevikliyi, şəffaflığının artırılması

Hazırda Böyük Qayıdış Proqramına uyğun olaraq azad ərazilərdə Yeni Şəhər Gündəliyinin prinsipləri əsasında “ağıllı şəhərlər” və “ağıllı kəndlər”, “yaşıl enerji zonaları” və digər planlaşdırma layihələri uğurla icra olunur. “Ağıllı kənd” konsepsiyasının əsas komponentləri “ağıllı dövlət idarəçiliyi”, “ağıllı infrastruktur” və xidmətlər, eyni zamanda, “ağıllı təsərrüfat” və biznes mühitidir. Bu modellər mənzil təminatı, nəqliyyat, təhsil, səhiyyə, məşğulluq və sosial xidmətlərə çıxışla birlikdə tətbiq olunur ki, bu da davamlılıq, dözümlülük və inklüzivlik baxımından mühüm əhəmiyyət daşıyır. “Ağıllı kənd” və “ağıllı şəhər” prinsipləri yalnız fiziki bərpa ehtiyaclarını qarşılamır, həm də dayanıqlıq və davamlılıq kimi uzunmüddətli məqsədlərə xidmət edir.

İdarəetmənin çevikliyinin, həm də şəffaflığının artırılması baxımından “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası çox vacibdir. Bu, eyni zamanda, vətəndaşların kommunal xidmətlərə əlçatanlığını asanlaşdırır. Çünki “ağıllı şəhər” və “ağıllı kənd” prinsipində kommunal, sosial xidmətlərə əlçatanlıq daha yüksək olur. Daha qısa müddətdə sosial xidmətləri daha keyfiyyətli şəkildə əldə etmək imkanları yaranır. Bu, həmçinin fərqli sektorların - sənaye, aqrar sahələrin inkişafı üçün də yaxşı imkanlar yaradır. Bu yanaşma bölgədə yaşayan insanların funksional icma institutları və dayanıqlı inkişaf ekosistemi yaratmalarını da təşviq etməyə fokuslanır. Bir çox ölkələrdə sosial, iqtisadi, nəqliyyat və digər inkişaf və xidmət sahələrində xüsusi səlahiyyətləri olan bələdiyyələr məhz “ağıllı idarəetmə” konsepsiyası əsasında dayanıqlılığı təmin edir, sosial rifahın artmasında səmərəli rol oynayır.

Azad edilmiş ərazilərin inkişafı ilə bağlı perspektiv planda bölgənin mövud resurslarının hərəkətə gətirilməsi, iqtisadi artımın təmin olunması, infrastrukturun inkişafı və saxlanlılması, ərazi planlaşdırılması və digər tədbirlər kompleks islahatlar çərçivəsində aparılacaq ki, burada yerli özünüidarə orqanlarının da üzərinə böyük məsuliyyət düşəcək. Ona görə də, bələdiyyə institutları da bu modellərin bir tərkib hissəsi olmaqla, inkişafa töhfə verə biləcək. Məhz bu prinsipləri nəzərə alaraq yerli özünüidarəetmə orqanlarının təşkilində də həmin modelin komponentlərindən istifadə məqsəduyğun hesab edilir.

E.CƏFƏRLİ

Избранный
6
yeniazerbaycan.com

1Источники