RU

Daha iki ölkə arasında diplomatik böhran yarandı

Boliviya hökuməti, Kolumbiya Prezidenti Qustavo Petronun ölkənin daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilən açıqlamalarını əsas gətirərək, Kolumbiyanın La Pasdakı səfiri Elizabet Qarsia Karrillonu “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Boliviya Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan açıqlamada Petronun bəyanatlarının qəbuledilməz olduğu vurğulanaraq, səfir Karrillonun “arzuolunmaz şəxs” elan edilməsinə qərar verildiyi bildirilib.

“Bu qərar suverenlik, daxili işlərə qarışmamaq və dövlətlər arasında qarşılıqlı hörmət prinsiplərinin qorunması zərurətindən irəli gəlir. Bu prinsiplər beynəlxalq birgəyaşayışın və suveren dövlətlər arasındakı diplomatik münasibətlərin əsas sütunlarıdır”, - deyə açıqlamada qeyd olunub.

Vurğulanıb ki, yaranmış vəziyyət Boliviya və Kolumbiya xalqları arasındakı dostluq, hörmət və əməkdaşlıq münasibətlərini əks etdirmir və iki ölkəni birləşdirən dərin tarixi bağlarla uyğun gəlmir. Boliviya hökuməti qərarın iki ölkə arasında diplomatik münasibətlərin tamamilə kəsilməsi anlamına gəlmədiyini də qeyd edib. Bildirilib ki, xalqlar arasındakı dostluq və əməkdaşlıq davam edəcək.

Sənəddə həmçinin Boliviyanın daxili siyasi və sosial problemlərinin xarici müdaxilə olmadan, konstitusion və demokratik mexanizmlər çərçivəsində həll edilməsinin vacibliyi vurğulanıb.

Prezident Petro mayın 17-də verdiyi açıqlamada kəndli qrupları, Boliviya İşçi Mərkəzi (COB) və keçmiş prezident Evo Morales tərəfdarlarının Prezident Rodrigo Pazın istefası tələbi ilə keçirdiyi etiraz aksiyaları və yolların bağlanmasına toxunaraq, Boliviyada baş verənləri “geosiyasi təkəbbürə qarşı xalq üsyanı” adlandırmışdı. Boliviyada hökumətin istefasını tələb edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda saxlanılanların sayı 120-yə çatıb.

Ölkədə son 40 ilin ən ağır iqtisadi böhranı fonunda iki həftədir davam edən aksiyalarda Prezident Pazın istefasını tələb edən nümayişçilər inzibati paytaxt La Pazda təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya giriblər.

Избранный
15
cebheinfo.az

1Источники