RU

Milli kimliyin bərpası...İnteqrasiya olunmuş gələcəyin yenidən qurulması

30 illik işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-qurucluq işləri uğurla davam edir. Dağıdılmış şəhər və kəndlər dayanıqlılıq, ağıllı şəhərsalma, yaşıl inkişaf və insan ləyaqəti prinsipləri əsasında yenidən qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, bərpaolunan enerji mənbələrindən istifadəyə əsaslanan və “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji, qabaqcıl standartlara cavab verən təhsil, səhiyyə, idman, xidmət infrastrukturu yaradılır. Hazırda keçmiş məcburi köçkünlərin Zəngilanda, Cəbrayılda, Füzulidə, Laçında, Kəlbəcərdə, Xocalıda, Şuşada, Ağdərədə və başqa bölgələrdə yenidən tikilmiş yaşayış məntəqələrinə köçürülməsi davam edir.

Bu günədək işğaldan azad edilmiş ərazilərdə 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib. Hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib. 3 beynəlxalq hava limanı və müasir dəmir yolları inşa edilib. 85 mindən çox insan artıq Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır.

Hazırda işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndi şəhərində, Xocalı və Ağdərədə də ardıcıl, məqsədyönlü quruculuq işləri aparılır. İndiyədək Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə 857 ailə (3341 nəfər), Xocalıya isə 1083 ailə (4510 nəfər) qayıdıb. Xankəndidə dəmiryol vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Prezident İlham Əliyevin 2025-ci il iyulun 3-də təməlini qoyduğu Xankəndi dəmir yolunun inşasına artıq başlanılıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə çıxışında bildirib ki, artıq layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 50 faizi həyata keçirilib. Gələn il üçün tikinti işlərinin yekunlaşdırılması və istifadəyə verilməsi planlaşdırılır.

Genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında bildirib: “Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır”.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin, kənd və qəsəbələrin bütün infrastrukturu-su, kanalizasiya xətləri, elektrik enerjisi sistemi, yollar yenidən qurulur. Gündən-günə sürətlənən bərpa-quruculuq işlərinin sayəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşurlar. Doğma torpaqlarına qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılır.

Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində qeyd edib ki, Azərbaycan bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırıb: “Dəmir yolları, məktəblər, xəstəxanalar-bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər”.

Zahid Rza, “İki sahil”

Избранный
44
ikisahil.az

1Источники