RU

"Səhiyyə nazirləri maliyyə qurumları ilə daha fəal işləməlidir" - ÜST rəsmisi

Ümumdünya Səhiyyə Təşkilatının performans, maliyyələşdirmə və xidmətlərin təşkili departamentinin direktoru doktor Kalipso Halkidou səhiyyənin maliyyələşdirilməsi və dövlətlərin bu sahədə məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb. O, xüsusilə səhiyyə və maliyyə nazirlərinin birgə əməkdaşlığının vacibliyini vurğulayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, doktor Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində Devex Impact House platformasında çıxış edib. O, bildirib ki, hazırda bütün ölkələr səhiyyənin əhəmiyyətini anlayır, lakin əsas məsələ bu sahənin necə maliyyələşdirilməsidir. Onun sözlərinə görə, beynəlxalq yardımların azalması yaxın dövrdə aşağı gəlirli ölkələrdə səhiyyə xərclərinin əhali üzərinə düşməsinə səbəb ola bilər.

ÜST rəsmisi qeyd edib ki, bir çox inkişaf etməkdə olan ölkələrdə “özünə güvən” və “səhiyyə suverenliyi” anlayışları daha çox gündəmə gəlməyə başlayıb. Bu yanaşma müsbət qiymətləndirilsə də, reallıqda dövlət büdcələrində səhiyyəyə ayrılan vəsaitlərin kifayət qədər artırılmadığı diqqətə çatdırılıb.

Kalipso Halkidou bildirib ki, bir sıra ölkələrin prezidentləri, səhiyyə və maliyyə nazirləri səhiyyənin prioritet sahə olduğunu bəyan edirlər. Lakin Beynəlxalq Valyuta Fondunun son maliyyə hesabatları göstərir ki, aşağı və orta gəlirli ölkələrin əksəriyyəti büdcələrində səhiyyəyə yetərli üstünlük vermir.

Onun sözlərinə görə, heç bir ölkə yalnız donor yardımları və ya vətəndaşların şəxsi xərcləri hesabına universal səhiyyə xidmətinə nail ola bilməyib. Buna görə də dövlətlərin səhiyyəyə daha çox investisiya yatırması vacib hesab olunur.

Doktor Halkidou həmçinin vurğulayıb ki, səhiyyə nazirləri maliyyə qurumları ilə daha sıx əməkdaşlıq etməli, səhiyyənin iqtisadi inkişaf üçün əhəmiyyətini daha aydın şəkildə izah etməlidirlər. O hesab edir ki, səhiyyəyə ayrılan vəsait gələcəkdə həm iqtisadi, həm də sosial baxımdan ölkələrə böyük fayda verir.
 

Избранный
14
qht.az

1Источники