Mənzil maliyyəsində reallıqla gözləntilər üst-üstə düşmür.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Afrikada Əlçatan Mənzil Maliyyəsi Mərkəzinin (CAHF) icraçı direktoru Kesia Rast deyib.
O bildirib ki, mənzil sektorundakı əsas problemlərdən biri maliyyə sistemlərinin reallıqdan uzaq gözləntilər üzərində qurulmasıdır.
Kesia Rast qeyd edib ki, maliyyə institutları formal məşğulluğu olan əhali, iri tikinti şirkətləri və tam qeydiyyata alınmış torpaq sistemi gözləyirlər, halbuki bir çox ölkədə bu şərtlər mövcud deyil.
Onun sözlərinə görə, maliyyənin əsas məqsədi məhz bu boşluqları aradan qaldırmaq olmalıdır.
CAHF rəhbəri Keniyada bəzi tikinti şirkətlərinin ipoteka ilə alınan mənzilləri 30% daha baha satdığını bildirib.
O qeyd edib ki, bunun səbəbi tikinti şirkətlərinin tikinti maliyyəsinə çıxış imkanlarının məhdud olmasıdır.
Kesia Rast vurğulayıb ki, Afrikada insanların böyük hissəsi mənzillərini mərhələli şəkildə özləri tikirlər və bu prosesdə infrastruktur, material təchizatı və texniki dəstəyə ehtiyac duyurlar.