RU

“Bir millət, iki dövlət” münasibətlərinə qarşı gizli savaş?

Son dövrlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı yönələn kampaniyaların intensivləşdiyi müşahidə olunur. Xüsusilə bəzi mövzuların təhrif olunaraq təqdim edilməsi, ictimai rəydə yanlış təsəvvür formalaşdırmağa hesablanmış paylaşımların artması diqqət çəkir. 

News365.az-a açıqlamasında ekspert qeyd edib ki, xüsusilə sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycan əleyhinə manipulyativ paylaşımların sayı artıb.


Onun sözlərinə görə, bəzi dairələr Azərbaycan rəsmilərinin fikirlərini kontekstdən çıxararaq ictimai rəyi yönləndirməyə çalışırlar.

Politoloq son günlər “Azərbaycan İsrailə 12 xal verdi” iddiası ətrafında aparılan müzakirələri nümunə göstərib. O vurğulayıb ki, əslində Azərbaycan “Avroviziya” müsabiqəsində İsrailə deyil, İtaliyaya ən yüksək bal verib. Buna baxmayaraq, sosial şəbəkələrdə Azərbaycana qarşı təhqir və nifrət dolu paylaşımlar yayılıb.

Turan Rzayev Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ətrafında yaranan müzakirələrə də toxunub. O bildirib ki, səfirin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı fikirləri yeni deyil və bu mövqe daha əvvəl həm Azərbaycan Prezidenti Ilham Aliyev, həm də Türkiyə Prezidenti Recep Tayyip Erdoğan tərəfindən də səsləndirilib.

Ekspertin fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə Azərbaycan-Ermənistan sülh prosesi paralel şəkildə davam edir və tərəflər bu istiqamətdə mütəmadi təmaslar saxlayırlar.

Politoloq hesab edir ki, Azərbaycana qarşı aparılan kampaniyalar koordinasiyalı şəkildə idarə olunur və burada dini motivlərdən, regional məsələlərdən və ictimai həssas mövzulardan istifadə edilir. O qeyd edib ki, Türkiyədəki sosial qütbləşmə və müxtəlif dini qrupların təsiri manipulyasiya imkanlarını daha da artırır.

Turan Rzayev əlavə edib ki, müəyyən qüvvələrin əsas məqsədi Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq və Ankara ilə Bakının strateji tərəfdaşlığını zəiflətməkdir. Onun sözlərinə görə, bütün bu cəhdlərə baxmayaraq, “Bir millət, iki dövlət” prinsipi dəyişməz olaraq qalır.

Избранный
23
news365.az

1Источники