RU

Nazir müavini: Sivil yaşamaq üçün artıq planetin hər yerini betonlaşdırmağa ehtiyac yoxdur

Əgər daha rahat həyat şəraiti istəyiriksə, səhiyyə, rəqəmsal ekosistem və digər əsas xidmətlər yalnız paytaxt və iri şəhərlərlə məhdudlaşmamalıdır.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Davamlı və İnklüziv Şəhərlərin İnkişafında Gənclər və Vətəndaş Cəmiyyəti Liderliyi" adlı tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva bildirib.

Onun sözlərinə görə, tərk edilmiş kəndlər, kiçik şəhərlər və iri meqapolislər arasındakı dərin fərqlər artıq köhnəlmiş yanaşmanın nəticəsidir.

İndira Hacıyeva bildirib ki, sürətli urbanizasiya meqapolislərin ekoloji mühitinə böyük yük gətirir və ən əsası, milyonlarla insanı seçim imkanından məhrum edir. Şəhər rahatlığı yalnız “beton meşələrdə” yaşamağa razı olanların imtiyazına çevrilməməlidir.

“Bu gün texnologiyalar sayəsində biz yeni bir dövrün, yəni şəhər və kənd anlayışları arasındakı sərhədlərin aradan qalxdığı bir dövrün astanasındayıq. İnsanların sivil və rahat yaşaması üçün artıq planetin hər yerini betonlaşdırmağa ehtiyac yoxdur. Yüksəksürətli internet, müstəqil “yaşıl enerji”, onlayn təhsil və paylaşım iqtisadiyyatı dünyanın istənilən nöqtəsində yüksək şəhər standartlarını, rahatlığı və inklüzivliyi təmin etməyə imkan verir”, - nazir müavini qeyd edib.

O əlavə edib ki, gənclər təbii olaraq sərt mərkəzləşməni qəbul etməyən, mobilliyi, seçim azadlığını və çevikliyi dəyərləndirən bir nəsildir: “Lakin bu potensialın reallaşması üçün dövlət idarəçiliyində yanaşma dəyişməlidir. Gənclərə və yerli icmalara real səlahiyyət və resurslar verilməlidir”.

Избранный
24
apa.az

1Источники