RU

ABŞ-ın Avropadakı qoşunlarının azaldılması qitəni sarsıdıb, amma Rutte bunu "adi proses" adlandırır

NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Tramp administrasiyasının Avropadakı hərbi qüvvələri azaltmaq qərarının əhəmiyyətini kiçiltməyə çalışıb...

Poliqon Politico-ya istinadən xəbər verir ki, Vaşinqtonun addımı Avropa paytaxtlarında ciddi narahatlıq yaratsa da, Rütte vəziyyətin nəzarət altında olduğunu bildirib.

ABŞ Avropadan minlərlə hərbçini çıxarır

Məlumata görə, ABŞ Avropadan azı 5 min hərbçini geri çəkməyə qərar verib. Bu çərçivədə Polşada yerləşdirilməsi planlaşdırılan rotasiya qüvvələrinin də ləğv ediləcəyi açıqlanıb.

NATO müttəfiqləri bu qərarın əvvəlcədən xəbərdarlıq edilmədən qəbul olunduğunu bildirirlər. İki yüksək rütbəli diplomatın sözlərinə görə, Vaşinqton indiyə qədər ixtisarların necə həyata keçiriləcəyi barədə ətraflı məlumat verməyib.

Rutte: ABŞ Avropadan tam getmir

Brüsseldə jurnalistlərə danışan Mark Rütte bildirib ki, ABŞ-ın diqqətini Asiyaya yönəltmək istəyi əvvəldən məlum idi: "Biz bilirik ki, müəyyən dəyişikliklər olacaq. ABŞ diqqətini, məsələn, Asiyaya yönəltməlidir".

O əlavə edib ki, proses mərhələli və "strukturlaşdırılmış şəkildə" aparılacaq: "ABŞ Avropanın işlərində iştirak etməyə davam edəcək".

Politico qeyd edir ki, Rutte bu qərarın NATO-nun müdafiə planlarına təsir etmədiyini vurğulayıb.

Qərarın arxasında Tramp-Merz gərginliyi dayanır

Məqalədə bildirilir ki, qoşunların yenidən yerləşdirilməsi qərarı Donald Tramp ilə Almaniya kansleri Fridrix Merz arasında İran müharibəsi ilə bağlı yaranan şəxsi mübahisədən sonra qəbul edilib.

Eyni zamanda Polşa hökuməti ABŞ-ın qərarından sonra təcili şəkildə Vaşinqtona nümayəndələr göndərərək vəziyyətə aydınlıq gətirməyə çalışıb.

Pentaqon: ABŞ qüvvələrinin sayı 2021-ci il səviyyəsinə enəcək

ABŞ Müdafiə Nazirliyi açıqlamasında Avropadakı döyüş briqadalarının sayının dörddən üçə endirildiyini təsdiqləyib.

Bu addım nəticəsində ABŞ-ın Avropadakı hərbi mövcudluğu Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan əvvəlki – 2021-ci il səviyyəsinə qayıdacaq.

Pentaqon qərarın Trampın "Öncə Amerika" strategiyası çərçivəsində qəbul edildiyini vurğulayıb.

Polşa və Almaniyada qeyri-müəyyənlik

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ rəsmiləri ilə görüşdən sonra bildirib ki, hazırda Polşadakı Amerika qüvvələrinin azaldılması ilə bağlı rəsmi plan yoxdur.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə vəziyyətin hələ də tam aydın olmadığını deyib: "Bu qərarın nə vaxt həyata keçiriləcəyi və Almaniyadakı qüvvələrə necə təsir göstərəcəyi hələ məlum deyil".

"Tomahawk" raketləri ilə bağlı planlar da dəyişə bilər

Məlumata görə, ABŞ yalnız şəxsi heyəti deyil, həm də uzaqmənzilli zərbə imkanlarını azaltmağı planlaşdırır. Buraya Almaniyada yerləşdirilməsi nəzərdə tutulan "Tomahawk" raket sistemləri də daxildir.

Həmin raketlər Avropanın öz uzaqmənzilli silahlarını hazırlayana qədər müvəqqəti həll kimi nəzərdə tutulmuşdu.

ABŞ-ın NATO çərçivəsində alyansa təqdim etdiyi hərbi imkanların da azaldılması planlaşdırılır.

Buna baxmayaraq, Mark Rutte bildirib ki, Vaşinqtonun qərarı NATO üçün "sürpriz olmayıb": "Bu tam olaraq gözlədiyimiz prosesdir və normal yanaşmanın bir hissəsidir".

Poliqon.info

Избранный
14
poliqon.info

1Источники