Kütləvilik böyük sistemlərdən deyil, kiçik təşəbbüslərdən yaranır.
"Far.Az" xəbər verir ki, bunu Afrikada Əlçatan Mənzil Maliyyəsi Mərkəzinin təsisçisi və icraçı direktoru Kesia Rast Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, sərfəli mənzil təminatı heç bir subsidiya olmadan da kütləvi şəkildə həyata keçirilir: "Həmişə mükəmməl görünməsə də, bəzən çox gözəl alınır. Bu iş, onu özləri inşa edən kiçikmiqyaslı iştirakçılar tərəfindən reallaşdırılır; bəzən onlar bu cəhdlərinə görə cəzalandırılırlar və bu işdə qətiyyən dəstəklənmirlər. Və mən elə hesab edirəm ki, kütləviliyə necə nail olmağın ipucu məhz bu sahədə gizlənir. Biz kütləviliyi təsəvvür edəndə ağlımıza böyük sistemlər gəlir. Lakin, əslində, söhbət bir araya gələn çoxlu sayda kiçik cəhdlərin kütləvi təsirindən gedir".
"Məsələn, Yohannesburqda kiçikmiqyaslı mənzil sahiblərinə ipoteka kreditləri verən "TUHF" adlı bir kredit təşkilatı var. Onlar bu ipoteka kreditlərini yeni sahibkarlara təqdim edirlər; hansı ki, bu şəxslər bir neçə fərdi mənzil və ya kondominiumu birlikdə əldə edib, sonra onları təmir edərək satışa və ya kirayəyə çıxarırlar. Və bu maliyyələşdirmə mexanizmi, səhv etmirəmsə, Cənubi Afrikada tikinti tərəfində heç bir subsidiya olmadan 60 000-dən çox mənzil vahidinin təmin edilməsinə kömək edib. Əslində, bu maliyyələşdirmə ənənəvi ipoteka kreditlərindən daha bahadır, çünki onun daxilində müştəriyə daha çox dəstək xidmətləri nəzərdə tutulub. Və onlar müştərinin riskini real olaraq anlamaq və həmin müştəri ilə yaxından işləmək üçün bu qədər zəhmət çəkiblər. Subsidiyanın olduğu yeganə məqam isə o idi ki, mərkəzi hökumət özünün Milli Mənzil Maliyyə Korporasiyası vasitəsilə həmin kredit təşkilatına subsidiyalaşdırılmış kapital ayırıb".