İngiltərədə hazırlanmış yeni hesabat yaşlılıq dövründə yaranan sağlamlıq problemlərinin əsas səbəbinin fərdi həyat tərzi seçimləri olduğunu ortaya qoyub.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, “Daha Uzun, Daha Yaxşı Yaşamaq” adlı araşdırma çərçivəsində alimlər bildiriblər ki, yaşlılıqda müşahidə olunan xroniki xəstəliklərin və fiziki zəifləmənin ən azı 80 faizi insanların öz davranış və vərdişləri ilə əlaqəlidir.
Oksford Uzunömürlülük Layihəsi çərçivəsində yayımlanan hesabatda qeyd olunur ki, insanların ömür uzunluğu və yaşlılıq sağlamlığı üzərində təsiri düşünüldüyündən daha böyükdür. Araşdırma müəllifləri hesab edirlər ki, bu göstərici əslində 90 faizə qədər yüksələ bilər.
Hesabatda sağlam yaşlanma üçün bir sıra tövsiyələr də yer alıb. Mütəxəssislər emal olunmuş qidalardan uzaq durmağı, yuxu rejiminə diqqət yetirməyi, axşam saat 18:30-dan sonra yemək yeməməyi və ət istehlakını azaltmağı məsləhət görüblər. Alkoqolun zərərli maddə olduğu vurğulanaraq, onun istifadəsinə qarşı siqaret məhsullarında olduğu kimi daha sərt hüquqi məhdudiyyətlərin tətbiqi təklif olunub.
Araşdırmanın nəticələri elm dünyasında birmənalı qarşılanmayıb. Harvard və Edinburq universitetlərinin alimləri hesabatdakı faiz göstəricilərinin insan biologiyası və sosial reallıqları həddindən artıq sadələşdirdiyini bildiriblər.
Tənqidçilər hesab edir ki, yoxsulluq, ətraf mühitin çirklənməsi, sağlam qidaya çıxış imkanları və əmək şəraiti kimi amillər insanların sağlamlığına ciddi təsir göstərir və bunlar fərdin tam nəzarətində deyil. Onların fikrincə, məsuliyyətin yalnız insanların üzərinə qoyulması dövlət və şirkətlərin rolunu kölgədə qoya bilər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта