RU

Uydurma hesabat, “kor” yanaşma

“Dünya üçün çörək” təşkilatı “həqiqət aclığı”na düçar olub

Hər dəfə Azərbaycanda nüfuzlu beynəlxalq forumlar, mədəniyyət və idman tədbirləri keçirilərkən ölkəmiz xaricdən və daxildəki bəzi dairələr tərəfindən qarayaxma kampaniyasına məruz qalır. Biz 2012-ci ildə 57-ci “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci ildə ilk Avropa Oyunları, 2024-cü ildə dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi ərəfədə və günlərdə, eləcə də İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı zamanı və sonra ölkəmizdə keçirilən prezident və parlament seçkilərində dəfələrlə bunun şahidi olmuşuq.

Belə qarayaxma kampaniyalarının əsas məqsədi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, əldə etdiyi uğurları kölgə altına almaq və ölkəmizə qarşı mənfi ictimai rəy formalaşdırmaqdır. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan hər dəfə təhlükəsiz, yüksək təşkilatçılıq qabiliyyətinə malik və etibarlı tərəfdaş olduğunu nümayiş etdirib. Keçirilən tədbirlər ölkəmizin siyasi sabitliyini, multikultural dəyərlərə bağlılığını və qlobal əməkdaşlığa verdiyi töhfələri bir daha dünya ictimaiyyətinə göstərib. Bu isə onu deməyə əsas verir ki, qarayaxma kampaniyaları müvəqqəti xarakter daşıyır, Azərbaycanın beynəlxalq arenadakı mövqeyi isə getdikcə daha da möhkəmlənir.

Bu fonda diqqəti cəlb edən bir incəlik var: son vaxtlar belə dairələrin özfəaliyyətinin bir qədər səngidiyi müşahidə olunur. Rəsmi Bakının həyata keçirdiyi uğurlu siyasət, genişlənən diplomatik əlaqələrimiz və beynəlxalq təşəbbüslərdə fəal iştirakımız bu cəhdlərin nəticəsiz qalmasına səbəb olur. Buna görə də qarayaxma kampaniyaları getdikcə həm miqyas, həm də təsir baxımından zəifləyən bir vasitəyə çevrilir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də mayın 19-da jurnalistlərə müsahibəsində ölkəmizə qarşı kampaniyaların sayının azaldığını bildirib: “COP29 zamanı olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dövründə də müəyyən təzyiq və qarayaxma kampaniyalarının şahidi oluruq. Tədbirlə bağlı manipulyativ məlumatlar yayılmağa çalışılır, bəzi media orqanlarında məqsədli informasiyalar dövriyyəyə buraxılır. Təəssüf ki, Azərbaycana qarşı belə münasibət yeni deyil. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən dövrlərdə müəyyən dairələr tərəfindən qarayaxma kampaniyalarına start verilir. Son dövrlərdə isə bu kampaniyaların miqyasının müəyyən qədər azaldığını müşahidə edirik. İstər ölkəmizin içərisində olan, istərsə də ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara qrant verənlərin sayı azalıb. Bunu inkar etməyə çalışsalar da, onların qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini biz çox gözəl bilirik”.

Hikmət Hacıyev bu xüsusda ABŞ-ın USAID təşkilatının və Avropa Parlamentinin adını vurğulayıb. Prezidentin köməkçisi qeyd edib ki, Avropa Parlamentində son 5 ildə Azərbaycanla münasibətlərlə bağlı 10-dan çox müxtəlif qətnamə qəbul edilib: “Bu qətnaməni qəbul edənlərin özləri heç hansı problem haqqında danışdıqlarını başa düşmürlər. Biz bunlara xüsusi əhəmiyyət vermirik. Azərbaycanın müstəqil siyasəti, beynəlxalq nüfuzu və dünya ictimaiyyətində qazandığı hörmət göz önündədir. Bu gün Azərbaycan dünyanın mühüm diplomatik mərkəzlərindən biri kimi çıxış edir və qlobal əhəmiyyətli məsələlər məhz Bakıda müzakirə olunur. Forumda iştirak edən auditoriyanın genişliyi və müzakirələrin məzmunu da bunu bir daha təsdiqləyir”.

***

Bu çərçivədə özünü “Almaniyanın protestant kilsələrinin dəstəklədiyi xeyriyyə təşkilatı” adlandıran “Dünya üçün çörək” qurumunun mayın 19-da dünyada vətəndaş cəmiyyətinin və demokratiyanın vəziyyətinə dair açıqladığı “Vətəndaş cəmiyyəti atlası” adlı illik hesabatda əksini tapan fikirlər diqqəti cəlb edir. Təşkilat belə nəticəyə gəlib ki, dünya əhalisinin cəmi 3,4 faizi, həqiqətən, açıq cəmiyyətlərdə yaşayır, 30,7 faizi isə tam qapalı cəmiyyətlərdə mövcuddur. Hesabatın təqdimatında çıxış edən təşkilatın prezidenti Daqmar Pruin bildirib ki, dünyada vətəndaş cəmiyyəti üçün məkan daralır. İddia edib ki, bu il “məhdud açıq” kimi təsnif edilən cəmiyyətlərin sayı 7 faiz artıb.

Onun sözlərinə görə, bu kateqoriyaya demokratiya iddiasında olan ABŞ, Fransa, İtaliya və Almaniya kimi Qlobal Şimal ölkələri də daxildir. Pruin Almaniyada etiraz aksiyaları zamanı zorakılığın və həbslərin artmasını ölkənin reytinqdə geriləməsinin əsas səbəbi kimi göstərib. Bu hallar əsasən Qəzza sektorunun mülki əhalisi ilə həmrəylik nümayişləri və iqlim dəyişikliklərinə qarşı etirazlarla bağlı olub. Bununla yanaşı, ölkədə homofobiya, irqçilik və antisemitizm zəminində diskriminasiya hallarının artdığı da qeyd olunub.

Təşkilat postsovet məkanı ölkələrinin, demək olar ki, hamısını “qapalı cəmiyyətlər” sırasına daxil edilib. Qazaxıstan, Qırğızıstan və Gürcüstan isə “təzyiq altında açıq” cəmiyyətlər kimi qiymətləndirilib. Ukrayna Almaniya kimi “məhdud açıq” ölkələr kateqoriyasına aid edilib. Regionda ən yaxşı vəziyyətin Moldova və Ermənistanda olduğu iddia edilib.

“Vətəndaş cəmiyyəti atlası” adlı hesabat ilk baxışdan qlobal demokratik vəziyyətin obyektiv təhlili təsiri bağışlasa da, sənəddə yer alan yanaşmalar və tətbiq edilən meyarlar onun kifayət qədər qərəzli və siyasi çalarlarla yükləndiyini göstərir. Xüsusilə də müxtəlif ölkələrin “açıq”, “məhdud açıq” və ya “qapalı cəmiyyət” kimi təsnifatlandırılması zamanı vahid və şəffaf standartların görünməməsi hesabatın etibarlılığı ilə bağlı ciddi suallar doğurur. Maraqlıdır ki, sənəd müəllifləri özlərini insan hüquqları və demokratiyanın müdafiəçisi kimi təqdim etsələr də, Qərb ölkələrində baş verən sistemli problemləri daha yumşaq ifadələrlə təqdim edir, digər regionlara münasibətdə isə daha sərt və ittihamedici dilə üstünlük verirlər.

Hesabatda ABŞ, Fransa, Almaniya və İtaliya kimi ölkələrin də “məhdud açıq” cəmiyyətlər sırasında göstərilməsi əslində, son illər Qərbdə demokratik institutların ciddi sınaqlarla üzləşdiyini təsdiqləyir. Qəzza ilə bağlı etiraz aksiyalarında polis zorakılığı, jurnalistlərə təzyiqlər, fikir plüralizminin məhdudlaşdırılması və fərqli mövqelərin senzura ilə üzləşməsi artıq yalnız ayrı-ayrı müşahidəçilərin deyil, beynəlxalq təşkilatların da diqqət çəkdiyi məsələlərdir. Bu isə göstərir ki, demokratiya və insan hüquqları mövzusu uzun müddətdir müəyyən dairələr tərəfindən daha çox siyasi alət kimi istifadə olunur.

Digər diqqətçəkən məqam postsovet məkanı ilə bağlı yanaşmadır. Region ölkələrinin demək olar ki, hamısının “qapalı” və ya “təzyiq altında açıq” cəmiyyətlər kimi təqdim edilməsi siyasi stereotiplərin davam etdiyini göstərir. Eyni coğrafiyada yerləşən ölkələrə münasibətdə fərqli standartların tətbiqi, bəzilərinin “müsbət nümunə”, digərlərinin isə “problemli model” kimi təqdim olunması obyektiv yanaşmadan daha çox geosiyasi maraqları xatırladır. Belə təsnifatlar həmin dövlətlərdəki real ictimai-siyasi vəziyyəti tam əks etdirmir və daha çox müəyyən siyasi gündəliyin formalaşdırılmasına xidmət edir.

Bütövlükdə, hesabat bir daha göstərir ki, beynəlxalq reytinqlər və indekslər artıq yalnız statistik və analitik sənəd funksiyası daşımır. Bu cür materiallar çox vaxt ictimai rəyə təsir etmək, ayrı-ayrı dövlətlərə siyasi təzyiq formalaşdırmaq və müəyyən ideoloji yanaşmaları legitimləşdirmək vasitəsinə çevrilir. Məhz buna görə də belə hesabatlara tənqidi yanaşmaq, onların hazırlanma metodologiyasını və arxasında dayanan siyasi motivləri diqqətlə incələmək vacibdir.

Səxavət HƏMİD
XQ

Избранный
34
xalqqazeti.az

1Источники