RU

''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək

''Beşiktaş''da ilk dövrənin gedişində, daha dəqiq desək, dekabrın sonlarında əsas komandadan kənarlaşdırılan Nəcip Uysal futbolla birdəfəlik vidalaşmaq qərarına gəlib. Təcrübəli futbolçu karyerasını bitirdiyini rəsmən açıqlayıb. İstanbul nəhənginin öz yetirməsi olan və bütün karyerasını bu kluba həsr edən Nəcip 35 yaşda başqa bir klubda oynamaqdansa, butslarını mismardan asmaq qərarına gəlib.

Qeyd edək ki, Uysal geridə qoyduğumuz mövsümə ''Beşiktaş''ın kapitanlarından biri kimi başlamışdı. Amma o və digər təcrübəli isim - qapıçı Mərt Günok ümidləri doğrultmayınca o dönəmdəki baş məşqçi Sərgən Yalçının qərarı ilə əvəzedici heyətə göndərilmişdi. Nəcip Uysal ''Beşiktaş''ın akademiyasına 2004-cü ildə ayaq basıbsa, əsas komandada 2009-da debüt edib. Yəni o, 35 illik həyatının 22 ilini ''ağ-qaralar''a həsr edib. Bu klubda 466 qarşılaşmaya çıxıb, 18 fərqli məşqçi, 6 fərqli başqanla çalışıb və 3 çempionluq olmaqla 8 titul qazanıb.

Bu arada ''Beşiktaş'' rəhbərliyinin Nəciplə bağlı planlarının olduğu məlum olub. Kluba böyük sadiqlik nümayiş etdirən ismə yeni iş təklif olunacaq. Uysala klubda futbol şöbəsinin sədri vəzifəsi təklif olunacaq. O, rəhbərliklə futbolçular arasında körpü rolunu oynaya bilər.

Digər variant isə Nəcipin məşqçilər korpusuna daxil edilməsidi. Amma bunun üçün ilk növbədə yeni məşqçinin kimliyi bəlli olmalıdı. İstənilən halda 35 yaşlı Nəcipin futboldan kənar günləri çox davam etməyəcək.

Избранный
15
football-plus.az

1Источники